Tərcümə Mərkəzinin strukturu təsdiqlənib

Afaq Məsud: “Bizə böyük etimad göstərilib”



Afaq Məsud qızı Vəliyeva Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamə və mərkəzin strukturu təsdiqlənib. Tərcümə Mərkəzi aparatının işçilərinin say həddi 50 ştat vahidi müəyyən edilib.

Tərcümə Mərkəzinin direktoru Afaq Vəliyeva "Şərq”ə danışarkən hələ 2012-ci ildə ölkə başçısının "Azərbaycanda dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında imzaladığı sərəncamda belə bir mərkəzin yaradılmasının nəzərdə tutulduğunu bildirib: "O sərəncamda Tərcümə Mərkəzinin yaradılması nəzərdə tutulmuşdu. Buna görə də biz öz təkliflərimizi layihələr şəklində təqdim etdik. Son ana qədər bu mərkəzin necə yaradılacağını və mərkəzin fəaliyyətinin yenidən bizə həvalə olunacağını bilmirdik. Bu bizim üçün gözlənilməz oldu. Bizə böyük etimad göstərilib. Çalışacağıq ki, bu etimadı doğruldaq”. A.Vəliyeva fikirlərinin sonunda Mərkəz tərəfindən tərcümə sahəsində yeniliklərin olacağını da bildirib.

Vüqar Şahinoğlu