Minsk qrupunun həmsədrləri Bakıdadır

Təmas xəttindəki hərbçilərlə çoxsaylı məsələlər müzakirə edilib



ATƏT-in Minsk Qrupunun həmsədrləri dünən Tərtər rayonunda qoşunların təmas xəttində ATƏT-in monitorinqi zamanı cəbhə xəttini keçərək Bakıya gəlib. Həmsədrlər bundan öncə Yerevan və Dağlıq Qarabağda olub.
Amerikanın Bakıdakı səfirliyindən Amerikanın Səsinə bildiriblər ki, amerikalı həmsədr Ceyms Uorlik başqa həmsədrlərlə birgə dünən Azərbaycanın dövlət rəsmiləri ilə görüşüb. Amerikalı həmsədr mayın 20-də Bakını tərk edəcək.
Azərbaycanın rəsmi qurumları Minsk qrupunun həmsədrlərinin kimlərlə görüşdüyü barədə rəsmi məlumat yaymayıb.
Qeyd edək ki, nümayəndə heyəti ilə birlikdə Minsk Qrupunun Fransalı yeni həmsədri Pyer Andio da gəlib. O, bu vəzifədə Jak Foru əvəz edəcək.
APA agentliyinin məlumatına görə isə mayın 19-da Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinq zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəyə keçəndən sonra ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib ki, səfərlərində əsas diqqət Laçın və Kəlbəcər rayonlarına baş çəkməyə yönəlib.
İ. Popov bildirib ki, bütün rayonları hələ görməyən amerikalı həmsədr də bu səfərdə iştirak edib. "Biz yerli administrasiya nümayəndəliyi və rəhbərliyi ilə söhbətlər apardıq. Təmas xəttindəki hərbçilərlə də çoxsaylı məsələlər müzakirə edildi. Təmas xəttini keçmək qarşımızda duran əsas vəzifələrdən biri idi”.
Fransalı sabiq həmsədr Jak For isə 3 il ərzində ATƏT-in Minsk qrupunda həmsədrlik etdiyini xatırladıb. "Mən bu məsələ ilə çox yaxından məşğul olmuşam. Nəinki bizim komandanın, o cümlədən bizim ölkənin, prezidentimizin siyasəti bundan ibarətdir ki, münaqişənin həlli üçün tərəflərə əlimizdən gələn köməkliyi etməliyik. Missiyamın sonunda hər kəsə uğur və sülh arzulayıram”.