"Özümüzü yandıracağıq"

Metro deposunun ərazisindəki qaçqınlar kompensasiya tələb edirlər

Bakı Metropoliteninin Dərnəgül elektrik deposunun tikintisi üçün Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb. Ancaq müəyyən səbəblərdən tikinti dayandırılıb.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə açıqlamasında elektrik deposunun tikintisinin dayandırılmasına səbəbin orada məcburi köçkünlərin yaşaması olduğunu deyib. Onun sözlərinə görə, siyahıya alma zamanı orada 83 məcburi köçkünün yaşadığı və cəmi 217 yaşayış sahəsi olduğu müəyyən olunub.
N.Paşayev Mehtiabadda mənzillər verilməsinə baxmayaraq 6 ailənin köçməkdən imtina etdiyini bildirib. Onun sözlərinə görə, bu ailələr ev deyil, kompensasiya tələb etdiklərini bildiriblər. "Məhkəmə qərarı var. Orada əks olunub ki, burada yaşayan şəxslərə kompensasiya ödənilmədən evlərlə təmin olunsun".
Məskunlaşma miqrasiya şöbəsinin rəsi Kənan Hüseynov da açıqlamasında dövlətin ehtiyacı üçün bu ərazidən məcburi köçkünlərin köçürülməsinə ehtiyac yarandığını bildirib. "Kompensasiya verilməsinin əleyhinə olmamışıq. Amma onlar məhkəməyə müraciət etdilər. Məhkəmədən isə kompensasiyanın verilməyəcəyi, onların müvəqqəti yaşayış məskənləri ilə təmin edilməsi barədə qərar çıxarıb".
Evlərini tərk etməkdən imtina edənlər isə heç bir halda Mehdiabaddakı mənzildə yaşamayacaqlarını bildiriblər. Onlardan bəziləri hətta evlərindən çıxarılacaqları halda benzin töküb özünü yandıracaqları ilə hədələyiblər.