Ərdoğan haqlıdır, BMT səmərəli işləyə bilmirElə etmək lazımdır ki, təşkilat nüfuzlu dövlətlərin rəqabət məkanına çevrilməsin
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı qurumun fəaliyyətini ciddi tənqid edib. Ölkə başçısı qeyd edib ki, dünya 5-dən böyükdür reallığını hər fürsətdə beynəlxalq ictimaiyyətə xatırladır. Onun sözlərinə görə, dünyanı 5 ölkənin istəklərinə məhkum etmək olmaz: "Dünya hazırda 5 ölkəyə tabe edilib. Bu cür Təhlükəsizlik Şurası qəbul edilməməlidir.
Bütün dünyanın təmsil olunmadığı BMT Təhlükəsizlik Şurası ədaləti formalaşdıra bilməz. Təsəvvür edin ki, 3 ölkə Avropadan, 1 ölkə Asiyadandır və 1 ölkə də ABŞ-dır. Dünyanın digər ölkələri necə olacaq? Bunları bir kənara qoyuruq. BMT Təhlükəsizlik Şurasında "G-20” ölkələrinin hamısı daimi üzv olsun. Ədalət ancaq belə formalaşa bilər”.
Mövzunu şərh edən politoloq Qabil Hüseynli də qeyd edib ki, BMT Təhlükəsizlik Şurası yaradılarkən ciddi yanlışlara yol verildi. Bu yanlış da ondan ibarət idi ki, Təhlükəsizlik Şurasının 5 daimi üzvü, Rusiya, Amerika, Fransa, Böyük Britaniya və Çin, müəyyənləşdirildi: "Onlara BMT-nin qəbul etdiyi qərarlara "veto” qoymaq səlahiyyətləri verildi. Məncə, ən böyük yanlışlıq 5 daimi üzvün BMT-nin idarəçiliyinə bir növ nəzarət etmək səlahiyyətlərinin verilməsi ilə bağlıdır. Çünki bu hal həmin ölkələr arasında ciddi fikir ayrılıqlarına yol açdı. Rusiya və Çin bir qütbə çəkilib, Fransa, Böyük Britaniya və Amerika isə başqa bir qütbə çəkilib. Bunların isə arasında həmişə fikir ayrılıqları olub. İndi də var. Fikir ayrılıqları üzündən BMT də nə konstruktiv qərarlar qəbul edə bilir, nə də o qərarların icrasını təmin edə bilir. Bu, xüsusilə son dövrlərdə daha kəskin hal alıb. BMT TŞ-nin 10 üzvü var. Onun 5-i əsasdır, 5-i isə keçici üzvlərdir. Keçici üzvlərin məsələlərə "veto” qoymaq və onun qəbul edilməsini əngəlləmək hüququ yoxdur. Onlar sadəcə müxtəlif məsələlərin müzakirəsi zamanı "əl” qaldırmaqla məşğuldurlar”.
Ekspertin fikrincə, BMT 5 dövlətin rəqabəti səbəbindən səmərəli işləyə bilmir: "Amma bu qurum bir çox məsələlərin nizama salınmasında mühüm rol oynayıb. Onun qəbul etdiyi qərarların həyata keçirilməsi istiqamətində müəyyən səylər göstərilir. Və ən azından məlum tədbirlər danışıqlar prosesinə bu və ya digər formada təsir göstərir. Düzdü, BMT işləyir, amma onun strukturlarında müəyyən dəyişikliklər edilməlidir. Məsələn, Ərdoğan BMT TŞ üzvlərinin sayını 20-yə qaldırmağı təklif edib. Amma BMT üzrə mütəxəssislər belə hesab edirlər ki, bu qurumun TŞ-nin üzvlərinin sayını 15-ə qaldırmaq lazımdır. Buraya iqtisadi cəhətdən inkişaf edən, dünya siyasətində aktiv rol oynayan, bir sıra keyfiyyətlərinə görə, dünyaya örnək olacaq dövlətlərin qəbul edilməsini təklif ediblər. Eyni zamanda onu da irəli sürüblər ki, daimi üzvlük məsələsi bütün qitələri təxminən bərabər surətdə əhatə etməlidir. Avropadan 3 üzv varsa, Asiyadan da 3 üzv olmalıdır. Sonra Afrikadan da 3 üzv olmalıdır. Amma elə eləmək lazımdır ki, BMT nüfuzlu ölkələrin siyasi rəqabət məkanına çevrilməsin. Doğrudan da dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət göstərsin. Bundan başqa, BMT-nin silahlı qüvvələrinin tərkibini təkmilləşdirməyi tələb edənlər də var. Onlar bildirirlər ki, BMT-yə üzvlük haqqını artırmaq gərəkdir. Bu təşkilat elə imkanlara malik olmalıdır ki, dünyanın istənilən nöqtəsindən kiçik miqyaslı lokal müharibələri yatırmaq və ya burada ayırıcı qüvvələr kimi iştirak etmək üçün lazımi canlı qüvvəyə və texnikaya sahib olsun. Bunların hamısı pul hesabına əmələ gəlir və bu mənada BMT-yə üzvlük haqqının qaldırılmasını tələb edənlər də də mövcuddur. Bunun məcburi olmasını tələb edənlər də var. Onlar haqlıdırlar. Elə ölkələr var ki, onlar üzv olduqları gündən indiyə kimi üzvlük haqqını ödəməyiblər. Məsələn, dünyaya əzələ nümayiş etdirən Rusiyanın BMT-yə xeyli üzvlük borcu var. ABŞ-ın BMT-yə köməyi olmasa idi, bəlkə də BMT indiyə qədər mövcud olmazdı. BMT Amerikanın hesabına yaşayır. Amerikada bu təşkilata ayrılan binadan heç bir icarə haqqı alınmır”.
Bununla yanaşı, Q.Hüseynli hesab edir ki, dünyanın BMT-yə ehtiyacı var: "Bu təşkilatlar olmasa, dünya cəngəllik qanunları ilə yaşayar. Heç olmasa, siyasətçilər və ya diplomatlar belə təşkilatlara toplaşıb, müəyyən məsələləri müzakirə edirlər”.
Ayyət Əhməd