Şahbaz Quliyevin ailəsinə video görüntü göndərməsi xəbəri yalan çıxdı - Girovun bacısı və BQXK təsdiqləmədi





Erməni girovluğunda olan Şahbaz Quliyevin ailəsinə video görüntü göndərməsi ilə bağlı məlumatlar yayılıb. Girovun əmisi oğlu Natiq Quliyev mətbuata açıqlamasında qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ş. Quliyevin video görüntüsünü onun ailəsinə çatdırıb:

"Video müraciətdə Ş.Quliyev əhvalının yaxşı olduğunu dilə gətirib, yaxlınlarını anası və qızından muğayat olmağa çağırıb. Şahbaz çox arıqlayıb, çətinliklə nəfəs aldığı açıq şəkildə hiss olunurdu. Bildiyimizə görə onun qara ciyərinin sıradan çıxmaq təhlükəsi var”.

Məsələ barədə "Sherg.az”a danışan Şahbaz Quliyevin bacısı İradə Quliyeva isə xəbəri təkzib edib. O, Ş.Quliyevin ailəsinə hər hansı bir video görüntünün təqdim olunmadığını söyləyib: 

"Şahbazın ailəsinə Şahbaz Quliyevin ancaq məktubu gətirilib. Videogörüntü söhbəti olmayıb. Qardaşım göndərdiyi məktubunda yazıb ki, məndən nigaran qalmayın, vəziyyətim normaldır. Səhhətində problem olmadığını deyir və qohum-əqrəbaya salam göndərib. Bundan başqa məktubda ailəsinə diqqət göstərməyimizi, tez-tez baş çəkməyimizi xahiş edib".

İ.Quliyevanın sözlərinə görə, Şahbazın ailəsinə videogörüntüsünün çatdırıldığı barədə əvvəl də yalan məlumatlar yayılıb:

"Bu, birinci belə hal deyil. Qardaşımdan məktub gətirildikdə ailəsinə, bacı və qardaşına təhvil verilir. Əmim oğlu Natiq Quliyevin məsələ ilə heç bir əlaqəsi yoxdur. Ola bilər, Natiqin adından istifadə edib, yalan məlumat yayıblar. Amma bizə heç bir video görüntü çatdırılmayıb”.

Məlumatı dəqiqləşdirmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova xəbəri nə təsdiq, nə inkar etdi:

"Girovluqda saxlanan şəxs ailəsinə hansı məlumatı göndərirsə, BQXK onu eynilə ailəyə təqdim edir. Göndərilən məlumat ailəyə aid olduğundan ictimaiyyətə açıqlanmır. Ona görə, Şahbaz Quliyevin ailəsi üçün göndərdiyi məlumatın içərisində videogörüntü olub-olmadığını deyə bilmərəm”.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır. 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.  Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə 2017-ci ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

Aysel Aslan