Erməni politoloq iç üzlərini açdı

Rusiya və Azərbaycan arasında gizli danışıqların aparılması ilə bağlı iddialar əsassızdır



Rusiyanın Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılacağı ilə bağlı söyləntilər var. Uzun illər danışıqlar prosesinin içində olmuş erməni diplomatı David Şahnazaryanın iddiasına görə, bundan ötrü Azərbaycanın Kremlin üç şərtini ödəməsi kifayətdir.

Şərtlər də Qərblə sıx siyasi və energetik əməkdaşlıqdan imtina eləmək, Rusiyanın siyasi və iqtisadi nəzarət məkanına qayıtmaq və Azərbaycanda Rusiyanın hərbi mövcudluğuna razı olmaqdan (RF-nin 1 nömrəli hədəfi) ibarətdir. Bunların qarşılığında isə Moskva Dağlıq Qarabağ və onun ətrafındakı əraziləri qaytarmağa hazırdır. Kremlin bu planları Putinin neo-imperiya siyasətinin çərçivələrinə sığır. Bu planlar Qarabağ məsələsi ətrafında yeni situasiyanın yaranmasına gətirib ki, bu da bütün münaqişə tərəflərinin maraqları üçün ciddi təhlükə kəsb edir.

Bu, həmin Şahnazaryandır ki, Rusiyanın Güney Qafqazda hərbi mövcudluğunun region ölkələrinin hamısı üçün ən böyük təhlükə olduğunu, bölgədəki ixtilafların həllinə ən böyük əngəli Moskvanın yaratdığını dəfələrlə bəyan edib.

Qeyd edək ki, Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Vaşinqtondakı Kornegi Mərkəzində Qarabağa dair səsləndirdiyi təkliflər 20 illik danışıqların bir növ son akkordu olub. Ermənistanda isə bu təşəbbüs həm də Köçəryan-Sərkisyan dönəminin tənqid və təftişinə yol açıb.

Erməni politoloqun sözlərinə görə, Putin-Duqin Rusiya proqramı reallaşacağı təqdirdə Ermənistan və Dağlıq Qarabağ Rusiya imperiyası tərkibində yenidən peyda olacaq. Bu isə o anlama gəlir ki, ATƏT-in Minsk Qrupu neytrallaşdırılacaq, Ermənistanın əvəzinə Azərbaycanla Rusiyanın özü danışıqlar aparacaq. Moskvanın Azərbaycana artıq öz təkliflərini çatdırdığını vurğulayan politoloq məhz bunların baş verməməsi üçün də qeyd edib ki, İrəvan Minsk Qrupu çərçivəsində fəallaşmaya yardım etməli, Uorlikin təklifləri əsasında Böyük Sülh Sazişi və "Yol xəritəsi” hazırlanması işinə hazır olduğunu bəyan eləməlidir: "Belə bir siyasətin ardıcıl həyata keçirilməsi Ermənistanın və Dağlıq Qarabağın Rusiya imperiyası tərkibində təzədən peyda olmaması üçün bəlkə də axırıncı şansdır. Bunun alternativi isə artıq elan olunan Putin-Duqin Rusiya proqramı olacaq, hansı proqrama görə ki, Moskva Dağlıq Qarabağ problemini nizamlayan yeganə tərəf qismində çıxış edəcək, çünki Minsk Qrupu neytrallaşdırılacaq və Ermənistanın əvəzinə Azərbaycanla Rusiyanın özü danışıqlar aparacaq”.

Əlavə edək ki, Şahnazaryanın arqumentləri Ukrayna böhranı fonunda Azərbaycanda Qarabağ naminə Rusiyaya ünvanlı reveranslarla heyrətamiz şəkildə həmahənglik təşkil edir. Yeganə sual budur ki, Azərbaycan rəhbərliyi bu şərtlərə "hə” deyəcəkmi?

Millət vəkili Asim Mollazadə səslənən iddiaların cəfəngiyyat olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti heç vaxt Rusiya ilə bu cür sövdələşmələrə getməz:
"Şahnazaryanın açıqlaması bir növ Ermənistanın müstəqil dövlət olmadığının nümayişkaranə təzahürüdür. Diplomatın Moskva və Bakı arasında hansısa gizli anlaşmaların olduğunu iddia etməsini isə mənfi qiymətləndirirəm. Bu, birbaşa Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə bilavasitə olan təhdiddir”.

Millət vəkilinin sözlərinə görə, erməni politoloqunun səsləndirdiyi fikirlər Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyət üçün tam açıqlayan bir mövqedir. Hesab edirəm ki, bu mövqe ilə beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır ki, bu gün Ukraynada baş verən hadisələr, Krımın ilhaqı, Moldovaya, Gürcüstana olan təhdidlər məhz Dağlıq Qarabağdan başlanıb.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin məhz Azərbaycan və Rusiya arasında aparılması ilə bağlı iddialara gəldikdə isə A.Mollazadə bildirib ki, onsuz da problemin həlli ilə bağlı bugünə qədər aparılan danışıqlarda Ermənistanın iştirakı formal xarakterli olub: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Ermənistan ən başından bir alət olub. Onlar Rusiyanın hərbi "forpostu” kimi danışıqlarda iştirak edib. Əgər əksi olsa idi, bu günə qədər Dağlıq Qarabağ problemi çoxdan öz həllini tapmışdı. Erməni politoloqun da etiraf etdiyi kimi Ermənistan heç də müstəqil dövlət deyil”.

Şəymən