7 yaşlı Mahiri döyən cəzasını alacaq

Kəmalə Ağayeva: “Bunu eşidəndə şoka düşdüm”



Sağlamlıq imkanları məhdud uşaqlar üçün Suraxanı rayonunda fəaliyyət göstərən 7 saylı internat məktəbində 7 yaşlı Mahirin döyülməsi xəbəri cəmiyyəti silkələyib. Yayılan məlumatlara görə, 7 yaşlı Mahir Gülya adlı müəllim tərəfindən amansızcasına döyülüb. Xəsarət almış uşağın fotoları da dünən xəbər saytlarında yerləşdirilib.

Uşaqlara qarşı hər hansı formada fiziki zor tətbiqinin pisləndiyi, bu cür əməllərin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirildiyi bir vaxtda internat məktəbində bir uşağın fiziki işgəncələrə məruz qalması, təbii ki, qəbuledilməzdir və məlum olayla bağlı bir sıra dövlət strukturları artıq hərəkətə keçib.

İlk reaksiya Təhsil Nazirliyi tərəfindən verilib. Ölkə KİV-ində yer alan məlumatlarda bildirilir ki, hadisəni araşdırmaq üçün nazirliyin rəsmi nümayəndələri adıçəkilən məktəbə ezam olunublar. Bunu Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Vəliyev bildirib:

"Hazırda məsələ araşdırılır. Hadisə ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri artıq Suraxanı rayonu 7 saylı internat məktəbinə ezam olunublar”.

Məlum olaya Daxili İşlər Nazirliyindən də reaksiya verilib. DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bildirib ki, internat məktəbində uşağın döyülməsi ilə bağlı yayılan məlumatdan xəbərdardırlar: "7 yaşlı uşağın dəyənəklə döyüldüyü kimi ciddi ittihamlar səslənir. Buna görə də hazırda Daxili İşlər Nazirliyində araşdırma aparılır”.

Nazirlik rəsmisi məsələ ilə bağlı günün sonunda açıqlama veriləcəyini vurğulayıb.

Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbindən ANS PRESS-ə verilən məlumata görə isə, Mahir bir neçə gün öncə döyülüb:

"Uşağın vəziyyəti indi yaxşıdır. Bədənində heç bir iz yoxdur. Onun gözlərinin altı göm-göydür. Uşağın kim tərəfindən döyüldüyü hələ ki, bilinmir”.

İnternat evindən uşağı döyənlərin cəzalandırılacağı məsələsinə də münasibət bildiriblər: "Uşağı döyənlər yəqin ki, cəzalandırılacaq. Onun müəllimlər tərəfindən döyüldüyünə inanmırıq. Hazırda Mahir uşaqlarla oynayır”.

Azərbaycan Uşaqlar Birliyi də hadisə ilə yaxından maraqlanıb. Birliyin sədri Kəmalə Ağayeva "Şərq”ə açıqlamasında 7 yaşlı Mahirin döyülməsi xəbərini KİV-dən aldığını dedi:

- Bunu eşidəndə şoka düşdüm. Bilirəm ki, 7 saylı internat məktəbi sağlamlıq imkanları məhdud uşaqlar üçündür. Belə uşaqlara qarşı zorakılıq insanlıqdan kənardır. Biz həmişə qapalı uşaq müəssisələri ilə bağlı narahatlığımızı ifadə edirik. Deyirik ki, qapalı müəssisələrdə baş verənlərdən vaxtında xəbər tutmaq olmur. Bu tip müəssisələrin rəhbərliyi də, müəllimləri də gözdən uzaq olduqları üçün uşaqlarla kefləri istəyən kimi rəftar edirlər. Belə müəssisələrdə, digərlərinə nisbətən daha ciddi nəzarət sistemi tətbiq edilməlidir. O uşaqdır, bəlkə qorxacaq, çəkinəcək, müəllimi tərəfindən döyülüb-döyülmədiyini bəlkə heç söyləyə bilməyəcək. Amma həmin internat məktəbində nəzarət, müşahidə kameraları olsa, faktı araşdırmaq çətin olmaz.

K.Ağayeva müəllim tərəfindən döyüldüyü iddia edilən uşaqla bağlı araşdırmalara başladıqlarını və adıçəkilən internat məktəbinə səfər edəcəklərini də dedi.

Məlahət Rzayeva