Bu il Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümüdür. 1918-ci il, iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan Milli Ordunun təşkili haqqında qərar qəbul edilib. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd olunurdu ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Bu baxımdan, hökumət tərəfindən 30 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad Cümhuriyyət dövründə - 1919-cu il mayın 28-i Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib.
1920-ci ildə Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Cümhuriyyət döründə yaradılan hərbi nazirlik ləğv olundu və Milli Ordunun 15 generalı bolşeviklər tərəfindən güllələndi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul edildi.

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.
Müstəqil Azərbaycan Respublikası dövründə ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ikinci hərbi parad keçirilib.
2011-ci il iyunun 26-da isə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun növbəti hərbi paradı təşkil olunub.

Nəhayət, Azərbaycanda keçirilən dördüncü hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi.
Azərbaycan ordusunun yaranmasının 100 illiyi münasibətilə keçiriləcək möhtəşəm hərbi parad isə sabah – 26 iyun Silahlı Qüvvələr Günü təsadüf edir. Hazırlıq tədbirləri yüksək səviyyədə təşkil olunan hərbi paradda ordumuzun malik olduğu yeni silahların, hərbi-texniki avadanlıqların nümayiş olunması gözlənilir.
Aysel Aslan