Ukraynada seçkini pozmaq mümkün olmayacaq

Xalq legitim prezidentini seçəcək və dünya da tanıyacaq



Ukraynada növbədənkənar prezident seçkilərinə bir həftədən az vaxt qalıb. Mayın 25-də baş tutacaq seçkilərin kampaniyasına başlanıb.
Marafona qatılacaq 23 namizəddən daha çox 4-nün, Maydan fəallarından biri və tanınmış biznesmen, "5-ci kanal”ın sahibi Pyotr Poroşenko, "Batkivşina” Parlament fraksiyasının lideri Arseni Yatsenyuk, "Azadlıq” ümumukrayna cəmiyyətinin lideri Oleq Tyaqnibokov və "Batkivşina” ümumukrayna cəmiyyətinin lideri, ölkənin keçmiş baş naziri Yuliya Timoşenkonun seçilmə ehtimalının böyük olduğu bildirilir. Əsas mübarizənin isə Y.Timoşenko və P.Poroşenko arasında olacağı gözlənilir. Seçkini şərh edən edən politoloq Natiq Miri "Şərq”ə bildirib ki, Ukraynada sabitliyin bərpa olunması üçün stabillik qorunmalıdır. Onun sözlərinə görə, ölkədə prezident seçkilərinin keçirilməsi zəruridir: "Seçkilər birinci turda başa çatarsa, bu, rəsmi Kiyevin adına böyük qələbə olacaq. Xalqın seçdiyi demokratik bir şəxsin hakimiyyətə gəlməsi və dövlət başçısı olması stabil hökumətin formalaşmasına gətirib çıxaracaq. Bu, bütün istiqamətlərdə gələcək islahatların aparılmasına rəvac verəcək. Dünyanın tanıdığı legitim hakimiyyət formalaşacaq ki, bundan sonra Ukraynaya müdaxilə edən olmayacaq”.

Ukraynanın Moskvanın əlindən çıxacağını deyən ekspert hesab edir ki, Rusiya şəffaf və demokratik seçki prosesini əngəlləmək istəyir: "Bu yöndə ciddi addımlar atır. Amma Kremlin cəhdləri nəticəsiz qalacaq. Qərb Ukraynaya ciddi dəstək verir”.

N.Mirinin qənaətincə, Ukraynada seçkini pozmaq mümkün olmayacaq: "Donetsk və Luqansk əyalətlərində müəyyən təxribatların törədilməsi mümkündür. Bu da seçkinin nəticələrinə təsir etməyəcək. Marafon baş tutacaq. Ukraynada normal prezident institutu oturuşacaq. Sonra yeni konstitutsiya qəbul olunacaq. Parlament seçkiləri keçiriləcək. Hazırda parlamentdə Yanukoviçin rəhbərlik etdiyi "Regionlar Partiyası”nın üzvləri çoxluq təşkil edir. Yeni parlament seçkiləri Ukraynasevər qüvvələri gücləndirəcək. Bu da güclü bir hökumətin qurulmasına səbəb olacaq.

Bunların kontekstində güclü, qüdrətli və möhkəm bir Ukrayna görürəm. Rəsmi Kiyevin güclənməsi Moskva təhlükəsi olan digər qonşu dövlətlərin hamısına müsbət təsir bağışlayacaq”.

Ayyət Əhməd