Körpələr tək qalanda: Ailənin faciəsi bir göz qırpımında baş verir






Kürdəmir rayonunda balacaların böyük faciəsi yaşandı. 4 yaşlı oğlan 3 yaşlı bacısı tərəfindən yandırılması nəticəsində həyatını itirdi. 4 yaşlı Radimin özündən 1 yaş kiçik bacısı Şərəf tərəfindən "oyun oynayarkən” kibritlə yandırılması həqiqətən də dəhşətdir. Təsəvvür etmək belə çətindir ki, həmin anda körpələr hansı hissləri keçirib, necə bir qorxu, dəhşət yaşayıblar.

Yadıma illər öncə, soyuducunun içində qalaraq boğulan balaca oğlan düşdü; küçədəki uşaqlarla gizlənqaç oynayan uşaq işləməyən soyuducunun içinə girib qapısını örtmüşdü ki, dostları onu tapa bilməsin. Dostları tapmamışdı. Anası tapmışdı - ölü halda.

Oxşar cocuq faciələri tez-tez yaşanır. Uşaqlar eyvandan aşır, pəncərədən yıxılır, isti çaydan üstlərinə tökülür, bəzən özləri qaynar suya "girir”, kibritlə əllərini yandırır, əllərini ətçəkən maşının içinə salır... Amma bütün bu bədbəxt hadisələrdə əsas günahkar valideyn və valideyn məsuliyyətsizliyi, səhlənkarlığı hesab edilir. Analardan "nə edim, uşağı ayağıma bağlayası deyiləm ki” səpkili özünümüdafiə ifadələri də eşidirik. Təbii, ana uşağı ayağına bağlamamalıdır. Amma anadan da, atadan da ilk növbədə tələb olunan diqqət və qayğıdır.

Psixoloq Samir Əhmədov "Şərq”ə açıqlamasında ailə quran gənclərin valideyn kimi hazırlıqsız olmasına diqqət çəkdi:

- Azərbaycanda il ərzində 100 ailə qurulursa, 120 ailə dağılır. Boşanmaların sayı kəskin artıb. Çünki ailələrin böyük əksəriyyəti ailə dəyərləri, milli xüsusiyyətlər, xalqımızın tarixən sahib olduğu ali dəyərlər üzərində yox, ya platonik sevgi, ya da maddi tələbat üzərində qurulur. Bunlar da təbii ki, ötəri həvəs, keçici istəklərdir. Onlar heç vaxt ailənin möhkəmliyinə xidmət edə bilməz. Evlənmə yaşı, rəsmi qaydada 20-21-i keçmir. Mən hələ qeyri-rəsmi nikahları, kəbinlə evlənmələri demirəm. Burada yaş həddi 15-16-ya düşüb. 21 yaşı keçmiş, amma ailə qurmamış qıza "əyri” baxırlar. Halbuki əvvəllər nikah yaşı qızlar üçün 22-25, oğlanlar üçünsə 25-dən sonra məqbul sayılırdı. Hesab edilirdi ki, oğlan kişiləşməli, sənət, peşə sahibi olmalı, ailəsini dolandıra biləcək səviyyəyə gəlib çatmalıdır. Qızlar üçün də erkən yaşda ailə qurmağa o qədər də müsbət baxılmırdı. Bir çox ailələr gələcək gəlinlərinin heç olmasa, ali məktəb bitirmiş olmasını arzulayırdı. Elmə, savada üstünlük verilirdi. Amma bu dəyərlər artıq itib, dağılıb. 15-16 yaşlı qız analıq məsuliyyətinin nə olduğunu hardan bilir ki, övlad böyütməyə də diqqətlə yanaşsın. Körpə uşaqları indi nənələr böyüdür. Gənc qızlar evdə olan qayınanaya, yaşca böyük baldızlara arxayınlaşıb körpə dünyaya gətirirlər. Oğlanlar da atasına, anasına bel bağlayır. Çatışmazlıq olsa, anam-atam həll edəcək, prinsipi ilə yaşayırlar. Özünə güvən, özünə etibar yoxdur. Belə səthi hisslərlə yaşayan insanlar ailə daxilində məsuliyyətini başa düşmür. Hansı vəzifəni daşıdığını da bilmir. Hazırda valideynlər o qədər gündəlik problemlərlə məşğuldurlar ki, uşağı da unudurlar. Ailə-məişət problemləri o qədər çoxalıb ki, uşağa lazımi diqqət göstərmirlər.

Ana mətbəxdə iş görür, diqqəti o qədər yayınır ki, uşağın ayağının altına stul qoyub şkafa dırmaşdığını görmür. Təbii ki, ana uşağı ayağına bağlayası deyil. Nə qədər diqqətli olsa da, yenə nələrsə gözündən yayına bilər. Buna görə də körpə olan mənzildə hər şey onun davranışlarına uyğunlaşdırılmalıdır. Maksimum təhlükəsizlik tədbirləri görülməlidir. Hamı bilir ki, uşaqlar dəcəl olur. Uşaq psixologiyası belədir ki, hər şeylə maraqlanır, hər şeyi bilmək, öyrənmək istəyir. Evdə olan hər bir əşya, ətçəkən maşın da, paltaryuyan maşın da onun maraq dairəsinə daxildir. Körpə olan evdə isə daha artıq nəzarət, ehtiyatlılıq olmalıdır. Böyük adamı qınamaq olar ki, niyə eyvanda, pəncərə önündə həddindən artıq aşağı əyilirdi ki, yıxılsın da. Uşaq barədə isə bunu deyə bilmərik. Çünki o, uşaqdır. Ana da hər an uşağa nəzarət edə bilməz. Bu, faktiki qeyri-mümkündür. Uşaq ani bir hərəkətlə faciə ilə üzləşə bilər. Ona görə də mənzildə profilaktik tədbirlər maksimum həddə olmalıdır. Pəncərələr, eyvan məhəccərlənməlidir. Buna icazə və ya imkan yoxdursa, pəncərə də, eyvanın qapısı da bağlı halda saxlanmalıdır. Mağazalarda üstü qapalı elektrik paylayıcıları ("razetka”lar) satılır. Körpə olan mənzildə bunlardan istifadə edilməlidir ki, uşağın barmağını ora salmaq ehtimalı sıfra bərabər olsun. Evdəki hər bir ehtiyatsızlıq, səhlənkarlıq uşağın faciəsi ilə bitə bilər. Kibrit qutularının üzərinə nə yazılır? "Uşaqlardan saxlayın”, "Uşaqların kibritlə oynamasına icazə verməyin”. Hər bir ana, ata bu yazını hər dəfə oxumalıdır! Kürdəmirdəki faciəli hadisənin birbaşa səbəbkarı valideynlər, evdə olan böyüklərdir. Uşaqlar diqqətdən kənar qalıb, kibritlə oynamağa başlayıb və belə bir dəhşətli faciə yaşanıb. Kibrit elə bir əlçatmaz yerə qoyulmalıdır ki, uşağın əli ora çatmasın. Eləcə də digər təhlükəli ola biləcək əşyalar. Bıçaq, qayçı, çəkic, mişar... tozsoran... Dərmanlar, şprislər. Dərmanların da üzərinə həmişə yazılır ki, uşaqlardan gizlədin. Uşaqdı, elə bilər ki, şirniyyatdı, saqqızdı, atar ağzına, udar. Zəhərlənər. Ümumiyyətlə, uşağa zərər verə biləcək, uşağın özünə zərər toxundura biləcəyi hər bir əşya uşaqdan kənar saxlanmalıdır. Məsuliyyətsiz davranan analar da var. Bəzən ailələrdə ət maşını, şirəçəkən maşını da gətirib uşağın qabağına qoyurlar ki, təki ağlamasın, oynasın. Bu, real təhlükədir. Bəzən mənzillərdə hamam otağının qapısı bərk bağlanır. O qədər belə hadisələr olub ki, uşaq hamama girib qapı ardınca çırpılıb bağlanıb. Yəni mənzildə hər şeyə diqqət edilməlidir. Hadisə qəfil baş verir, bir göz qırpımında. Sonra isə bu hadisə ailələrin bütün gələcək həyatını məhv edir. Bir məqama da diqqət edilməlidir ki, son illər valideynlər uşaqları evdə tərbiyə etməyə üstünlük verir. Uşaq bağçasına gedənlərin sayı azalıb. Burada uşaq bağçası çatışmazlığı problemi də var. Amma yenə də valideynlər çalışmalıdır ki, uşaq cəmiyyətlə təmasda daha çox olsun. Uşaq bağçasında olmaq, ya da parkda gəzmək uşaq üçün daha az təhlükəlidir, nəinki mənzildə qalmaq. Belə yerlərdə nəzarət daha böyük olur.

S.Əhmədov qəfil faciə ilə üzləşmiş valideynlərə psixoloq yardımından istifadə etməyi də məsləhət gördü:

- İş təcrübəmdə nə qədər belə valideynlər görmüşəm ki, faciələrdən sonra dərin stress keçiriblər. Buna post-travmatik stress deyilir. Belə hallarda uzun müddət insan özünə gələ bilmir. Stressi adlaya bilmir. Burda "oldu-keçdi” söhbəti yoxdur. Demək asandı. O faciəni, stressi yaşayan bilir. Belə faciələrin atladılmasında yaxın qohumların, böyüklərin məsləhəti, mənəvi dəstəyi də böyük rol oynayır. Eyni zamanda, qəfil faciə ilə üzləşənlər psixoloqa da müraciət etməli, bərpa prosesi keçməlidirlər. Möhkəm əsaslara söykənən ailələrdə bu cür faciələr daha asan və daha tez atladılır. Çox istərdim ki, orta məktəblərin 11-ci sinfində ailə dəyərləri tədris olunsun. Qadın necə olmalıdır, analıq nə deməkdir, övlad necə böyüdülməlidir kimi məsələlər şagirdlərə keçilsin. Əvvəllər biz gənclərin bu məsələləri böyüklərdən öyrənəcəyinə əmin idik. Amma son illər ailə institutu dağıldığından yeniyetmə və gənclərin baxıb nümunə götürəcəyi ailə modelləri çox az qalıb. Bu məsələdə biz işə yenidən başlamalıyıq.

Məlahət Rzayeva