Anar sədrliyə namizədliyini verəcək

Baş redaktorlar yayılan xəbərləri şayiə adlandırıblar



Azərbaycan Yazıçılar Birliyində (AYB) baş tutacaq qurultay barədə sosial şəbəkələrdə geniş müzakirələr açılır. Müzakirələrdə qurultayı effektsiz adlandıranlarla yanaşı, bunun zəruri olduğunu söyləyənlər də az deyil. Hətta bəzi istifadəçilər sözügedən təşkilat sədri, yazıçı Anarın namizədliyini verməyəcəyini və sədrlikdən gedəcəyini iddia edir.

Xatırladaq ki, AYB-də qurultay bu ilin iyun ayının 17-nə planlaşdırılıb.

Sədr məsələsi və qurultayla bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirmək üçün Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat” qəzetinin baş redaktoru Elçin Hüseynbəyli ilə əlaqə saxladıq. Yazıçı "Şərq”ə yayılan şayiələrin əsassız olduğunu deyib: "Hər halda son qərarı Anar müəllim özü verəcək. Düşünürəm ki, o, sədrlikdə qalacaq. Anar müəllim Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndəsidir. Ocağımızı qoruya bilən ən ciddi adamlardan biridir”.

"Ulduz” jurnalının baş redaktoru, AYB üzvü Qulu Ağsəs Anar müəllimin sədrlikdən getməsi barədə qurumda heç bir məlumatın olmadığını söyləyib: "Bu, başqalarının uydurmasıdır. Anar müəllimin sədr olmasını istəməyənlərin "arzularıdır”.

Qurultayla bağlı gedişata münasibət bildirən Q.Ağsəs hazırlıq işlərinin aparıldığını vurğulayıb: "Kimsə ona "namizədliyini ver” və ya "vermə” deyə bilməz. Güman edirəm ki, o, namizədliyini verəcək və yenidən sədr seçiləcək”.

Ayyət Əhməd