Azərbaycanlı əsirlərin Ermənistanda gizli saxlanması mümkün haldır

Aqil Abbas: “Onların harda olmasını beynəlxalq təşkilatlar gözəl bilir. Lakin ağızlarına su alıb oturublar”
Əvəz Həsənov: “Azərbaycan hökumətinin əlində dəqiq informasiyalar, faktlar varsa, təcili hərəkətə keçmək lazımdır”



Bu günlərdə Kəlbəcər rayonu ərazisində ermənilərin azərbaycanlı əsirləri saxladıqları və qızıl mədənində, digər ağır işlərdə qul kimi işlətdikləri barədə xəbər yayılıb. Məlumatda bədnam düşmənlərimizin soydaşlarımıza işgəncə verdikləri də bildirilib. Hətta işğal altında olan torpaqlarımıza səfər etmiş qonşu ölkələrdən birinin vətəndaşları əsir azərbaycanlıların işlədildiyi məkanı aşkarlayıb.

Sözügedən şəxslər təsadüfən Kəlbəcərdə olublar. Zod kəndi yaxınlığındakı əraziləri gəziblər. Həmin vaxt oradakı mədənlərdə işləyən, çəlimsiz, ac-yalavac, səfalət içərisində və səfil gündə xeyli sayda adam görüblər. Tikanlı məftillərlə əhatələnmiş ərazidə işgəncələrə məruz qalanların kimliyini soruşduqda isə heyrətə gəliblər. Onlara bələdçilik edən erməni deyib ki, Zod qızıl yataqları və digər mədənlərdə çalışanlar azərbaycanlı əsirlərdir. Qeyd edək ki, Qarabağ döyüşlərində 4 mindən artıq azərbaycanlının itkin düşməsini rəsmi qaynaqlar da təsdiqləyir. Amma işğalçı ölkə Ermənistanda azərbaycanlı əsirlərin mövcudluğunu istənilən vəchlə ört-basdır etməyə çalışır.

Xatırladaq ki, hələ bir müddət əvvəl də Gürcüstana turist kimi gəlmiş bir neçə əcnəbi Ermənistanda və Qarabağda xeyli sayda azərbaycanlı əsirlərin olduğu barədə məlumat verib. Lakin əsirlərin saxlanıldığı ünvanı deməkdən çəkiniblər.

Məsələ haqda beynəlxalq institutlara müraciət etməyin mənasız olduğunu deyən millət vəkili Aqil Abbas "Şərq”ə bildirib ki, problemi torpaqlarımızı işğaldan azad etməklə həll edə bilərik: "Beynəlxalq təşkilatların fəaliyyəti sıfırın altındadır. Onlar hansısa bir dövlətə təzyiq etmək üçün təşkil olunub. Ermənistanda azərbaycanlı əsirlər barədə hər bir ölkədə məlumat var. Əndişəmiz, fəryadımız və ah-naləmiz onların vecinə də deyil. Beynəlxalq qurumlar indiyə qədər bir iş görməyiblərsə, bundan belə hansısa pozitiv addım atmaları inandırıcı deyil”.

Xocalı soyqırımına diqqət çəkən deputat qeyd edib ki, sözügedən qətliamda da itkin düşənlər olub: "Bu adamlar haradadırlar? Onların harda olmasını beynəlxalq təşkilatlar gözəl bilir. Lakin ağızlarına su alıb oturublar. Qalaq-qalaq vədlərdən başqa bizə heç nə vermirlər”.

Dağlıq Qarabağ münaqişəsi zonasında İtkin Düşənlərin Axtarışı və Əsirlərin Azad Edilməsi üzrə Beynəlxalq İşçi Qrupunun sabiq həmsədri Əvəz Həsənov söyləyib ki, beynəlxalq təşkilatlardan gizli saxlanılan əsirlər olması mümkün haldır: "Bunu heç kim birmənalı təkzib edə bilməz. 4 min nəfər itkin siyahısında olanların müəyyən hissəsinin əsir düşdüyü və hələ də sağ qalanların olduğu ehtimalı var. Ona görə də Azərbaycan hökuməti axtarış işlərini sistemli aparmalıdır. Axtarışı ya özü etməlidir, ya beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirməlidir. ATƏT-in Minsk Qrupu Azərbaycan dövləti işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində gizli şəkildə əsirlərin saxlandığı barədə tez-tez yayılan informasiyaları da əsas götürərək axtarış aparmaq üçün beynəlxalq komissiya yaradılmasını tələb etmək hüququna malikdir. ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında da bu məsələni qaldırmaq lazımdır”.

Onun sözlərinə görə, azərbaycanlı əsirlərin gizli saxlanması ehtimalı olsa da, onların qızıl mədənində işlədilməsi inandırıcı deyil: "Qızıl mədəni ərazisi və yaxınlığı gediş-gəlişin sıx olduğu, xaricilərin də gedib-gəldiyi yerlərdən biridir. Belə bir yerdə beynəlxalq təşkilatlardan gizlədilmiş əsirləri saxlamazlar. İkincisi, ermənilər özləri işsizlikdən acınacaqlı durumdadırlar. İşsiz, ac-yalavac erməni əhalisi qızıl mədənində özləri işləmək üçün onların iş yerlərini tutan əsirlərin orada işlədilməsini aləmə car çəkərlər. Nəticədə əsir məsələsini gizli saxlamaq mümkün olmaz. Məncə, bu iddia ağlabatan deyil”.

Keçmiş həmsədr onu da əlavə edib ki, Azərbaycan hökumətinin əlində dəqiq informasiyalar, faktlar varsa, təcili hərəkətə keçmək lazımdır: "Azərbaycan hökuməti Qırmızı Xaç Komitəsinin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin qarşısında məsələ qaldırmalıdır. Tələb edilməlidir ki, haqqında söhbət gedən ərazilərdə beynəlxalq səviyyədə axtarış keçirilsin. Bizim beynəlxalq İşçi Qrupun fəaliyyəti zamanı gizlində əsirlərin saxlanıldığı barədə məlumatlar çox verilib. Qəribədir ki, illər öncə bizə çatdırılan məlumatlarda da ən çox Kəlbəcərdəki qızıl mədəninin adı çəkilirdi. Həmin əraziyə getmək istəsək də, ermənilər heç vaxt oraya buraxmırdılar. Ona görə də araşdırdığımız yerlər sırasında Kəlbəcərdəki qızıl mədəni ərazisi olmayıb. Azərbaycan dövləti Qızıl Xaç Komitəsinin və ATƏT-in Minsk Qrupundan tələb etməlidir ki, orada ciddi araşdırma aparılsın”.

Ayyət Əhməd