"Eyni adamların eyni məkanda yığışıb, eyni tonda danışıb dağılışmaları Cümhuriyyətin yubileyinə töhfə verən tədbir sayıla bilməz..."
“Cümhuriyyətçiliyi görməzdən gəlmək, sadəcə, mümkün deyil”
Natiq Məmmədli: “Bunu yetmiş ildə heç sovet hakimiyyəti bacarmadı”
"Eyni adamların eyni məkanda yığışıb, eyni tonda danışıb dağılışmaları Cümhuriyyətin yubileyinə töhfə verən tədbir sayıla bilməz..."
"Eyni adamların eyni məkanda yığışıb, eyni tonda danışıb dağılışmaları Cümhuriyyətin yubileyinə töhfə verən tədbir sayıla bilməz..."
"Ümumiyyətlə, "tədbirçilik” ənənəsindən yaxa qurtarmaq lazımdır. Çünki orada danışan da, qulaq asan da yaxşı bilir ki, bu, heç kimin yarasına dərman deyil..."
Gələn ayın 28-i Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi tamam olacaq. Cümhuriyyətin ildönümü ilə bağlı verilən sərəncamlara əsasən yubiley tədbirlərinin təntənəli şəkildə qeyd olunacağı gözlənilir. Ötən müddət ərzində Cümhuriyyətin 100 illiyi ilə əlaqədar elmi konfranslar, çoxsaylı tədbirlər keçirilib. AMEA başda olmaqla, bir sıra dövlət qurumları, ictimai və siyasi təşkilatlar, tarixçi-alimlər "Cümhuriyyət İli”nə öz töhfələrini verməyə çalışıblar. Yubileylə bağlı ən mühüm tədbirlərin isə qarşıda olduğu, ilin sonuna qədər silsilə tədbirlərin planlaşdırıldığı vurğulanır.
Lakin ümumi gedişatla bağlı ictimaiyyət nümayəndələrində müəyyən narahatlıq da var. Görülən işləri yüksək qiymətləndirənlərlə yanaşı, yubileylə bağlı ümumi fəaliyyəti qənaətbəxş hesab etməyənlər də var. AXC-nin 100-cü ildönümünə hazırlıq prosesi və irəli sürülən təkliflərlə bağlı "Şərq”in budəfəki müsahibi tanınmış yazıçı, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədlidir.
- Natiq bəy, AXC-nin yüzillik yubileyi ilə bağlı Sərəncam imzalanması, ardınca 2018-ci il "Cümhuriyyət ili” elan edilməsi hansı məqamlara görə xüsusi önəm kəsb edir?
- Cümhuriyyətimizin bir əsrlik yubileyi kimi əlamətdar hadisənin qeyd edilməsi ilə bağlı verilən Sərəncam vətənini və dövlətini sevən hər bir şəxsin ürəyindən xəbər verdi. Tarixi beş min il götürülən dövlətçiliyimizdə Azərbaycan anlayışına siyasi məzmun verərək yaranan Cümhuriyyətin xüsusi çəkisi var. Yaşadığımız ərazi yüzilliklər boyu müxtəlif imperiyaların təsir dairəsində olduğundan müstəqilliyimizin üfüqdə parıltı kimi də olsa özünü göstərməsi milli düşüncəmizdə, genetik yaddaşımızda öz silinməz izlərini qoydu. Böyük Rəsulzadənin təbirincə desək, ümmətdən millətə çevrilmiş insanlar istiqlalın dadına baxdılar. Millət hür yaşamağın nə demək olduğunu bildi. Məsələyə bu baxımdan yanaşanda, istisnasız olaraq razılaşmalıyıq ki, Cümhuriyyətin yüz illiyi elə müstəqilliyimizin bayramıdır. Bu, sıradan bir təqvim günü deyil və ümummilli səviyyədə qeyd edilməlidir. Cümhuriyyətin varisi olan müstəqil respublikamızda kimlərin hara yozmasından asılı olmayaraq sələfinin irsinə həmişə isti münasibət olub. Cümhuriyyət parlamentinin stenoqramları nəşr edilərək tək elmi deyil, eyni zamanda geniş oxucu kütləsinin istifadəsinə verilib. Cümhuriyyət Ensiklopediyası ikicildliyini də vurğulamaq lazımdır. Ötən əsrin əvvəllərini əhatə edən tədqiqat işlərinin, dissertasiyaların sayı yetərincədir. Müxtəlif dönəmlərdə Məhəmməd Əmin Rəsulzadənin yubileylərinin keçirilməsi ilə bağlı sərəncamların verilməsi, onun siyasi-ideoloji dünyagörüşünün öyrənilməsi və təbliği baxımından əhəmiyyət daşıyır. Əlimərdan bəy Topçubaşovun, Əli bəy Hüseynzadənin, ümumiyyətlə, xatirələri bizim üçün əziz olan maarifçi fikir adamlarının anılması, paralel olaraq onların şah əsəri olan Cümhuriyyətin yada düşməsi deməkdir. O, məsələnin başqa tərəfidir ki, sovet dövrünü yaşamış bəzi adamlarda Cümhuriyyət anlayışına qarşı ehtiyatlılıq özünü büruzə verir. Mən bunu, uzun illər aparılmış sovet təbliğatının mənfi təsiri kimi qiymətləndirirəm. Təsəvvür edin, uzun on illiklər ərzində Cümhuriyyətin adına "Müsavat, bəy-xan hökuməti” deyilib. Onun yalnız sinfi məzmun daşıdığı, hakim təbəqənin maraqlarını müdafiə etdiyi fikri cəmiyyətə sırınıb. Bizə universitetdə "Azərbaycan tarixi”ndən dərs deyən yaşlı professor var idi. 1918-ci ilin mart qırğınlarından mühazirə deyəndə həmişə onu "vətəndaş müharibəsi” kimi təqdim edirdi. Demək istəyirəm ki, yetmiş ildən artıq sovet təbliğatı hədər yerə aparılmayıb, işğalçı ideologiya uydurduğu yalan üzərində nəsillər yetişdirib. Amma istənilən halda cümhuriyyətçilik unudulmayıb. Cümhuriyyətçiliyi süquta uğratmaq, görməzdən gəlmək sadəcə mümkün deyil. Bunu yetmiş ildə heç sovet hökuməti bacarmadı.
- Sərəncamdan sonra bu istiqamətdə görülən işləri və tədbirləri necə dəyərləndirirsiniz? İndiyə qədər görülən işləri qənaətbəxş hesab etmək olarmı?
- Cənab Prezident dövlətçilik tariximizdə müstəsna yer tutan Cümhuriyyətin yüz illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam verməklə həm də vacib tarixi missiyanı yerinə yetirdi. Bu, konkret şəxsiyyətin yox, dövlətin bayramıdır və onun qeyd olunması haqqında təşəbbüs də ilk olaraq dövlət başçısından gəldi. Bəs cəmiyyətin mövqeyi bu nəcib təşəbbüsə münasibətdə adekvatdırmı? Bir müqayisə aparım, bildiyiniz kimi, Cümhuriyyət birinci cahan savaşından sonra dünyanın yeni düzəninin formalaşması prosesində keçmiş Rusiya imperiyasının əsarəti altında qalmış xalqların yaratdığı dövlət qurumlarından biri kimi tarix səhnəsinə çıxıb. Çuvaşlardan tutmuş, başqırdlara, Kazan və Krım tatarlarına qədər, Mərkəzi Asiyanın türksoylu xalqlarına, Qafqaz dağlılarına kimi hər yanda cümhuriyyətlər yaranmışdı. Bu prosesin hərəkətverici stimulu isə Rusiyada bir ilin içində baş vermiş fevral burjua inqilabı, onun ardınca isə oktyabr çevrilişi idi. Ötən il Rusiya mətbuatı bu tarixi hadisələri rus inqilabının yüz illiyi kimi təqdim edərək yeni ideoloji alətlərindən yararlanmaqla geniş təbliğat apardı. Cümhuriyyət ilində bizə məhz belə keyfiyyətli, inandırıcı təsir gücünə malik maarifləndirmə işi lazımdır. Cümhuriyyətin yubileyi dövlətçilik əxlaqı və şüuru ilə birbaşa bağlı olan məfkurə məsələsidir. Hələ ki, bizdə həmin coşğu hiss olunmur. Aydın məsələdir ki, bizim yüz illik müstəqillik tariximiz yoxdur. Biz 1918-ci ildə fədakar Azərbaycan ziyalılarının yaratdığı 23 aylıq dövlətin yüz illiyini qeyd edirik. Deməli, əsas diqqət yaddaş məsələsinə yönəldilməlidir. Cümhuriyyət ayrı-ayrı nəsillər tərəfindən dərk olunduqca, istər tariximizdə, istər milli şüurumuzda haqq etdiyi yerdə daha da möhkəmlənəcək. Bu dərketməyə meydan açmaq üçün isə kütləvi təsir vasitələrindən istifadə olunmalıdır. Mətbuat öz işini "Cümhuriyyət İli”nin tələbləri səviyyəsində qurubmu? Televiziyalarımız tamaşaçıları maarifçi proqram adı altında "xaltura” söhbətlərdən bezdirəndən sonra Cümhuriyyət haqqında fikirləşəcəklərmi? Kinematoqrafiyamız, teatrlarımız dövlətimizin yüz yaşına hansı hədiyyə hazırlayıblar? Eyni adamların eyni məkanda yığışıb, eyni tonda danışıb dağılışmaları Cümhuriyyətin yubileyinə töhfə verən tədbir sayıla bilməz. Ümumiyyətlə, "tədbirçilik” ənənəsindən yaxa qurtarmaq lazımdır. Çünki orada danışan da, qulaq asan da yaxşı bilir ki, bu, heç kimin yarasına dərman deyil.
- Bir sıra tarixçilər hesab edirlər ki, AXC-nin yüzilliyi ilə bağlı ancaq tarixçi-alimlər məşğul olmalıdır. Yəni siyasi təşkilatlar, ictimai qurumlar və başqa şəxslər prosesə müdaxilə etməməlidir. Bu yanaşmaya münasibətiniz necədir?
- Bu, subyektiv yanaşmadır. Belə fikri arqumentləşdirməyə ehtiyac yoxdur. Tarixçilər dövlətçilik irsinin öyrənilməsinə layiqli töhfələr veriblər. İnsanlar doğru mühakimə yürütmək üçün onların araşdırmalarına istinad etməlidir. Cümhuriyyət şərəf tariximizdir, onu araşdıran, ortaya çıxaran və hələ də bu istiqamətdə fəaliyyətini şərəflə davam etdirən araşdırmaçıları minnətdarlıqla xatırlamaq lazımdır. Yenə də o mövqeyimdə qalıram ki, Cümhuriyyətin bütün müasir kütləvi resurslardan istifadə etməklə keyfiyyətli təbliğata ehtiyacı var.
- AXC-nin yubileyinin təntənəli keçirilməsi ilə bağlı abidə, park, film və başqa təkliflər verilir. Tarixçi-alim kimi sizin konkret təklifləriniz varmı?
- Siz maddiləşmiş nümunələri qeyd edirsiniz. Cümhuriyyətin ən böyük abidəsi Azərbaycan Respublikasıdır. Bu dövləti yaradıb xalqa ərmağan edənlərin isə xatirələrini əbədiləşdirib, abidələrini ucaltmaq gərəkdir. İstər 1918-1920-ci illərdə baş vermiş hadisələri, istərsə də istiqlal ideyasının ərsəyə gəlməsinə qədər keçilən yolu ifadə eləmək, gənc nəslə çatdırmaq üçün sistemli fəaliyyətə, istinad nöqtəsinə ehtiyac var. Mən bunu bütün arxiv sənədlərini, digər qiymətli mənbələri özündə əks elətdirən Düşüncə Mərkəzi və ya muzey formasında təsəvvür edirəm. Yəni burada məqsəd sadəcə eksponat nümayiş etdirmək olmamalıdır. Əsas ağırlıq dövlətçilik tariximizin, Azərbaycan intellektuallarının irsinin təbliğinə yönəldilməlidir. Orta məktəbdən tutmuş universitetlərə qədər geniş spektri əhatə edən, elektron resurslarla zəngin bir mexanizmi işə salmaq lazımdır ki, tarixi yaddaşımız həmişə iti olsun.
- Xarici ölkələrdə əbədi uyuyan Cümhuriyyət qurucularının məzarlarının ölkəmizə gətirilməsi müzakirə olunur. Ancaq bununla bağlı birmənalı fikir yoxdur. Müəyyən arqumentlərə görə, dəstək verənlərlə yanaşı, qarşı çıxanlar da var. Şəxsən sizin düşüncəniz nədir məzarların köçürülməsi ilə bağlı?
- Qürbətdə uyuyan kişilər Azərbaycan adına savaşıblar. Onların heç biri könüllü olaraq öz torpaqlarını tərk etməyiblər, xaricə güzəran sürmək üçün getməyiblər. Onların məzarının vətənə gətirilməsini torpaq istəyir. Adam yaşlaşdıqca, doğulduğu torpağın qeyri-adi cazibəsi onu özünə çəkir. Bilmirsən nədəndir, bir qarış torpağından ötrü elə hey darıxırsan. Bəs onlar? Cavan yaşlarında ömürləri düşmən gülləsi ilə yarıda qalanlar, qürbətin təqiblərində, sıxıntılarında min cür zülmə qatlananlar vətənləri üçün necə darıxmasınlar? Hesab edirəm ki, torpağın harayını eşitmək lazımdır. Bu dövləti quranlar üçrəngli bayrağın kölgəsində əbədi rahatlıqlarını tapa bilərlər.
- Tarixçi və yazıçı olaraq AXC-nin yubileyinə hansı töhfələr verməyi planlayırsız?
- Həm tarixi, həm də ədəbi yaradıcılıq imkanlarımı, necə deyərlər, səfərbərliyə alaraq Cümhuriyyətin yubileyinə ithaf olunmuş əsərimi yazdım. Özümə bağışlamayacağım səhv onda oldu ki, əsəri dramaturgiya janrında yazdım, hərçənd ki, bədii material mövzunu roman kimi işləməyə də imkan verirdi. Doğrusu, istədim ki, məhdud sayda kitab buraxmaqdansa, hamının anlaya biləcəyi bir səhnə əsəri yaradım. Arxiv sənədlərinə, mülki tarixi faktlara bələd olduğumdan böyük həvəslə işlədim və avqust ayında nöqtəmi qoydum. Amma yumşaq desəm, teatrlarımızın biganəliyi məni məyus elədi. "Nə üçün?” ritorik sualının cavabını yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, pyes yazmaqla mən heç bir kommersiya maraqları güdmürdüm, heç ağlımdan da keçmirdi. Düşünürdüm ki, Cümhuriyyət haqqında əsər yazmaq əqidə işidir. Mən əsərimə belə yanaşmışam və onu vicdanla yazmışam. Ziya Göyalp Osmanlı imperiyasındakı vəziyyəti təhlil edəndə yazırdı ki, bizdə dövlətçilik əxlaqı çatışmır. Bax, bu, vacib amildir. Hər halda güman edirəm ki, bu il əsərimi tamaşaçılara çatdıra bilməsəm də, oxuculara çatdıracağam.
- Türkiyə ilə Azərbaycanın bu istiqamətdə ortaq fəaliyyəti də gündəmdədir. İki qardaş ölkə bu istiqamətdə hansı ciddi işləri görə bilər? Məsələn, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi ilə bağlı...
- Nəzərə alın ki, Bakı o zaman təkcə işğaldan azad olunmayıb, bütün tarixi ərzində ilk dəfə müstəqil ölkənin paytaxtı olub. Sentyabrın 15-nin "Paytaxt Günü” kimi qeyd olunmağının nəyi pisdir ki? Qafqaz İslam Ordusu deyilir, amma əslində bu, başında Nuru Paşa kimi gənc generalın dayandığı Osmanlı ordusu idi. Onlar Bakını bizə verməklə elə bir missiya yerinə yetirdilər ki, bu sənaye şəhərini Azərbaycandan ayırmaq istəyən Şaumyanın planını heç ondan sonra gələn bolşeviklər belə yerinə yetirə bilmədilər. Bakı və onun qurtuluşu müştərək türk tariximizin nadir parlaq səhifələrindən biridir. Bu mövzu da cümhuriyyətçilik kontekstində dəyərləndirilməli, təbliğ olunmalıdır. Bütün yollar Romaya apardığı kimi, bütün Azərbaycan aydınlarının, mütəfəkkirlərinin məsləyi, əqidəsi də Cümhuriyyətə aparır. Ümummilli idealımızın kökündə Cümhuriyyət dayanır, bunu bir dəyər kimi dərk eləmək lazımdır.
İsmayıl Qocayev