“Pasxa çıxsaydı, havalar düzələrdi”

Mütəxəssislər bu bayramın təbiət hadisəsi ilə heç bir bağlantısının olmadığını söyləyirlər
Atif İsmayılov: “Pasxa dini bayram olsaydı, özündən əvvəlki səmavi kitabları təsdiq edən “Qurani-Kərim”də mütləq bu barədə bir şey yazılardı”



Əkrəm Həsənov: "Pasxa bayramı da xristianlar tərəfindən milliləşdirilmiş bir bayramdır”



Pasxanın təbiət bayramıb olmasına dair elmi əsas yoxdur




"Pasxa çıxsaydı, havalar düzələrdi”. Uşaq vaxtımızdan böyüklərdən bu sözləri eşitmişik. Milli bayramımız Novruzun gəlişindən sonra havalar soyuq, yağışlı keçəndə, yaşlılar həmişə bunu deyərdi ki, Pasxa çıxsa, havalar düzələcək. Amma biz bilməzdik, anlamazdıq ki, Pasxa nədir, niyə onun "çıxmasını” bu qədər səbirsizliklə gözləyirlər. Həqiqətən də, Pasxa ilə bağlı suallar çoxdur. Bu, dini bayramdırmı, yoxsa təbiət bayramıdırmı? Bəlkə milli bayramdır? Mövzu ilə bağlı mütəxəssislərə müraciət edəndə, Pasxa bayramının təbiət hadisəsi ilə heç bir bağlantısının olmadığını dedilər. Məsələn, Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov "Şərq”ə açıqlamasında bildirdi ki, Pasxanın təbiət bayramı olmasına dair elmi əsas yoxdur. Təbiət bayramı o zaman olur ki, həmin tarixdə hansısa təbiət hadisəsi baş versin. Tutaq ki, Novruz bayramı astronomik yazın gəlişi, təbiətin oyanışı, gecə-gündüz bərabərliyi ilə eyniləşir. Amma Pasxa bayramı ilə bağlı belə bir elmi mülahizə yürütmək mümkün deyil. Yazda onsuz da, havalar dəyişkən olur. İnsanlarımız bəzən yanlış düşüncələrə qapılır, elə bilirlər, yaz gəldisə havalar o saat isinməli, günəşli günlər olmalıdır. Amma yaz fəslinin iqlim normaları vardır. Bəzi günlər küləkli, yağışlı, soyuq, bəzi günlər mülayim, günəşli, isti olacaq. Bunu hansısa dini ayinə, bayrama bağlamaq doğru deyil.

Mübahisəni təkcə müsəlmanlar yox, xristianlar da edirmiş

Məlum məsələdir, istər Ramazan, istərsə də Qurban bayramlarında islam dünyası ikiyə bölünür. Bir tərəf Ramazanı bir gün tez, digər tərəf bir gün gec başlayır, bayram edəndə də müsəlmanlar arasında yekdilliyin olmadığını görürük. Bunun kökündə islamdakı təriqətlər dayanır, desək, yəqin, yanılmarıq. Hansısa təriqət Ramazanın başlanması üçün mütləq Ayın hilalının gözlə görünən olmasını vacib sayır, digərləri isə bu haqda xəbərin verilməsinin yetərli olduğunu. Mövzumuz, Ramazan və ya Qurban bayramı deyil. Pasxadır. Pasxanın dini, yaxud milli bayram olduğunu aydınlaşdırmağa çalışdıq. Bəri başdan onu deyək ki, çox da tutarlı məlumatlar əldə edə bilmədik. Pasxanın milliləşdirilmiş dini bayram olduğunu deyənlərlə yanaşı, dinlə heç bir əlaqəsi olmadığı fikri də irəli sürüldü.
Pasxa haqqında internet resurslarda bu məlumatlara rast gəldik:
Pasxa el arasında həm də Qızıl yumurta bayramı kimi tanınır. Bu haqda Əhdi-Cədiddə təsvir edilir. Günümüzdə Pasxa İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramı kimi qəbul edilir. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə” adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.
Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ayında gecə ilə gündüzün bərabərləşməsi günündən sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir. Kilsə təqviminə görə, gecə-gündüz bərabərliyinin 21 martda (baxmayaraq ki, astronomik təqvimə əsasən əksər illərdə bərabərləşmə 20 martda baş verir) baş verməsi qəbul edilir və Bütöv Ay astronomik təqvimlə heç də həmişə uyğunlaşmır. Beləcə, Pasxa tarixi 22 martla 25 aprel arasında dəyişir. Bəzən Bütöv Ay tarixi 21 martla 18 aprel arası qəbul olunur. Şərq xristianlığında Pasxa tarixinin hesablanması zamanı XI əsrdən bərabərləşmənin 21 mart tarixi qəbul edildiyi Yuli təqviminə əsaslanılır, 3 aprelin bərabərləşmə hesab edildiyi Qriqori təqvimində isə Pasxa tarixi 4 aprellə 8 may arasında dəyişir.

Yumurta İsa Məsihin türbəsinin simvoludurmu?

Qeyd edilir ki, təqvimdəki mövqeyi və simvolikası baxımından Pasxa, qədim yəhudi bayramlarından biri olan Pesaxa əsaslanır. Dünyanın müxtəlif hissələrində bir-birindən fərqli Pasxa adətləri olsa da, şəfəq xidmətləri, Pasxa bayramlaşması, kilsə dövrələməsi və İsanın boş türbəsinin simvolu olan bəzədilmiş Pasxa yumurtaları ümumi motivlərdir. Əlavə olaraq, yumurta döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və festivalları kimi ənənələr də vardır ki, bu ənənələr də xristianlarla yanaşı, qeyri-xristian topluluqlar arasında da geniş yayılmışdır. Pasxada müxtəlif şirniyyatların hazırlanması adətdir. Bu bayram süfrəsinin əsas atributları bəzədilmiş yumurtalar - dirilik rəmzi olaraq, kuliç, Pasxa borşu, şirniyyatlarla dolu Pasxa səbətidir (bir növ Novruz xonçası kimi - red.). Qərb xristianlığında Pasxa gününə şənbədən hazırlaşırlar. Gecə qaranlığında tonqal yandırılır ki, bu da İsa peyğəmbərin dirilişinin simvolu hesab edilir. Şərq provaslav kilsəsində və Şərq ortodoks kilsəsində də Pasxa ən mühüm bayramdır.

"Pasxanın dinlə bağlılığı yoxdur”

İlahiyyatçı Hacı Atif İsmayılov Pasxa bayramı ilə bağlı "Şərq”ə bunları dedi:
- Dini bayram dedikdə, "Qurani-Kərim”də təsdiqi olan bayramlar nəzərdə tutulmalıdır. Çünki "Qurani-Kərim” özündən əvvəlki səmavi dinləri və səmavi kitabları təsdiq edən kitabdır. Sonuncu səmavi din olaraq bəşəriyyətə ehsan edilən islam dininin də özündən əvvəlki dinləri qəbul etməsi Rəbbimiz tərəfindən buyurulur. "Qurani-Kərim”in Ali-İmran surəsində Allah-təala belə buyurur ki, İsa peyğəmbər həvarilərinin istəyi ilə Rəbbindən onlara qeyri-adi bir süfrə endirməsini istədi. Peyğəmbərliyinin təsdiqi olaraq. İsa peyğəmbər Rəbbinə üz tutaraq deyir ki, bizə bir süfrə endir, bundan sonra bu günü bayram kimi qeyd edək. Amma o bayramın hazırkı Pasxa bayramı ilə heç bir bağlılığı yoxdur. ("Qurani-Kərim”də Allah-təala İsa Məsihin ölmədiyini, onun əvəzinə başqa birisinin edam edildiyini, lakin oradakı insanların gözünə İsa Məsih kimi göründüyünü buyurur). Dini bayramın mütləq bir mənbəyi olmalıdır. Məsələn, "Qurani-Kərim”də Ramazan bayramı və Qurban bayramı ilə bağlı konkret ayələr var. Pasxa dini bayram olsaydı, özündən əvvəlki səmavi kitabları təsdiq edən "Qurani-Kərim”də mütləq bu barədə bir şey yazılardı.

"Pasxa milliləşdirilib”

İlahiyyatçı Əkrəm Həsənov da bu fikirdədir ki, Pasxa dini olmaqdan daha çox milliləşdirilmiş bayramdır:
- Novruz bayramı yazın gəlişi münasibətilə qeyd edilir. Pasxa bayramında təbiətdə hansı dəyişikliklər baş verir? Pasxanın dini bayram adlandırılmasını müsəlman aləmi qəbul etmir. İslam dinində bu bayram qəbul olunmur. Amma Azərbaycanda müxtəlif dinlərin daşıyıcıları var və biz hamımız bir ölkənin vətəndaşları olaraq başqa dinlərin mənsublarının bayramlarına da ehtiramla yanaşırıq. Azərbaycanda dinlərarası mehribanlıq, dözümlülük mühiti hökm sürür. Biz müsəlman olaraq bu bayramı qeyd etməsək də, digər dinin mənsublarının onu qeyd etməsini anlayışla və hörmətlə qarşılayırıq. Cəmiyyət bayram məsələlərində bəzən çox ifrata varır. Bayramlara milli rənglər qatırlar. Müsəlmanlar da belədir, xristianlar da. Məsələn, müsəlmanlar arasında uzun illər belə anlayış hakim olub ki, Novruz bayramı günləri həm də, guya Həzrət Əlinin xəlifəliyə seçilməsi günüdür. Halbuki, bunlar hamısı əsassız, heç bir tarixi kökü olmayan mülahizələrdir. Yaxud, Novruz bayramında zərdüştlikdən qalma adətlər də var. Tonqal yandırmaq, onun ətrafına yığışmaq kimi şəklini, formasını və mahiyyətini dəyişmiş adətlər. Pasxa bayramı da xristianlar tərəfindən milliləşdirilmiş bir bayramdır. Pasxa ilə bağlı da xristian dininə mənsub olanlar arasında müxtəlif mülahizələr mövcuddur, İsa Məsihin həyatı və ölümü ilə bağlı. Amma məlum məsələdir ki, islam dini və sonuncu səmavi kitab olan "Qurani-Kərim”də İsa Məsih haqqında dəqiq ayələr vardır. Necə ki, müsəlmanlara Allahın birliyini, vəhdətini qəbul edən və şərik qoşmayan başqa din mənsublarına hörmətlə yanaşmaq buyurulur, eləcə də bu gün biz vətənimizdə yaşayan qeyri-müsəlmanların qeyd etdikləri bayramlara dözümlü yanaşırıq və onları təbrik edirik.

Məlahət Rzayeva