Azərbaycandan qanunsuz köçən vətəndaşlar məcburi qaytarılacaq

“Aİ-yə daxil olan dövlətlərdə qanunsuz yaşayan miqrant ölkəsinə qaytarılan zaman onun deportasiya ilə bağlı xərclərini hökumət üzərinə götürməlidir”




Azərbaycan Avropa İttifaqı qarşısında AB ölkələrinə qanunsuz köçən vətəndaşlarının geri qaytarılmasına dair yeni öhdəliklər götürür. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin geri qaytarılması (readmissiyası) haqqında” sazişdə əksini tapıb.

Qanuna görə Avropa İttifaqına üzv dövlətin müraciəti əsasında rəsmiyyətçiliyə yol vermədən, üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərə əməl etməyən bütün şəxslər readmissiya olunacaq. Komitə sədri Ə.Hüseynli söyləyib ki, məsələ Xarici İşlər Nazirliyi ilə birgə müzakirə olunacaq və saziş plenar iclasda müzakirəyə çıxarılarkən bu məsələ ilə bağlı konkret fikir təqdim olunacaq. Komitə sazişi təsdiqləyərək plenar iclasa tövsiyə edib.

Miqrasiya üzrə ekspert Azər Allahverənov "Şərq”ə açıqlamasında yeni sazişi bu cür izah edib: "Aİ daxil olan dövlətlərin ərazisində 50 minə qədər qanunsuz yaşayan Azərbaycandan olan miqrant var. Həmin şəxslər Avropaya gedib sığınacaq almaq istəyənlərdir. Onların heç birinə məhkəmə yolu ilə sığınacaq verilməyib. Həmin insanlar qarşısında ölkəni tərk etmək məsələsi qoyulub. Aİ ölkələrində hüquq-mühafizə orqanları reydlər keçirirlər. Qanunsuz yaşayanlar aşkarlanır və məcburi deportasiya olunur”.

Ekspert onu da əlavə edib ki, Aİ-yə daxil olan dövlətlərdə qanunsuz yaşayan miqrant ölkəsinə qaytarılan zaman onun deportasiya ilə bağlı xərclərini hökumət üzərinə götürməlidir: "Bu da həmin miqrantların geri qaytarılması kimi dəyərləndirilir”.

Ayyət Əhməd