Gəldilər, gördülər...

Həmsədrlərin Laçın və Kəlbəcərdə olması yeni hadisədir



Regionda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan Kəlbəcər və Laçın rayonlarından sonra paytaxt Bakıda olublar. ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 16-19-da regiona etdikləri səfərə dair açıqlama yayıblar. Bəyanatda deyilir ki, səfərin məqsədi mandata uyğun olaraq Dağlıq Qarabağ, Kəlbəcər və Laçında durumu dəyərləndirmək olub.

Həmin ərazilərdə həmsədrlər infrastrukturda irəliləyiş əlamətləri görsələr də, son illərdə əhalinin sayında hansısa dəyişiklik müşahidə etməyiblər. Həmsədrlər "Sərsəng” su anbarına da baş çəkiblər, onun menecerləri ilə statusu və əməliyyatlarını müzakirə ediblər. Həmsədrlər ümidlərini bildiriblər ki, tərəflər regiona fayda vermək məqsədilə bu su ehtiyatlarından birgə istifadəyə dair razılıq əldə edəcəklər.

Həmsədrlərin Bakıya səfərini və onların regiona səfərinin, məhz işğal altında qalan ərazilərdən başlamasını şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər namizədi politoloq Elman Nəsirli isə həmsədrlərin budəfəki səfərinin əvvəlkilərdən bəzi məqamlar baxımından seçildiyini deyib. Onun sözlərinə görə, həmsədrlərin regiona səfər edərkən niyyətləri ondan ibarət olub ki, bu səfərlərin nəticəsi olaraq əvvəlcə xarici işlər nazirləri, sonra isə prezidentlər səviyyəsində görüş keçirilsin: "Həmsədrlər hər zaman qeyd edirlər ki, prezidentlər səviyyəsində aparılan danışıqlar həlledici danışıqlardır və yalnız bu danışıqlarla nəyəsə nail olmaq mümkündür. Amma budəfəki səfər eyni zamanda bir özəlliyə malikdir. Bu da ondan ibarətdir ki, həmsədrlər budəfəki səfər zamanı Dağlıq Qarabağda olublar. Eyni zamanda, diqqəti cəlb edən məqam ondan ibarətdir ki, həmsədrlər budəfəki səfər zamanı xüsusi olaraq Kəlbəcər və Laçında olacaqlarını da bildirmişdilər. Onların xüsusi olaraq Laçın və Kəlbəcəri seçmələri də təsadüfi deyil. Bu məsələdə təşəbbüskar qismində Azərbaycan çıxış edib. Azərbaycan tərəfinin istəyi ilə həmsədrlər sözügedən rayonlarda da olacaqlar. Səbəb isə onunla bağlıdır ki, Ermənistan tərəfi Suriyadakı məlum hadisələrlə bağlı oradakı erməni mənşəli qaçqınların Kəlbəcərdə, Laçında və digər rayonlarda yerləşdirilməsi aksiyasını həyata keçirib. Azərbaycan tərəfi də bəyan edir ki, bu, qeyri-qanuni məskunlaşma siyasətidir, beynəlxalq hüquq prinsiplərinə və ATƏT-in əlində əsas tutduğu prinsiplərə tamamilə ziddir. Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupu bir neçə dəfə faktaraşdırıcı missiya təşkil edib regiona göndərib. Bu dəfə də həmsədrlər Laçın və Kəlbəcərdə olaraq Azərbaycanın qaldırdığı bu məsələnin nə dərəcədə dəqiq olub-olmadığına aydınlıq gətirməlidirlər. Amma Azərbaycan tərəfi istənilən halda bu və digər mövqeni ortaya qoyarkən illüziyalara deyil, real faktlara və arqumentlərə söykənir. Hesab edirəm ki, həmsədrlərin Bakı, Yerevan və Xankəndi ilə yanaşı, Laçın və Kəlbəcərə səfər etmələri yeni hadisədir. Bu hadisə Ermənistanın işğalçılıq siyasətinin növbəti məqamlarını, yeni-yeni tərəflərini üzə çıxarmaq baxımından vacib məsələdir”. E.Nəsirlinin sözlərinə görə, Ermənistan danışıqlar prosesində gərginlik yaratmaq üçün həmişə bu cür süni məsələləri gündəmə gətirməyə çalışır: "İndi də Ermənistan qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməklə danışıqlar prosesini pozmağa çalışır. Onlar bilirlər ki, qeyri-qanuni məskunlaşma Azərbaycanda mənfi reaksiya ilə qarşılaşacaq, bunun nəticəsi olaraq danışıqlar prosesi pozulacaq və növbəti dövr üçün pauza əmələ gələcək. Ermənilər bunu strateji pauza hesab edirlər. O pauza da nəticə etibarilə status-kvo vəziyyətinin qorunub saxlanılması mənafeyinə xidmət göstərəcək. Bu, acı reallıqdır. Azərbaycan tərəfinin də mövqeyi ondan ibarətdir ki, qoy həmsədrlər bu reallığı öz gözləri ilə görsünlər və bundan çıxış edərək müvafiq addımlar atsınlar”.

Şəymən