Alternativ xidmətə birdəfəlik nöqtə qoyuldu

Üzeyir Cəfərov: “Yeniliyi istəməyən və tənbəl deputatlara demək istəyirəm ki, ətrafa baxsınlar”



Milli Məclis "Alternativ hərbi xidmət haqqında” qanundan imtina edib. Sözügedən layihə bir daha parlamentdə müzakirə olunmayacaq. Bu barədə millət vəkili, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Deputatın sözlərinə görə, qanun layihəsi müzakirələrdən birdəfəlik çıxarılıb:

"Sənədə münasibətdə parlamentdə dəfələrlə vahid mövqe olub. Belə qanun ölkədə hərbi xidmətə yararlılıq imkanlarına mənfi təsir edir. Alternativ hərbi xidmətə görə, əlinə silah götürməyi qadağan edən dini inanclar, etiqadlara tapınan insanlara dövlət alternativ bir şərait yaradır ki, o ön cəbhədə deyil, arxa cəbhədə fəaliyyətini yerinə yetirsin. Hərbi mükəlləfiyyətini bu cür reallaşdırsın. Bu, 2001-ci ildə Avropa İnsan Haqları Konvensiyasına qoşulduğumuz zaman üzərimizə götürdüyümüz öhdəlikdən biridir. Sonra Konstitusiyada referendumla belə bir dəyişiklik edildi. Lakin sonradan nəzərə alındı ki, çoxlu insanlar hər hansı dini məzhəbə qulluq etdiyini nəzərə alıb ön cəbhədən kənarda durmaq istəsə, bir il yarım xidmət əvəzinə 3 il xidmət edəcəyinə, sanitar, əmək fəaliyyəti, arxa cəbhənin özünəməxsus tələblərini yerinə yetirməyə razılaşmış olsa, bu, ordunun komplekləşdirilməsinə mənfi təsir göstərə bilər. Ona görə də, sözügedən sənəd layihə olaraq müzakirələrdən tamam kənarlaşdırıldı. O vaxtdan bu yana həmin sənədi mən görməmişəm”.

Deputatın açıqlamasını dəyərləndirən sabiq polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə açıqlamasında qeyd edib ki, ölkəmiz Avropa Şurasına qatılanda üzərinə götürdüyü öhdəliklərdən biri də alternativ xidmətlə əlaqədar idi: "Parlamentarilərin addımlarını anlaya bilmirəm. Azərbaycanın adı beynəlxalq qurumların siyahısında vəd verib əməl etməyən ölkələr sırasında çəkilir. Yeniliyi istəməyən və tənbəl deputatlara demək istəyirəm ki, ətrafa baxsınlar”.

"Alternativ xidmət barədə qanun qəbul edilsə, orduda xidmət edənlərin sayı azalacaq” fikrinə gəlincə, ekspert bunun yanlış yanaşma olduğunu deyib: "Belə xidmət o adamlara şamil olunacaq ki, onlar əqidə baxımından əllərinə silah almaq istəmirlər. Sifarişlə deyil ki, kefi çəkən alternativ xidmət keçsin. Bunun üçün komissiya yaradılacaq. Kommssiyanın heyətində Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və icra strukturlarının nümayəndələri yer alacaq”.

Ekspertin qənaətincə, qanunun qəbul olunmamasında bəzi şəxslər maraqlıdır: "Azərbaycan bunu qəbul etməlidir. Ölkəmiz yaxın perspektivdə AŞ Nazirlər Kabinetinə sədrlik edəcək. Şuraya sədrlik edəcək bir dövlət Avropa qurumları qarşısında götürdüyü öhdəliyi yerinə yetirmirsə, vəziyyət çətin olacaq? Azərbaycan qanunu nə qədər tez qəbul etsə, bir o qədər yaxşı olacaq”.

Ü.Cəfərov diqqətə çatdırıb ki, vətəndaşlarımızın konstitusiya ilə təsbit olunmuş hüquqları var: "Konstitusiya aktında yazılır ki, hər bir vətəndaşın alternativ xidmət seçmək hüququ mövcuddur. Azərbaycanda konstitusiyadan üstün heç bir şey ola bilməz. Qanuna hər kəs əməl və hörmət etməlidir”.

Sabiq hərbçinin qənaətincə, qanunun qəbulu ölkəmizə heç bir problem yaratmayacaq: "Bəzi hökumət funksionerləri bunun əleyhinə idilər. Sonradan qeyri-rəsmi söhbətlərdə özləri deyirdilər ki, qəbul edərik. Bir daha bildirirəm ki, qanunun qəbulu zəruridir”.

Ayyət Əhməd