Müsəlmanları çaşdıran təqvim

Ramazan bayramının başlanmasına QMİ-i, Rəsədxana və Nazirlər Kabineti fərqli yanaşır
Hacı Faiz Nağızadə: “Yaxşısı budur, Qazılar Şurasının fətvasını gözləyək”


Azərbaycanda Ramazan ayının başlanmasını xəbər verən yeni ay iyunun 27-si saat 13:11-də görünəcək. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumatda növbəti ayın iyulun 27-də saat 03:43 dəqiqədə təzələnəcəyi də bildirilir.

Azərbaycan Nazirlər Kabinetinin 2014-cü il bayram günləri ilə bağlı ötən ilin sonunda açıqladığı məlumatında isə Ramazan bayramı bu il iyulun 28-29-u qeyd ediləcək. Göründüyü kimi, həm Rəsədxana, həm də Nazirlər Kabineti həmişə olduğu kimi, bu dəfə də dini aylar və bayramlarla bağlı Qafqaz Müsəlmanları İdarəsini qabaqlayır. Baxmayaraq ki, Rəsədxana Ramazan ayının başlanma tarixi ilə bağlı QMİ Qazılar Şurasının fətva verəcəyini də diqqətə çatdırır. Maraqlı sual yaranır; bu ölkənin müsəlmanları hansı qərarla hərəkət etsin. Rəsədxanayamı inansın, Nazirlər Kabinetinin bayram tarixləri ilə oturub-dursun, yoxsa, QMİ-nin fətvasını gözləsin? Başqa məsələlərdə QMİ-siz keçinmək bəlkə də olardı, amma hicri-qəməri tarixində əvvəlcədən "razılaşdırılmış” təqvim tərtib etmək qeyri-mümkündür. Hicri təqvimi miladi təqvimi deyil ki, ayların və bayramların vaxtı dəyişməz, sabit qalsın. Hicri təqvimi, məhz ay təqvimi olduğu üçün burada ayların başlanma və bitmə vaxtı ayın təzələnməsi - hilalın doğması ilə ölçülür. Hicri təqvimi ayları adətən ya 30, ya da 29 gün, nadir hallarda hətta 28 də ola bilər, amma heç bir halda 31 olmaz.

Rəsədxananın məlumatını "Şərq”ə şərh edən QMİ Qazılar Şurasının üzvü, Təzə Pir məscidinin axundu Hacı Faiz Nağızadə bütün hallarda Ramazan ayının başlanması ilə bağlı fətvanın verilməsini gözləməyi məsləhət gördü:

- Rəsədxana astronomik hesablamalara uyğun məlumat verir. Məlumatda təzə ayın görünmə vaxtları qeyd edilib. Halbuki nə günorta, nə də gecə saatlarında ayı görmək mümkün deyil. Bayram vaxtını da bir il əvvəldən açıqlayırlar. Bir halda ki, təzə ayın doğması təbiət hadisəsidir, onu necə əvvəlcədən söyləmək olar? Yaxşısı budur, Qazılar Şurasının fətvasını gözləyək. Ramazan ayının başlanmasına hələ bir aydan artıq vaxt var. İyunun 20-dən sonra yəqin ki, fətva veriləcək və Ramazan ayının başlanma vaxtı da göstəriləcək.

H.F.Nağızadə Səudiyyə Ərəbistanın vahid saat sistemi üzrə dünyadakı bütün müsəlman dövlətləri üçün açıqladığı şəri vaxt ölçüləri məsələsinə də toxundu:

- Səudiyyə Ərəbistanı ilə Azərbaycan fərqli saat qurşaqlarında yerləşir. Oradakı ay təqvimi ilə bizim ölkənin təqvimi arasında 1 gün fərq olur. Məsələn, bu gün (dünən - red) SƏ-da Rəcəb ayının 21-dir, bizim hesabımızla isə 20-sidir. Ola bilsin, Ramazan ayının başlanmasında da ərəb ölkələri ilə Azərbaycan arasında gün fərqi olacaq. Bununla bağlı da məlumat veriləcək.

QMİ rəsmisi Ramazan ayında namaz vaxtları ilə bağlı fərqli cədvəllər tərtib edilməsinin insanları çaşdırdığını dedi:

- Bəzən bizim camaat azan məsələsində səhvə yol verir. Səudiyyə Ərəbistanında xəbərdarlıq azanı verilir. Bəzən fəcr vaxtından 20-25 dəqiqə, hətta yarım saat əvvəl olur. Fəcr vaxtı (namazın başlanması üçün vacib olan vaxt) yaxınlaşdıqda isə ikinci azan verilir. Bizim camaat da bəzən buna görə çaşır. İmsaq vaxtının bitməsini birinci - xəbərdarlıq azanı ilə ölçürlər. Bu da camaatın haqqına hörmətsizlikdir.

H.F.Nağızadə Ramazan ayının təqvimi ilə bağlı QMİ-nin hər il olduğu kimi, bu il də məhz, Bakı üfüqü üzrə xüsusi cədvəl hazırlayacağını bildirdi və dindarlara bu cədvəldən istifadə etməyi məsləhət gördü.

Məlahət Rzayeva