“ABŞ Azərbaycanı anti-Rusiya siyasətinə qoşmağa çalışır”

Zahid Oruc: “Məqsəd isə Azərbaycanı Gürcüstan və Ukraynanın düşdüyü çıxılmaz vəziyyətə salmaqdır”



"ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bizə dərs keçə bilməz. Onun "Azadlıq” radiosuna verdiyi müsahibə Azərbaycanın daxili işlərinə müdaxilədir”. Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Aparat rəsmisi bildirib ki, nəinki ABŞ, ümumiyyətlə, heç bir dövlətin səfirinin bu tərzdə danışmaq hüququ yoxdur:

"Azərbaycan üçün belə bir mövqe qəbuledilməzdir. Eyni zamanda ölkənin daxili işlərinə müdaxilə səfirlərin beynəlxalq aləmdə qəbul edilmiş missiyasına uyğun deyil. Bu addım diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının maddələrinin kobud şəkildə pozulması deməkdir”. Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri R.Morninqstar ötən gün "Azadlıq” radiosuna verdiyi müsahibədə bir sıra məqamlara toxunaraq qərəzli mövqedən çıxış edib. Səfirin dövlətimizə ünvanladığı əsassız ittihamlar rəsmi dairələrin ciddi etirazına səbəb olub. Bu barədə "Şərq”in suallarını cavablandıran Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib ki, bir müddət keçəndən sonra ABŞ səfiri fikirlərində yanlışlığa yol verdiyini anlayaraq dediklərini təkzib edəcək.

- ABŞ səfiri R.Morninqstarın "Azadlıq” radiosuna verdiyi müsahibədə Azərbaycan hökumətinin ünvanına səsləndirdiyi qərəzli fikirlərə münasibətiniz necədir?

- "Pilləkəndə hazırcavablıq” deyilən bir fransız termini var. Çox güman ki, səfir qeyri-hazırcavablıq şəraitində verdiyi müsahibənin mahiyyətini dərk etdikdən sonra növbəti müsahibələrində əvvəlki fikirlərini inkar edəcək. Fikrimcə, səfir tribunaya uyğun fikirlər səsləndirib. Yəni "Azadlıq” radiosuna müsahibə verən Morninqstar nəzərə alıb ki, müəyyən qüvvələr tərəfindən maliyyələşən bu elektron media orqanı kifayət qədər anti-hökumət mövqeyi tutur. Ona görə də, auditoriyaya uyğun danışıb. Əgər Morninqstar hər hansı hakimiyyətyönlü media orqanına çağırılsaydı, yəqin ki, səfir radioda dediklərinin əksinə olaraq Azərbaycanın dinamik inkişafından, dövlətin seçdiyi siyasi kursun düzgünlüyündən və s. danışacaqdı. Ancaq məsələ burasındadır ki, səfirin şəraitə uyğun davranması diplomatiyaya uyğun gəlmir. Azərbaycandakı məmur sistemi içərisində çox böyük qruplaşmanın olmasını və hakimiyyətin monolitliyini ifadə edən, daha çox fantaziya xarakterli cümlələri səfirin dili ilə gündəmə gətirmək son dərəcə yanlışdır. Hesab edirəm ki, bu məsələ ilə bağlı Azərbaycan dövlət rəsmilərinin mövqeyi və kəskin reaksiyaları haqlıdır.

- Sizcə, səfirin aqressiv mövqeyi nə ilə bağlıdır? Yəni belə bir müsahibənin gündəmə gəlməsində məqsəd nədir?

- Rusiya-Ukrayna arasındakı savaşın dərinləşdiyi və münaqişənin beynəlxalq səviyyəyə qalxdığı bir dönəmdə Qərbin Qafqazda, o cümlədən Azərbaycanda fəallaşdığı açıq şəkildə özünə büruzə verir. Bu fəallıq iki istiqamətdə özünü göstərir. Bir tərəfdən, guya, ABŞ Dağlıq Qarabağ probleminin həllinə həssaslıq göstərir və bunu müəyyən təklifləri ilə gündəmə gətirir. İşğala məruz qalan Qarabağətrafı yeddi rayonun qaytarılması məsələsi də sırf bu məqsədlə ortaya atılıb. ABŞ-ın Azərbaycanla bağlı digər fəallığı isə hökuməti tənqid etməklə bağlıdır. Bunun da səbəbi odur ki, ABŞ Azərbaycanı anti-Rusiya siyasətinə qoşmağa çalışır. Məqsəd isə Azərbaycanı Gürcüstan və Ukraynanın düşdüyü çıxılmaz vəziyyətə salmaqdır. Əslində ABŞ-ın məqsədi bizim kimi postsovet ölkələrini rus tankının tırtılları altında əzdirməkdir. Qərb dövlətləri keçmiş sovet ölkələrini Kremlə əzdirməklə məşğuldular. Konkret olaraq rəsmi Vaşinqton Azərbaycanın Rusiya ilə əməkdaşlıq etməsini istəmir. Buna görə də, "demokratiya damarını” şişirdərək Azərbaycandakı "problemləri” görməyə başlayır.

- Səfirin Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması ilə bağlı söylədikləri fikirləri necə şərh edirsiz?

- Məsələ burasındadır ki, Azərbaycan iqtidarı Ukraynadakı bütün hadisələri tanıya bilməz. Çünki bu mövqe meydanlarda bəlli yollarla, yəni müəyyən gizli vəsaitlərlə, kriminal ünsürlərin köməkliyi ilə hakimiyyətin devrilməsini tanımaq deməkdir. Əslində Qərbin inqilabi texnologiyası bu vasitələrdən ibarətdir. Təbii olaraq Azərbaycan bu məsələyə xeyli ehtiyatlı yanaşır. Çünki bizim üçün ən önəmli meyar ölkələrin ərazi bütövlüyüdür. Həmçinin, ölkədaxili siyasətin qiymətləndirilməsində hökumətin öz dəsti-xətti var. Ancaq ABŞ istəyir ki, Azərbaycan Ukraynada demokratik və qanuni hakimiyyətin bərqərar olduğunu desin və Rusiyanın Ukrayna xalqına zülm etdiyini söyləsin. Axı gerçəklikdə bu belə deyil. Necə olur ki, NATO-nun tankları Ukraynaya daxil olanda bu vəziyyət həmin qurumun Şərqə doğru genişlənməsi kimi dəyərləndirilir. Amma rus tanklarının Ukraynaya girməsi işğal kimi qiymətləndirilir. Əgər hər iki qüvvə qanunsuz müdaxilə edirsə, deməli, bunların ikisi də işğal adlandırılmalıdır. Birtərəfli məntiq qəbuledilməzdir. Ona görə, düşünürəm ki, səfirin bu bənzətməsi son dərəcə yarıtmaz və avantüristdir.

- Morninqstarın toxunduğu həssas məqamlardan biri də Azərbaycanın Rusiya ilə yanaşı, İranla olan münasibətləridir. Səfirin bu barədə dediklərində qərəz varmı?

- Səfirin bu məsələdəki qərəzli mövqeyi açıq hiss olunur. Buna şübhə etmirəm. ABŞ illərlə çalışıb ki, Azərbaycanı Rusiya və İran əleyhinə yönləndirsin. Əlbəttə, biz də etiraf edirik ki, adıçəkilən hər iki qonşu dövlət zaman-zaman Azərbaycana haqsız təzyiqlər ediblər. Rusiya və İran da ABŞ kimi Azərbaycanın daxili işlərinə qarışıblar. Ancaq daha çox hallarda Avropa dairələri Azərbaycanı İran əleyhinə platformaya çevirmək istəyiblər. Qərb bizim ölkəni Rusiya və İrana qarşı bir "silah anbarına” döndərməyə cəhd edib. Təbii ki, Azərbaycan hakimiyyəti qətiyyətlə bu istəklərə qarşı çıxıb və bundan sonra da çıxacaq. Ancaq çox təəssüf ki, Qərb diplomatları Azərbaycan-İran və Azərbaycan-Rusiya əlaqələrinin yaxşılaşmasının elə Qərbin özü üçün xeyirli olduğunu anlamırlar.

- Müsahibədə insan haqları və demokratiya ilə bağlı məsələlərə də toxunulur. Guya, Azərbaycanda bunların heç biri qorunmur...

- Səfir ayrı-ayrı həbsləri qabardaraq iddia edir ki, guya, demokratiya və insan haqları məsələsində Azərbaycan hakimiyyəti ilə danışıqlar baş tutmur. Ölkəmiz üzünü qərb siyasətinə qarşı çevirir və s. Bu kimi fikirlər onu göstərir ki, ABŞ Azərbaycanda demokratiyanı özlərinin məqbul saydığı insanlarla bərabər tutur. Əgər həmin şəxslərin içində Xədicə İsmayıl yoxdursa, deməli, bütövlükdə Azərbaycan ictimaiyyətində azadlıqlar da yoxdur. Xədicə İsmayıl ABŞ üçün demokratiya etalonudur. Əslində Azərbaycanın neft quyularına "səlib yürüşü” elan edən ABŞ üçün bölgənin suverenliyi, burada yaşayan insanların haqq və hüquqları 4-cü, 5-ci dərəcəli məsələlərdir. Əlbəttə, biz heç bir halda iddialılıq nümayiş etdirmirik. Ancaq düşünürük ki, Azərbaycanda yaşayan insanların haqları pozulmur. İctimai həyatın içində olanlar bunu yaxşı bilirlər. Əgər bir dövlət köçkünə ev tikib verirsə, şəhid ailəsinin dolanması üçün xeyli imkanlar yaradırsa, humanitar fəlakət yaşayan insanların ehtiyaclarını tam şəkildə ödəyirsə, belə bir ölkədə haqq pozuntusundan danışmaq vicdansızlıqdır. Təəssüf olsun ki, ABŞ digər ölkələrdəki insan haqları məsələsindən öz haqlarını təmin etmək üçün sui-istifadə edir.

- ABŞ səfirinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səsləndirdiyi fikirlər haqqında nə deyə bilərsiniz? Axı bizi ittiham edən səfirin təmsil etdiyi dövlət münaqişənin həlli istiqamətində bugünə kimi heç bir tutarlı addım atmayıb...

- Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gündəmə gətirilən 6 prinsip məsələsi Azərbaycan tərəfinin etirazlarını bir qədər neytrallaşdırmaq üçündür. Eyni zamanda ABŞ çalışır ki, nəyin bahasına olursa-olsun, Qafqazda Rusiyanın qarşısını alsın. Bu baxımdan problemin həllində dinamizm nümayiş etdirir. Ancaq əminliklə deyirəm ki, ABŞ dövləti Dağlıq Qarabağ məsələsinin həllində sıfırdır. Çünki yalnız vərəqələrlə, bəyanatlarla münaqişənin həllinə nail olmaq, torpaqları azad etmək mümkün deyil. Necə olur ki, Ukraynanın haqlarının müdafiəsində hər gün kəskin bəyanatlar verən Qərb, xüsusilə də ABŞ Qarabağın işğalı məsələsində susqunluq nümayiş etdirir. Bu bir daha göstərir ki, ABŞ Qarabağ münaqişəsinin həllində maraqlı deyil.

İsmayıl