Hələ 10 il də azdır...

Hüquq müdafiəçiləri zorlanmaya görə cəzaların sərtləşdirilməsini müsbət qarşılayırlar



Elçin Behbudov: "Belə bir əməl törətmiş adam bəri başdan bilməlidir ki, həbsxanada onun başına nələr gələcək”

Mehriban Zeynalova: "Zorlanma yalnız qızlara, qadınlara qarşı deyil, oğlanlara qarşı da baş verir”

Cinayət Məcəlləsinin 149.3 maddəsinə dəyişikliklər ediləcək. Hazırkı qanunvericilikdə şəxsin zorlanmaya məruz qalması müxtəlif hallar nəzərə alınmaqla 8 il azadlıqdan məhrumetmə ilə cəzalanırsa, dəyişiklik qəbul ediləcəyi təqdirdə cəzanın müddəti 10 ilə çatdırılacaq. Verilən məlumata görə, CM-nə təklif olunan dəyişikliklər Milli Məclisdə yaxın günlərdə müzakirəyə çıxarılacaq.

Hüquq müdafiəçiləri zorlanmaya görə, cəzaların sərtləşdirilməsini müsbət qarşılayırlar və əksəriyyət belə hesab edir ki, zorlanma ağır cinayət tərkibli əməllər sırasında olduğundan, cəzası da ağır olmalıdır.

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov "Şərq”ə açıqlamasında məlum dəyişikliyi alqışladığını dedi:

- Qadını, qızı, azyaşlı uşaqları zorlayanlara cəmiyyətdə ikrahla yanaşırlar. Həbsxanada da həmin adamlar üçün çox ağır olur. Həbsxana qanunları zorlanma hadisəsini qətiyyən qəbul etmir və belə bir əməl törətmiş adam bəri başdan bilməlidir ki, həbsxanada onun başına nələr gələcək. Hüquqi baxımdan da ağır cinayət əməllərinin cəzası da ağır olmalıdır. O cümlədən zorlanma əməlinə görə də. Azərbaycan mentaliteti zorlanma əməlini xüsusilə kəskin qarşılayır. Heç kim bu adamı müdafiə etmir. Şəxsən mən, hüquq müdafiəçisi olsam da, qadını, qızı zorlamış adamı və ya hamilə qadını öldürəni müdafiə etmərəm. Ona vəkillik etmərəm. Amma pul xatirinə bu cür adamlara da vəkillik edənlər, işə baxanlar tapılır. Zorlanmaya görə cəza ağır olmalıdır. Bəzən elə cinayətlər baş verir ki, hətta onu törədənə ölüm cəzası da istənilir. Amma Azərbaycanda ölüm hökmü ləğv edilib və hesab edirəm ki, bu, doğru qərardır. Çünki demokratik ölkədə ölüm hökmünün qüvvədə qalması mümkün deyil. Ölüm hökmündən danışılanda ABŞ-ı misal çəkirlər ki, bəs necə olur "demokratiyanın beşiyi” hesab edilən bir ölkədə ölüm hökmü var? Bu da, onların yanaşmasıdır. Ölüm hökmü cəzanın ən son həddidir və çox nadir, istisna hallarda tətbiq edilir. Ölüm cəzasından başqa ömürlük həbs cəzası da var, fikrimcə, bu, ən ağır cəza növüdür. Çünki müəyyən müddətə azadlıqdan məhrum edilənlər nə vaxtsa azadlığa çıxacaqları ümidi ilə yaşayırlar, ölüm hökmünə məhkum olmuş şəxsin isə heç bir ümidi olmur. Bundan ağır cəza ola bilməz. Ümumiyyətlə, Cinayət Məcəlləsində elə ağır maddələr var ki, cəzalar cinayətə adekvat deyil. Müxtəlif yüngülləşdirici hallar nəzərdə tutulur ki, vəkillər, məhkəmə heyəti bəzən bundan yararlanırlar. Nə bilim, əsəbiymiş, psixi pozğunluğu varmış, nə etdiyini anlamayıb, cinayəti törədərkən anlaqsız vəziyyətdə olub və s. Hazırda bir ölüm işinin istintaqı gedir. Ər arvadını qətlə yetirib. Deyirlər, kişi əsəbi olub, arvadını öldürüb. Axı bu adam uzun müddətdir həyat yoldaşını təhdid edirmiş ki, səni öldürəcəm. Bircə qətli yerinə yetirən zaman "əsəbi” oldu? Burada ölümlə hədələmə, təhdidetmə halları olub. Belə bir cinayət əməli 120.1 maddəsi ilə tövsiv olunur, onun da cəzası 7 ildən 10 ilə kimi azadlıqdan məhrumetmədir. 6 il, 8 il yatır, cəzasının çəkilməmiş hissəsindən azad edilir, 3-də 1, 3-də 2 ilə azadlığa çıxır. Cəzalar yüngül olmamalıdır. Cəzaların sərtliyi insanları cinayətlərdən çəkindirir. İnsan bilməlidir ki, hər hansı cinayət əməli törədərsə, qarşılıqlı cəzasını alacaq. O zaman hansısa əməli etməzdən əvvəl heç olmasa bir az düşünər. Elə cinayətlər var ki, orada sərtlik tələb olunur, zorlanma da belə əməllərdəndir.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da cəzaların sərtləşdirilməsinin tərəfdarıdır:

- Dünyanın əksər ölkələrində seksual təhrik, seksual zorakılıqla bağlı ayrıca qanunlar qəbul edilib. Həm də təkcə cinsi zorakılıq deyil, iş yerlərində qadınlara qarşı baş verən zorakılıqla bağlı da. Çox müsbət haldır ki, Azərbaycan Cinayət Məcəlləsində zorlanma ilə bağlı cəzaların sərtləşdirilməsi təklif olunur. Məlumdur ki, zorlanma yalnız qızlara, qadınlara qarşı deyil, oğlanlara qarşı da baş verir. Və bu əməllər cəmiyyətdə həmişə aqressiya ilə qarşılanır, bu əməlləri törədənlərə ən ağır cəzaların verilməsi tələb edilir. Çünki bizim cəmiyyətdə zorlanma bağışlanmaz əməldir. Amma hazırkı Cinayət Məcəlləsi maksimum 8 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur ki, bu da həmişə valideynlərin narazılığına səbəb olur. Bu da səbəbsiz deyil. Zorlanmaya məruz qalmış insanın gələcəyi məhv olur, şəxsiyyəti alçaldılır, özünü cəmiyyət üçün itirilmiş bir insan hesab edir. Bir insanın taleyinin, gələcəyinin məhv edilməsinin cəzası da ağır olmalıdır. Amma bir məsələ də var; cəzaların sərtləşdirilməsi o zaman lazımi effekti verəcək ki, məlumatlılığın artırılması və

məxfiliyin qorunması da həllini tapsın. Bəzən insanlar bildikləri bir faktı hüquq-mühafizə orqanlarına çatdırmaqdan çəkinirlər, məxfiliyin qorunmasından arxayın olmurlar. Nəticədə, baş vermiş cinayətlərin bir çoxu gizli qalır, cinayətkar cəzalanmır. Digər problem, zərərçəkmiş şəxsin valideynləri və bəzi hallarda da cəmiyyət tərəfindən təkrar zorakılığa məruz qalmasıdır. Hətta valideynlər də bəzən zorakılığa məruz qalanı daha çox qınayır, nəinki bu əməli edəni. Eləcə də cəmiyyətimiz, zorlanmaya məruz qalanlara inamsız yanaşır. Hesab edirəm ki, bu məsələlərin həllində rayon icra hakimiyyətləri nəzdindəki qəyyumlar şöbəsi aktiv fəaliyyət göstərməlidir. Hadisə baş verdikdə, mütəxəsssislər, sosial işçilər dövriyyəyə keçməli və lazımi tədbirləri görməlidirlər. Fikrimcə, cəzaların sərtləşməsi cinayətlərin sayının azalmasına xidmət edir, bu şərtlə ki, məlumatlılıq və məxfilik problemləri də həllini tapsın.

Məlahət Rzayeva