Kenan Evrenin xidmətləri də nəzərə alınmalıdır

Onun hakimiyyətə gəlişi Türkiyəni düşdüyü acınacaqlı vəziyyətdən qurtardı



Türkiyənin 7-ci prezidenti Kenan Evren ömürlük həbsə məhkum edilib. 97 yaşlı keçmiş prezidentlə yanaşı, hərbi hava qüvvələrinin keçmiş komandanı Tahsin Şahinkaya da ömürlük həbs cəzası alıb. Şahinkayanın 89 yaşı var.

Məlumat üçün bildirək ki, Evren və Şahinkaya 1980-ci ilin hərbi çevrilişi zamanı yolverilməz hərəkətlər etdiklərinə görə cəzalandırılıblar. Onların məhkum olunması isə baş nazir Ərdoğan hökumətinin konstitusiyaya dəyişiklik etməsindən sonra mümkün olub. Çünki sözügedən dəyişiklik bu şəxslərin toxunulmazlığını aradan qaldırıb.

Keçmiş prezidentin ahıl yaşında ömürlük həbslə cəzalanmasına münasibət bildirən politoloq Qabil Hüseynli qərarın ədalətli olmadığını düşünür: "34 il əvvəl baş verən olaylardan söhbət gedir. O zaman Türkiyədə siyasi hadisələr kifayət qədər kəskin və qarışıq idi. Ölkədə sağçı, solçu qarşıdurması yaşanırdı. Məmləkət tamamilə xaos içində idi. Ancaq o dövrdəki hökumət öz işinin öhdəsindən gələ bilmirdi. Vəziyyətin get-gedə pisləşdiyini görən ordu haqlı olaraq yönətimə əl qoydu və mövcud konstitusiyanı dəyişdirdi. Yəni bu addımı atmaq zəruri idi. Nüfuzlu siyasətçi olmadığına görə ordunun baş qərargah rəisi ölkənin cümhurbaşqanı oldu. İndi təkrar həmin məsələyə qayıtmaq və buna görə olduqca ixtiyar yaşda olan birini cəzalandırmaq o qədər də humanist addım deyil. Özü də Türkiyənin heç də bütün təbəqəsi bu cəzanı dəstəkləmir”. Politoloqun fikrincə, Kənan Evrenin hakimiyyətə gəlişi Türkiyəni düşdüyü acınacaqlı vəziyyətdən qurtardı. Qərar verilərkən bunlar nəzərə alınmalı idi: "Evren prezident olandan sonra ölkədə sabitlik yarandı və müəyyən iqtisadi islahatlar həyata keçirildi. Bir də ordu hakimiyyətdə əbədi qalmadı ki? Yeni konstitusiya əsasında seçkilər keçirildi və növbəti prezident müəyyən olundu. Buna görə də, eks-prezidentin hər şeyin günahkarı kimi ittiham edilməsini və ağır şəkildə cəzalandırılmasını doğru hesab etmirəm”.

İsmayıl