İstiqlalçı mətbuat orqanları...
Cümhuriyyət ideyalarının təbliğində müstəsna xidmətlər göstərib
(Əvvəli ötən sayda)
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurulmasında böyük rol oynayan milli ruhlu, demokratik mətbuatımızın tarixi uzun illər xalqımızdan gizli saxlanıb. Daha doğrusu, bu irs tədqiqata birtərəfli, qərəzli şəkildə cəlb edilib. Milli mətbuatımızın qürurlu səhifəsi qərəzli şəkildə alçaldılıb, tənqid edilib, qınaq obyektinə çevrilib. Müstəqillik qazandıqdan sonra isə Cümhuriyyət dövrünün zəngin mətbuatı müəyyən qədər tədqiq edilib.
Araşdırmalar ortaya çıxarılıb ki, AXC dövrünün mətbuatı milli jurnalistika tarixində həm özündən əvvəlki, həm də sonrakı dövrlərə nisbətən daha yüksək inkişaf mərhələsini yaşayıb. Xüsusən, Cümhuriyyət ideyalarının təbliğində 1918-1920-ci illər milli mətbuatının müqayisəyəgəlməz dərəcədə böyük rolu olub. Uzun illər siyasi-ictimai mübarizə aparan Azərbaycanın söz, fikir və əməl sahibləri sonda Şərqdə və Türk dünyasında ilk demokratik dövlətin qurulmasına nail olublar. Bu ilkə imza atanların böyük əksəriyyəti isə dövrünün tanınmış, istedadlı jurnalistləri, publisistləri və siyasi xadimləri idi...
"Azərbaycan” qəzetinin məşhur yazarları...
Mətbuat tədqiqatçısı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının "Azərbaycan mətbuat tarixi (1875-1920-ci illər)” adlı əsərində vurğulanır ki, ölkədə vəziyyəti nəzərə alan milli hökumət və Qafqaz İslam Ordusu komandanlığı Azərbaycan dövlətini siyasi-ideoloji təxribatlardan qorumaq üçün nəşr olunan mətbuat orqanlarına müvəqqəti hərbi senzura tətbiq edib: "Bu barədə məlumat Nuru Paşanın 1930-cu ildə Türkiyə Baş Hərbi Qərargahının tarix komissiyasının xahişi ilə yazdığı memuarda əksini tapıb: "Bakıda "Azərbaycan namında bir türkcə və bir də rusca qəzet nəşr edilirdi. Bu qəzetlər mövqe komandanlığından bir senzor heyəti tərəfindən müraqiə edilirdi”. Əsasən hərbi məzmunlu yazılardan senzorun kəsmiş olduğu hissələr, ağ yerlər "Azərbaycan”ın çox az sayda nüsxələrində görünür. Bu, gənc Azərbaycanın ideoloji təxribatlardan, dini-etnik ziddiyyətlərdən sığortalanması üçün lazım idi. "Azərbaycan”ın Bakıdakı ilk saylarında ordumuzun Qarabağda apardığı uğurlu hərbi əməliyyatlar barəsində mütəmadi informasiyalar, məqalələr dərc olunurdu. "Azərbaycan” qəzeti Bakıda fəaliyyətə başladığı gündən əməkdaşlarının sayını artırdı, yeni yaradıcı qüvvələri redaksiyaya cəlb etdi. Gənc yazarlardan biri də Cəfər Cabbarlı idi. Ümumiyyətlə, "Azərbaycan”da XX əsrin əvvəlləri milli-ictimai fikrin ən görkəmli nümayəndəsi, qüdrətli qələm sahibləri iştirak edirdi. Onların arasında Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Ə.Cavad, Ə.Müznib, M.S.Axundzadə, Üzeyir bəy Hacıbəyli, Z.Hacıbəyli, Seyid Hüseyn, Ə.Abid, Əli Yusif, Əli Şövqi, Yusif Vəzir, Fərhad Ağazadə və digər dövrün tanınmış publisistləri iştirak edirdi. Bu mətbu orqana müxtəlif vaxtlarda Üzeyir Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Ceyhun Hacıbəyli redaktorluq edib. Rusca nəşrinə isə Şəfi bəy Rüstəmbəyli, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları rəhbərlik edib, onun yaradıcılıq istiqamətlərini müəyyənləşdiriblər. Ceyhun bəy Hacıbəyli "Azərbaycan”ın 1918-ci il oktyabr ayının 8-dən 1919-cu il yanvar ayının 16-na kimi nəşr olunan saylarının redaktoru olub. Qəzetin oxucularına müraciət edən Ceyhun bəy Hacıbəyli bilmirdi ki, Azərbaycanın 1920-ci ildə 28 aprel işğalı baş verəcək və o, bir daha vətənə dönməyəcək. C.Hacıbəyli Azərbaycanın istiqlalı uğrunda mühacirətdə də ideoloji mübarizə apardı. Parisdə çıxan "Qafqaz”, Münhendə nəşr edilən "Azərbaycan” jurnalının redaktoru oldu.
"Azərbaycan”ın rusca nəşrinin redaktoru Şəfi bəy Rüstəmbəyli 1918-ci ildə Azərbaycan Milli Şurasının üzvü və eyni vaxtda "Azərbaycan” qəzetinin rusca nəşrinin redaktoru olub. Qəzetin səhifələrində onun Azərbaycanın siyasi və ictimai həyatına dair xeyli məqaləsi çıxıb. "Azərbaycan”ın ərsəyə gəlməsində yaxından iştirak edən, bir müddət redaktorluq edən Xəlil İbrahim "Azərbaycan”ın 1919-cu il 4 iyul tarixli sayından 1 sentyabradək rus dilində çap olunan variantın redaktoru olub. 1920-ci il aprel işğalından sonra Vətəndə qalan Xəlil İbrahim 1938-ci ildə repressiya olunaraq "xalq düşməni” kimi güllələnib. "Azərbaycan”ın redaktorları arasında Üzeyir bəy Hacıbəylinin də məxsusi xidməti var”.
Araşdırmaçı əsərində bildirib ki, fəal jurnalistika tələblərinə cavab verən "Azərbaycan”ın mövzu dairəsi çox geniş idi. Burada Azərbaycan dövlətinin siyasi-ictimai, əxlaqi-mənəvi maraqlarını qorumaq uğrunda apardığı mübarizə istiqlalçı mətbu orqanların əsas devizi idi: "Qəzetdəki yazılar Bakı xəbərləri, baş məqalələr, xəbərlər, teatr və musiqi, felyeton, müsahibə, siyasi-ictimai icmallar və başqa rubrikalar altında dərc olunurdu. "Azərbaycan”ın bölgələrdə də xüsusi müxbirləri var idi ki, bu da hadisələrin operativ şəkildə işıqlandırılmasına imkanlar yaradırdı. Dünyada və beynəlxalq aləmdə baş verən prosesləri öz səhifələrində dərc etməyə çalışan "Azərbaycan” bu mövzuda analitik yazılar və informasiyalar çap edirdi. Cümhuriyyət dövri milli mətbuatının siyasi-publisistikasının ən parlaq və ən dəyərli nümunələrinin müəlliflərindən biri də Məhəmməd Əmin Rəsulzadədir. Rəsulzadənin Azərbaycanın milli məfkurə və istiqlal savaşından doğan bu məqalələri xalqın milli və mənəvi dəyərləri üzərində demokratik şəraitdə yaşamasına, dövlət və dövlətçilik ideallarına xidmət edirdi”.
"İstiqlal” qəzeti, "Övraqi-nəfisə” və "Qurtuluş” jurnalı
A.Aşırlı kitabında qeyd edib ki, müxtəlifdilli çeşidli mətbu orqanlar arasında daha geniş oxucu auditoriyasına Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı mətbu orqanlar malik idilər. Çünki bu tip mətbu orqanlar zəngin tarixi ənənələrə, özündən əvvəlki milli mətbuat nümunələrinə əsaslanırdılar: "Belə qəzetlərdən biri "İstiqlal” idi. Bu qəzetin 1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci illərdə isə 15 sayı işıq üzü görüb. Qəzetin epiqrafı üçün böyük türk şairi Tofiq Fikrətin "Millət yoludur, haqq yoludur tutduğumuz yol, Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol” beyti seçilib. "Turan” mətbəəsində çap olunan "İstiqlal”ın əsas müəllifləri istiqlalçı publisistlər idi. M.Ə.Rəsulzadə, Seyid Hüseyn, Mirzə Bala Məhəmmədzadə, Ə.Həmdizadə, Ümmugülsüm, Əhməd Cavad, Əli Yusif, Cəfər Cabbarlı, Məhəmmədəli Rəsulzadə kimi dövrün qüdrətli qələm əhli "İstiqlal”ın əsas yaradıcı sütunları idi. Qəzetin "Firqə həyatı” rubrikası altında Bakı və ətraf rayonlarda Müsavat Partiyasının özəklərinin fəaliyyəti işıqlandırılırdı. Partiyalararası ixtilaflar, ideoloji savaş qəzetdə dərc olunur, siyasi polemikalara yer verilirdi. "Müsavat”la "İttihad” partiyaları arasında fikir ixtilafları da "İstiqlal”da dərc olunurdu. "İstiqlal”ın səhifələrində bədii ədəbiyyat da önəmli yer tuturdu. M.Ə.Rəsulzadənin, Ə.Cavadın, Ümmugülsümün, Əli Yusifin, C.Cabbarlının ədəbi yaradıcılığına da qəzetdə yer verilirdi.
1919-cu ildə nəşrə başlayan "Övraqi-nəfisə” aylıq ədəbi-bədii, ictimai-siyasi jurnalın naşiri Zülfüqar Hacıbəyli, redaktoru Əliabbas Müznib idi. Rəngli çap olunan bu jurnalın rəsmlərini Əzim Əzimzadə çəkib. Azərbaycanın istiqlalını, dövlət müstəqilliyini təbliğ edən "Övraqi-nəfisə” ermənilərin törətdikləri soyqırım və zorakılıq hərəkətləri, daşnakların vəhşilikləri barədə publisistik yazılar da dərc olunurdu. Ədəbiyyat, musiqi, teatr, memarlıq nümunələri barədə yazılarla yanaşı, fotoşəkillər də jurnalın nəfis şəkildə nəşri üçün əhəmiyyətli idi. Firudin bəy Köçərlinin, Abdulla Şaiqin, Camo Cəbrayılzadənin, Əliabbas Müznibin, Əmin Abidin, Məhəmməd Hadinin əsərləri jurnalın səhifələrində işıq üzü görür, oxucuların marağına səbəb olurdu. "Övraqi-nəfisə”də ədəbiyyat tarixinə həsr olunan araşdırmalar da başlıca yer tuturdu. Burada Molla Pənah Vaqif, Əbdülqasım Nəbati, Mirzə Fətəli Axundov, Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov, Məhəmməd Hadi, Əliabbas Müznib, Xədicə xanım Ədvi, Əliağa Vahid və başqa şair və yazıçıların tərcümeyi-halı, əsərləri çap olunurdu. Topluda şərq musiqisi və musiqi alətlərinə dair maraqlı yazılara da rast gəlmək mümkündür. Ərəb yazıçısı Cürci Zeydanın əsəri, "Tac-Mahal”ın və Bakının memarlıq abidələri barədə yazı və rəsmlər maraq doğurur. "Övraqi-nəfisə”nin ilk sayında qətlə yetirilmiş Hüseyn Ərəblinski barəsində məqalə dərc olunub. Jurnalın 6 sayı işıq üzü görmüşdür, kağız qıtlığı üzündən nəşri dayandırılmışdı. İlk sayı 1920-ci ilin əvvəlində çıxmış "Qurtuluş” jurnalı da Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarına xidmət edən nəşr idi. Bu jurnalda A.Şaiq, H.Cavid, S.Mümtaz və başqa ədiblər iştirak edirdilər. 1920-ci il aprel çevrilişindən sonra "Qurtuluş”un çapı dayandırılmışdı”.
Cümhuriyyət dövrünün satirik nəşrləri - "Şeypur” və "Zənbur”
Akif Aşırlının əsərində vurğulandığı kimi, Cümhuriyyət ideyalarına sadiq qalan və baş verən proseslərə ciddi münasibət göstərib ictimai fikri müəyyənləşdirən mətbu orqanlarla yanaşı, 1918-ci ildən sonra satirik jurnallar da nəşr olunmağa başlanıb: "İlk sayı 1918-ci ilin 5 oktyabrında nəşr olunan "Şeypur”un naşiri Səməd Mənsur, redaktoru M.Ə.Sidqi idi. "Şeypur”un 1918-ci illərdə 11, 1919-cu ildə 3 sayı işıq üzü görür, fəaliyyətini 1949-cu ilin yanvarın 8-dən sonra dayandırır. "Şeypur” Azərbaycan Xalq Cümhuriyyəti ideallarını təbliğ edir, dövlət quruculuğu prosesində qarşıya çıxan əngəlləri, çətinlikləri qələmə alır, bolşevik təbliğatına qarşı mətbu mübarizə aparırdı. Həmçinin, Bakı neftini ələ keçirmək istəyən dövlətlər arasındakı çəkişmələri ifşa edirdi. "Molla Nəsrəddin” ənənələrini davam etdirən "Şeypur”da müxtəlif üsullardan istifadə olunur, satirik şeirlər, felyetonlar dərc olunurdu. "Şeypur”un başlıca gülüş hədəflərindən biri ermənilərin Qarabağda törətdikləri vəhşiliklər idi. "Şeypur” Azərbaycan dövlətinin maraqlarının əleyhinə yazılar yazan mətbu orqanlara qarşı da satirik gülüşdən istifadə edirdi. Belə qəzetlərdən biri rusca nəşr olunan "Vperyod” qəzeti idi. "Şeypur” bu barədə yazırdı: "Vperyod” əslən rus sözü olub, axır vaxt ermənilər onu çox istemal edirdilər. Bu sözün əsl mənası "qabağa” deməkdir. Amma nədənsə, ermənilər onu tərsinə başa düşüb "dala” deyə işlədirlər. Bizim zamanlarda da erməni daşnaklarının həmin adda Bakıda bir qəzetləri çıxırdı. Müsəlmanlara müraciətlə hər gün şirin-şirin məqalələr yazmaqda idi”. "Şeypur”la yanaşı, həftəlik illüstrasiyalı satirik jurnal olan "Zənbur” da nəşr olunurdu. 1918-ci ilin aprel-noyabr aylarında çap olunan "Zənbur”un təsisçisi "Türk Nəşriyyat Cəmiyyəti” idi. 1909-cu ildə nəşr olunan eyniadlı jurnalın və Molla Nəsrəddin ədəbi məktəbinin davamçısı olan "Zənbur”un naşiri Mirzə Əbdülxaliq Axundov, rəssamı isə Əzim Əzimzadə idi. Jurnalda Əliabbas Müznib, Əli Nəzmi, Səməd Mənsur, Hacı Qasım Səyyah kimi müəlliflər fəal iştirak edirdi.
(Davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb