Borçalıdakı Suriya qaçqınları Azərbaycana keçə bilər

Zəlimxan Məmmədli: “Suriyalıları himayəmizə almalıyıq”



Suriyalı qaçqınlar Azərbaycan sərhədinə yığışıblar. Qaçqınların ərazilərimizə keçəcəyi ehtimal olunur. Qonşu Gürcüstanda onların yerləşdirilməsinə başlanıb. Ölkənin məcburi köçkün və qaçqınlar üzrə naziri David Daraxvelidze 2013-cü ildə Suriyadan ölkələrinə 700 nəfərdən çox qaçqının gəldiyini bildirib.

Onun sözlərinə görə, Gürcüstana qaçqın axını sürətlənib: "Bu il isə 300 nəfəri qəbul etmişik. Qaçqınlar üçün sığınacaqlar inşa etmək haqda qərar verilib. Martkopi rayonunda qaçqınlar üçün 60 yerimiz var. Onlara qaçqın statusunun verilməsi və sığınacaq ayrılması məsələləri müzakirə olunur”.

Qaçqınların bir hissəsinin Gürcüstandan Azərbaycana köçmə ehtimalı barədə "Şərq”in suallarını cavablandıran "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bunları deyib: "Bəşəri düşüncədə insan haqları adlı termin var. Həmin termin Allahın yaratdığı insanı tanıyır. Onun zülmdə olan bəndələrinə yardım etməyi beynəlxalq qurumların və hakimiyyətlərin üzərinə bir öhdəlik kimi qoyur”.

Cəmiyyət sədri Suriyada yaşananları XXI əsrin insanlıq faciəsi adlandırıb: "Orada hər kəs hər gün ölür. Diri qalsalar da, ölü kimidirlər. Suriya insanında başqa çalar axtarmaq deyil, o insanları himayə etmək lazımdı. Azərbaycan qatıldığı beynəlxalq konvensiyalarda müəyyən öhdəliklər götürüb. Bu məsuliyyəti də yerinə yetirmək şərəf borcumuzdur. Hazırda qardaş Türkiyədə on minlərlə suriyalı mövcuddur”.

Z.Məmmədlinin qənaətincə, "Azərbaycanda 1 milyondan artıq qaçqın var” anlayışı ilə onlara "yox” deyə bilmərik: "Suriyalıları himayəmizə almalıyıq. Bu məsələdə hansısa siyasi çalar axtarmağı yanlış sayıram”.

Ayyət Əhməd