Laçın şəhərinin mərkəzində 200-ə yaxın erməni həmsədlərin maşınlarının qarşısını kəsib

Amerikalı həmsədr Laçında erməni etirazçılara qəti cavab verdi: “Ərazilər qaytarılmalıdır”



ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Azərbaycanın işğal altındakı Laçın rayonunda edilən hücumun yeni təfərrüatları məlum olub.
Həmsədrlər Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və İqor Popov (Rusiya) mayın 16-da və 17-də İrəvanda görüşlər keçirdikdən sonra Zod aşırımından keçərək ermənilərin çəkdikləri yeni yolla işğal altındakı Kəlbəcər rayonuna gəliblər.
Oradan həmsədrlərin maşın karvanı işğal altındakı Laçın rayonuna yola düşüb və burada vasitəçiləri separatçı "DQR” rejiminin təşkil etdiyi kütlə qarşılayıb.

Laçın şəhərinin mərkəzində 200-ə yaxın erməni həmsədlərin maşınlarının qarşısını kəsib və onların maşından düşməsini tələb ediblər. Toplaşanlar "Daşnaksütun” erməni inqilabi federasiyasının Qarabağ özəyinin gənclər təşkilatının üzvləri olublar.

Daşnakların hədəfi amerikalı həmsədr Ceyms Uorlik olub. Onlar C.Uorlikdən bir neçə gün əvvəl Vaşinqtondakı Karnegi Fondunda səsləndirdiyi sülh prinsiplərinə aydınlıq gətirilməsini tələb ediblər.

Xəbər verildiyi kimi, Ceyms Uorlikin açıqladığı sülh prinsiplərində Laçın rayonundan Dağlıq Qarabağın Ermənistanla birbaşa əlaqəsini təmin etmək üçün dəhliz ayrılmasını, ancaq rayonunun qalan hissəsinin Azərbaycana verilməsi də əksini tapmışdı. Uorlikin açıqladığı prinsiplərin xüsusən bu hissəsi erməniləri ciddi narahat edib. Belə ki, uzun illərdir danışıqlarda erməni tərəfi Laçının qaytarılması məsələsindən israrla imtina edir.

Avtomobildən düşən Ceyms Uorlik Laçının mərkəzində qanunsuz məskunlaşdırılmış erməni daşnaklarının hay-küyünü dinləyib. Daşnaklar onun hesabatını "antierməni” adlandırıblar, Uorlikə qarşı aqressiv davranıblar və onu "Azərbaycana işləməkdə” günahlandırıblar.

Amerikalı həmsədr isə erməniləri dinləyəndən sonra onlara qəti cavab verib. Diplomat bildirib ki, onun Vaşinqtonda açıqladığı sülh elementləri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə dair dövlət siyasətini əks etdirir.

Ermənilər həmsədrlərdən əl çəkməyiblər və onların aksiyası işğalçıların Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində yaratdıqları qondarma "Kaşataq rayonu”nun administrasiya binası qarşısında davam edib. Belə ki, həmsədrlər "Kaşataq rayonu başçısı” ilə qapalı görüş keçiriblər. Bundan sonra Xankəndinə gediblər və orada separatçı rejimin başçısı Bako Saakyanla görüşüblər. Sabah isə həmsədrlər Ağdərə-Tərtər istiqamətindən təmas xəttini keçərək Bakıya gələcəklər.

Amerikalı həmsədr İrəvanda olarkən "Şant” telekanalına müsahib də verib və ondan Vaşinqtonda açıqladığı sülh elementlərini soruşublar. Uorlik deyib ki, bu elementlər ABŞ-ın mövqeyini əks etdirir və həm Ermənistanda, həm Azərbaycanda müxtəlif aspektlərdən müzakirələrə səbəb olub.

C.Uorlik Karnegi Fondundakı çıxışında "işğal edilmiş ərazilər” ifadəsini işlətməsi ilə bağlı suala cavabında deyib ki, bundan əvvəl həmin ifadəni həmsədrlər də atəşkəsin 20 illiyi ilə bağlı bəyanatlarında işlədiblər.

"Hansı ifadənin işlədilməsinin əhəmiyyəti yoxdur. Bunu aydın şəkildə başa düşmək lazımdır ki, əgər Dağlıq Qarabağ ətrafındakı ərazilərlə bağlı nizamlama olsa o zaman ən mühüm vəzifələrdən biri bu ərazlərin Azərbaycanın nəzarətinə qaytarılmasıdır” — deyə C.Uorlik bildirib (virtualaz.org).