28 Mayda böyük əfv gözlənilir

Yüzlərlə ailənin sevinəcəyinə hüquq müdafiəçiləri də inanır




Azərbaycanda 28 May - Respublika günü ərəfəsində böyük əfvin olacağı gözlənilir. Hətta, bununla əlaqədar Əfv Komissiyasının bir neçə dəfə toplandığı, müzakirələr apardığı bildirilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də açıqlamasında Əfv fərmanının gözlənildiyini bildirib. Deputat qeyd edib ki, Əfv Komissiyası artıq bununla bağlı bir neçə iclasını keçirib. Onun sözlərinə görə, bu ay ərzində, yəqin ki, 28 maya qədər əfv fərmanı veriləcək:

"Gözlənilir ki, cənab prezident humanistlik nümayiş etdirərək əfv fərmanı verəcək. Əfv fərmanının olub-olmayacağını prezidentdən başqa heç kim dəqiq bilmir, amma gözlənilir ki, bu ay əfv fərmanı imzalanacaq”. Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev isə əfv komissiyasının üzvü kimi heç vaxt açıqlama vermədiyini və bundan sonra da verməyəcəyini bildirib: "Amma onu deyə bilərəm ki, komissiya həmişə olduğu kimi, indi də öz işini davam etdirir. Bütün daxil olan müraciətlərə baxıb araşdırır”. O qeyd edib ki, əfvlə bağlı sərəncam ölkə başçısının səlahiyyətləri daxilindədir.

Hüquq müdafiəçiləri növbəti əfvlə bağlı son günlər müntəzəm açıqlamalar versə də, komissiya üzvləri rəsmi şəxs olduqlarından əsasnaməni pozaraq bəyanat verə bilməzlər. A.Quliyev bildirib ki, artıq uzun illərdir ki, əfv ənənəsi formalaşıb. "Ölkə başçısının məqsədi insanlara yenidən şans vermək, onları ailələrinə qovuşdurmaqdır. Əfv bu adamları yenidən normal həyata qaytarmaq şansı deməkdir”.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı da 28 May ərəfəsində Əfv fərmanının imzalanacağına ümid etdiyini bildirib: "Siyasi məhbus məsələsi Avropa Şurasını narahat etdiyi üçün əfv fərmanının olacağı mümkündür: "Bu ay biz əfv fərmanı gözləyirik. Bizim təxminimizlə mayın 28-də əfv fərmanı olmalıdır. Bununla bağlı artıq prezidentə monitorinq qrupu adından məktub də göndərmişik. Məktubda bizi, Avropa Şurasını narahat edən insanların adları var. Mayın 28-nə çox az vaxt qalıb. Gözləyirik, görək necə olacaq”. Fərmanın neçə nəfərə şamil olunacağına gəlincə isə hüquq müdafiəçisi deyib ki, bu barədə də dəqiq məlumat yoxdur: "Adətən son variant hazırlanır və cənab prezidentə təqdim olunur. Yüzlərlə müraciət var və onların hamısına bir-bir fərdi qaydada baxılır. Ona görə demək olmaz ki, 50 adam olacaq, yoxsa 100 adam. Amma hər halda gözlənilir ki, prezident əfv fərmanı imzalayacaq. Biz də onu həmişə olduğu kimi alqışlayacağıq”. S.Qocamanlının, həmçinin siyasi, vicdan məhbusları İlqar Məmmədov, Tofiq Yaqublu, NİDA-çı gənclər, AGT üzvü, jurnalistlər və digər məhbuslar azadlığa buraxılmalıdır və bu şəxslərin də adının əfvə düşməsi üçün siyahını prezidentə göndərdiklərini deyib.

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu açıqlamasında 28 Mayda əfv fərmanı imzalanacağına böyük ümid bəslədiyini bildirib: "Gözləyirik ki, 28 May ərəfəsində Əfv fərmanı olacaq. Hardasa, 90 faiz buna inamım var. Əfv fərmanının imzalanması cəmiyyətdə həmişə müsbət ab-hava yaradır. Hesab edirik ki, hazırda Azərbaycan cəmiyyətinin buna ehtiyacı var. Əfv fərmanının imzalanması cəmiyyətdə barışıq ovqatının yaranmasına xidmət edir”. Gözlənilən Əfv fərmanının kimlərə şamil ediləcəyinə gəlincə, N.Cəfəroğlu Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunda təmsil olunan qeyri-hökumət təşkilatlarının ölkə başçısına ünvanladığı müraciətdə "siyasi məhbus” hesab edilən şəxslərin adlarının olduğunu deyib: "Bizim siyahıda 29 nəfərə yaxın məhbusun adı var. Biz Prezidentə ünvanladığımız müraciətdə siyasi motivlərlə həbs olunduqları iddia edilən şəxslərin adlarını da yazmışıq. Yenə də ümid edirik ki, Əfv fərmanı imzalanacağı təqdirdə, bizim siyahıda adları olan şəxslərə də şamil ediləcək. Məsələn, məhkəmə Gülər Əhmədovanın azyaşlı uşağı olmasını, özünün qadın olduğunu nəzərə alaraq humanistlik göstərib onu şərti azadlığa buraxdı. Amma Rəşadət Axundovun da övladı dünyaya gəlib, heç üzünü görməyib. İlqar Məmmədovun, Tofiq Yaqublunun azyaşlı övladları var. Həmçinin, Pərviz Həşimlinin də. Biz bu insanlara da eyni humanizm mövqeyindən yanaşılmasını istəyirik. Ümid edirik ki, gözləntilərimiz özünü doğruldacaq”.

Şəymən