SMS-lər insanları bezdirib

Mobil operator istifadəçilərinə arzuolunmaz reklam mesajlarının gəlməsi qanunla da qadağandır




Azərbaycanda mobil operatorların reklam SMS-ləri yəqin çoxlarınızı bezdirib. Mobil operatorlardan vətəndaşların mobil telefonuna gələn reklam xarakterli SMS-lər artıq ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanır.

Hətta bu məsələ bir müddət əvvəl parlamentdə də millət vəkilləri tərəfindən qaldırılıb. O zaman millət vəkili Elmira Axundova mobil operatorlardan onun telefonuna hər gün 20-dən çox "spam” reklam mətni gəldiyini bildirib: "Təkcə bir gün ərzində müxtəlif şirkətlərdən mesajlar gəlir. Hamısının da məqsədi insanları aldatmaq, mənasız oyunlara cəlb etməkdir. Bu mesajları açanda balansdan məbləğ silinir. Nəzərə alsaq ki, bir ailədə 5-6 mobil telefon var, büdcəyə kifayət qədər ziyan dəydiyini söyləmək olar”. Millət vəkili abunəçi istəyi olmadan ona hansısa reklam mesajının göndərilməsinin qadağan olunmasını təklif edib. MM-in sədri Oqtay Əsədov da millət vəkilinin bu iradları ilə razılaşdığını deyib. Spikerin sözlərinə görə, insanların arzusu olmadan telefonu SMS-lə doldururlar. O, bununla bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə müraciət edərək məsələnin araşdırılmasını tapşırmışdı.

İKT üzrə ekspert Osman Gündüz "Şərq”ə belə məsələlərin abunəçi ilə mobil operator arasında bağlanan müqavilə əsasında tənzimləndiyini söyləyib: "Bu da mobil operator istifadəçilərinə arzuolunmaz reklam mətnli mesajların gəlməsini qadağan edir. Yəni müqavilədə qeyd olunur ki, istifadəçilər müəyyən operatorların kampaniyalarına qoşulanda bununla bağlı onlara reklam xarakterli mesajlar göndərilə bilər”.

O.Gündüz, həmçinin bu cür müqavilələr bağlanan zaman istifadəçilərin şərtləri oxumadıqlarını bildirib: "Təəssüflər olsun ki, abunəçilər buna diqqət yetirmirlər. Digər tərəfdən, belə tipli mesajların gəlməsi barədə müqavilədə heç nə nəzərdə tutulmasa da, istifadəçiyə istənilməyən "spam” mesaj gəlir. Bu zaman məsuliyyəti operatorlar daşıyır. Çünki bunun SMS şəklində göndərilməsinə mobil operator özü şərait yaradır. Belə olan halda vətəndaşlar öz istehlakçı hüquqlarının qorunması ilə bağlı müvafiq qurumlara müraciət etməlidirlər”.

Ekspert reklam mesajlarının gecə saatlarda gəlməsinə də münasibət bildirib: "Belə şəxslər və ya şirkətlər öz vaxt qrafiklərinə uyğun olaraq spam reklam mesajlarını göndərirlər. Məsələn, bir şirkətin ofisi xarici ölkələrin birində yerləşir. Orada isə günorta vaxtıdır. Bununla yanaşı, abunəçi internet üzərindən "whats app” və digər xidmətlərlə əlaqəyə girərək müəyyən proqramları alırlar. İstifadəçi bu xidmətləri alan zaman orada həmin şirkətin ona reklam göndərə bilməsi ilə bağlı müəyyən müddəalar göstərilir. Burada sizin telefonunuzun yazılması xahiş olunubsa və telefonunuzu qeyd etmisinizsə, oradan sizin mobil telefonunuza informasiyalar gələ bilər. Ona görə də bu cür xidmətləri mobil telefon vasitəsilə alarkən və mobil operatorların kampaniyalarına qoşulub müqavilə bağlayarkən ehtiyatlı davranaraq müqaviləni oxumaq lazımdır”.

Vüqar Şahinoğlu