ABŞ çağırışının üstündə duracaqmı?

Azərbaycanın işğal olunmuş 7 rayonu qaytarılmalıdır





Amerika Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində öz mövqeyini bəyanlayıb. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Karneqi Mərkəzində verdiyi bəyanatın çox önəmli olduğunu vurğulayıb.

Səfirin fikrincə, bəyanatda səsləndirilən fikirlər ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini çox doğru şəkildə əks etdirir. Bəyanatın əsas məqsədi həm Azərbaycan, həm Ermənistan tərəfini münaqişənin birdəfəlik dinc yolla həll edilməsi üçün zəruri addımlar atmağa çağırmaq, həvəsləndirməkdir. Səfir deyib ki, burada münaqişənin nizamlanmasına nail olmaq üçün

gərəkli 6 prinsip öz əksini tapıb: "Dağlıq Qarabağ ətrafında işğal altında olan 7 rayon Azərbaycana qaytarılmalıdır”.

ABŞ-ın mövqeyi fonunda danışıqlar prosesinin bundan sonra hansı yönə istiqamətlənəcəyinə gəldikdə isə "Şərq- Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə, münaqişənin nizamlanmasının yeni inkişaf mərhələsinə qədəm-qoyub qoymayacağı Dağlıq Qarabağa veriləcək statusdan asılı olacaq: "Əgər işğal olunmuş 7 ətraf rayonun qaytarılması fonunda Azərbaycan Dağlıq Qarabağın geniş statusunu tanımalıdırsa, burada təhlükəli, qorxulu heç nə yoxdur. Yox, əgər ABŞ 7 rayonun qaytarılmasının əvəzində Dağlıq Qarabağın müstəqil dövlət olmaq və ya milli müqəddəratını özü həll etmək hüququnu tanımağı təklif edərsə, bu bizim üçün qəbulolunmazdır. Hətta birmənalı olaraq, bu, Dağlıq Qarabağdan imtina etməkdir”.

İndiki mərhələdə Amerika siyasətinin Azərbaycanın tərəfində olduğunu vurğulayan politoloqun sözlərinə görə, bununla belə Azərbaycan hakimiyyətində ABŞ-la münasibətləri korlamaq istəyən yüksək dövlət rəsmiləri var ki, onların bəyanatları məhz buna hesablanıb. Xüsusən də, Rusiyanın "beşinci kolon”unda olanlar: "ABŞ-ın hər bəyanatı göstərir ki, onların bölgə ilə bağlı yeritdiyi siyasət bizim xeyrimizədir. Amma ABŞ-Azərbaycan münasibətlərinə ciddi-cəhdlə mane olmaq istəyən qüvvələr var ki, faktiki olaraq, onların fəaliyyəti Azərbaycanın milli təhlükəsizliyi və ərazi bütövlüyü üçün çox ciddi təhdidə çevrilib”.

Danışıqlar prosesində hər zaman Ermənistanın mövqeyini müdafiə edən Rusiyanın ABŞ-ın Azərbaycana yönəlik təkliflərinə hansı reaksiyanı verəcəyinə gəldikdə isə Ə.Oruclu hesab edir ki, artıq Rusiya əvvəlki kimi danışıqları pozmaq iqtidarında deyil: "Rusiyanın əngəl imkanları həmişə var. Bu birmənalıdır. Amma maraqlıdır ki, Rusiya hər şeyi əngəlləyə-əngəlləyə hara qədər gedəcək? Rusiya burdan Gürcüstanın, ordan Ukraynanın, o biri tərəfdən də Moldovanın xarici siyasətinə maneələr törədir. Hər şeyin bir sonu olmalıdır, ya yox. Əslində hazırkı mərhələdə artıq Rusiya tükənmə mərhələsindədir. Bunun da səbəbi, məhz yeritdiyi əngəlləmə siyasətidir”.

Politoloq Qabil Hüseynli isə deyib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonun dəyişdirilməsi istiqamətində müəyyən təkidlər edildiyinin şahidi olmaqdayıq. ABŞ tərəfi bu məsələ ilə bağlı bəyanat verərək mövqeyini açıqladı və Dağlıq Qarabağdan kənardakı 7 rayonun Azərbaycana qaytarılmalı olduğunu bildirdi. Azərbaycanda Minsk Qrupunun həmsədrləri, xüsusilə ABŞ tərəfi 7 rayonun azad edilməsi məsələsini mütləq müzakirə obyektinə çevirməyə çalışacaq. Eyni zamanda, qondarma Dağlıq Qarabağ "respublikası”na keçici statusun verilməsini gündəmə gətirəcək. Ekspertin sözlərinə görə, bu cür açıqlamalar mühüm əhəmiyyətə malikdir. Məsələlərin "Madrid prinsipləri”ndə də öz əksini tapdığını bildirən politoloq indiki proseslər nəticəsində bunun daha da aktuallaşdığını qeyd edib.

Onun fikrincə, Bakıda 7 rayonun geri qaytarılması və Laçın dəhlizi üzərində Azərbaycan hakimiyyətinin nəzarətinin bərqərar edilməsi şərti ilə Dağlıq Qarabağa keçici statusun verilməsi məsələsi müzakirə oluna bilər: "Azərbaycanın işğal altındakı rayonlarında Suriyadan gələn ermənilər məskunlaşdırılır. Bütün bunları nəzərə alaraq söyləmək mümkündür ki, həmsədrlərin üzərinə çox böyük vəzifələr düşür. Həmsədrlər, sadəcə vasitəçilik missiyası yerinə yetirməklə proseslərin axara düşəcəklərinə əmin ola bilməzlər. Onlar işğalçı dövlət Ermənistandan nəyisə tələb etməyi də bacarmalıdırlar”.

Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli bəyanatlar səsləndirdiyini xatırladan Q.Hüseynli sonradan onun mövqeyində dəyişiklik olduğunu bildirib. Analitik hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağa dair müəyyən korrektələri Uorlikə də təsirsiz ötüşməyib: "Bundan sonra ABŞ 7 rayonun qaytarılmasını tələb etdi və bu, Ermənistanda panik bir əhval-ruhiyyə yaratdı. Minsk Qrupunun digər həmsədr ölkəsi Fransada Qarabağ problemində müəyyən tərəddüdlər var. Amma buna baxmayaraq o da bölgədə mövcud vəziyyətin dəyişməsində və sülhün yaranmasında maraqlıdır. Digər həmsədr dövlət Rusiyanın isə mövqeyində dəyişiklik edilməsi ilə bağlı Azərbaycan tərəfi müəyyən diplomatik danışıqlar aparır. Ancaq Rusiya və ermənilərin əhval-ruhiyyəsini tam dəyişdirmək və bu dəyişikliklər zəminində sülhyaratma prosesinə vüsət vermək zamanı hələ yetişməyib. Lakin bu prosesin faydalılıq əmsalını artırmaq üçün ilkin iqtisadi, siyasi şərtlər var”.

Politoloq Vəfa Quluzadə isə bildirib ki, münaqişə o zaman həll oluna bilər ki, bu, Amerika siyasətinin prioriteti olsun. Amerika, NATO hər zaman Rusiyadan qat-qat güclüdür: "Çox adam Krıma görə Putinə "bərəkallah” deyir. Amma elə deyil. Ukrayna hər zaman Rusiyanın cibi olub. Rusiya görür ki, Ukrayna tamamilə əldən gedir, başlayır orada təxribat aparmağa. Sözsüz ki, buna görə də Rusiya cəzalandırılır və daha sərt cəzalandırılacaq.

Şəxsən mən bu təkliflərlə razıyam. 7 rayonumuz qaytarılsın, Azərbaycanla Ermənistan arasında normal diplomatik, iqtisadi əlaqələr qurulsun, Türkiyə ilə sərhədlər açılsın, Ermənistanla əlaqələr güclənsin. Region normallaşandan sonra gələcəkdə Dağlıq Qarabağ danışıqlar yolu ilə statusunu müəyyən edər. Bunu hələ 1996-cı ildə Levon Ter Petrosyan təklif edib. Ona görə də işdən qovulub. Biz 1999-cu ildə buna razılıq verdik. Onda da Ermənistanda parlamentarilər güllələndi. Bu da o deməkdir ki, Rusiyanın bu həll planına razılığı yoxdur. Moskva məsələnin gündəmdən çıxmasını da istəmir. Çalışır ki, "nə hərb, nə sülh” vəziyyəti qalsın”.

Şəymən