Sonbeşiyin danışığını, fikirlərini necə ifadə etdiyini görəndə onu böyüdən anaya “Əhsən” deməmək mümkünsüzdür
Ötən əsrin 80-ci illərinin sonunda çılğın gənclik dövrünü yaşayanların yaxşı yadındadır; "Azadlıq” meydanı... Dalğa-dalğa kükrəyən insan seli... Və bağırırcasına ucalan bir səs:
Çeynəndi yetər varlığımız cəhl ilə qəhrə,
Doğrandı mübarək vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz.
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!..
Sonra həmin günlərə lağ edənlər də oldu, elə indi də var. Nemətin əlinin bir işarəsi ilə "oturub qalxanları araya da qoydular. Bəziləri müstəqilliyimizin əldə edilməsində Meydan hərəkatının rolunu azaltmağa da cəhd etdilər. Çox adam çox şey danışdı. Danışmaqdadı da. Neməti "KQB agenti” də etdilər.
Tapşırıqla ora gəldiyini dedilər... Amma reallıq bu idi: o günlərdə Meydanda bir Nemət küləyi əsirdi. Və millətin oyanışında onun rolu əvəzsiz idi, danılmaz idi. Və əvəzsizdir. Danılmazdır. Tarix ipə-sapa yatmayandır. Nə qədər ört-basdır etmək istəsən də, dərin qatlardan boy göstərir. Əlbəttə, zamanı yetişəndə...
Çoxundan savadlı, mənalı, "yüklü” danışır
O odada 5 uşaq, 5 əsgər böyüyür. Hər birinin öz yolu var. Onlar Azərbaycanın NEMƏTidir. Bu yazını Nemət Pənahlıya həsr etmək fikrində deyilik. Başlanğıcda ondan danışsaq da. Meydan qəhrəmanını anmağımıza Oğuzxan səbəb oldu. Nemət Pənahlının sonbeşiyi. Oğuzxanın videosu feysbukda paylaşılıb.
Bu balaca oğlanın danışığını, fikirlərini necə ifadə etdiyini görəndə onu böyüdən anaya "Əhsən” deməmək mümkünsüzdü. Oğuzxan bir çox böyüklərimizdən də, "it yaldan əl çəkməyən kimi” efirdən dördəlli yapışanların çoxundan savadlı, mənalı, "yüklü” danışır:
- Mən xalq mahınlarını çox sevirəm. Onlarda elə-belə sözlər yoxdur. İndiki mahnılarda qafiyə olsun deyə, nə gəldi yazırlar. Ancaq qədim mahnılarımızda məna var. Mən xalq mahnılarına, muğmata üstünlük verirəm. Azərbaycanın görkəmli sənətkarları - Şövkət Əələkbərovanı, Rəşid Behbudovu dinləyirəm. Allah hamısına rəhmət eləsin.
Kişiyana çıxışının ardından Oğuzxanın ifası başlayır. Həm də anası Həcər xanımın pianoda müşayəti ilə.
... O nə xaldır yanağında... Qızların adətidir sevdiyi oğlana naz eylər...
Elə oxuyur ki, sanki duet ortağı var. Oğlanın sözlərini qalın səslə, qızın sözlərini nisbətən nazik səslə.
İfanı bitirib keçid edirlər bəstəkar mahnılarına. Özü də necə mahnılara...
İslam Səfərli-Andrey Babayevdən "Nazəndə sevgilim, yadıma düşdün”,
Fikrət Qoca-Ramiz Mirişlidən "Bir xumar baxışla”...
Elə oxuyur, sanki konservatoriya tələbəsidir. Heç sıxılmır. Sərbəst, rahat ifa edir. Başını yırğalayır, qollarını açır. Sanki böyük bir səhnədə tamaşaçı qarşısındadı.
Oğuzxanı peşəkarcasına müşayət edən anasının qüruru isə çöhrəsindən oxunur; nə olsun ki, atası həbsdədir. Gör, nə oğul böyütmüşəm!.. Nemətin oğludur, Nemətin! Bəzilərinin bu gün bəyənmədiyi, adını çəkməyə bəlkə də cürət etmədiyi Nemətin!

Bildiyimiz qədər 5 övladı var Nemət Pənahlının. Ən kiçikləri Oğuzxandı. Təbii, asan deyil, atanın faktiki olmadığı vaxtlarda övladları ərsəyə gətirmək. Amma şübhəsiz, övladların formalaşmasında Nemətdən gələn impulslar əhəmiyyətli dərəcədə böyükdür... Nə deyirsiz, deyin, Nemət sıradan biri deyil. Oğuzxanın istedadlı olması şəksizdir. Amma nədən bu istedadlı uşaq diqqətdən kənar qalıb? Maşallah, efirlərimizdə nə qədər tok-şou layihələri var. İstedadlı gəncləri üzə çıxarırlar, maddi, mənəvi dəstək olurlar. Niyə bir dəfə də Oğuzxanı efirə dəvət etmirlər? Musiqiçilər, mütəxəssislər onu dinləsə, gələcək yolunu müəyyən edərlər. Bəlkə də bu uşaq musiqi məktəbində təhsil alar, musiqinin incəliklərini öyrənər və günlərin birində yenidən bir "Rəşid Behbudov” parlayar. Azərbaycanımızın belə bir elçiyə ehtiyacı yoxdur, bəlkə?! Kimlərsə bu uşağı tanıtmaqdan atasına görə çəkinirsə, nahaqdır. Ölkəyə Oğuzxan kimiləri lazımdır. Bir də ki, vaxt vardı, onun atasının adı Azərbaycanla bir çəkilirdi. Tarix amansızdır. Hər mənada... Yeri gəlmişkən, Oğuzxana bir təklif bizdən olsun; "O səs Türkiyə - cocuqlar”a qatıla bilər. Onu Azərbaycanın səsi kimi tanımaq istəmirlərsə, hansı "səsi” istəyir, seçsin. Onu mütləq seçəcəklər. Sonra da bəziləri umu-küsü edir ki, niyə bizimkilər gedib xarici ölkələrin yarışmalarına qatılır. Qədir-qiymətlərini bilmirsiniz, ondan.
Tikanlı məftillərin qənimi
Oğuzxandan danışırıqsa, atasının kimliyini də xatırladaq. Çünki Nemət Pənahlını hazırkı gənclik o qədər də tanımır.
Nemət Pənahlı 1962-ci ildə Azərbaycan SSR-in Naxçıvan MSSR-də anadan olub. 1988-ci ildə Dağlıq Qarabağ münaqişhəsinin alovlanması, Ermənistandan soydaşlarımızın çıxarılması və Sumqayıt hadisələri ilə Azərbaycan xalqı ayağa qalxanda Nemət Pənahlı Səttarxan adına zavodun adi bir fəhləsi idi. O, fəhləlikdən azadlıq hərəkətanın liderinə çevrildi. Meydan hərəkatında fəal iştirakı onun adını milli-azadlıq hərəkatı rəhbərləri ilə bir sıraya yazdı. N. Pənahlı 1988-ci ildə başlayan milli-azadlıq hərəkatının qabaqcıl simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri oldu.
1989-cu il dekabrın 31-də Nemət Pənahlının təşəbbüsü və başçılığı ilə milli-azadlıq hərəkatı iştirakçıları tərəfindən Azərbaycan müvəqqəti də olsa, birləşdi. Azərbaycanı ikiyə bölən tikanlı məftillər məhz o günlərdə söküldü. Güneyli quzeyli qardaşlar heç bir maneə olmadan görüşdülər, qucaqlaşdılar. Və həmin gün də sonradan Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi tarixə düşdü və bu adla qeyd edilməyə başladı.
Sonrası da məlumdur. Nemət Pənahlı Meydanın hərəkətverici qüvvəsi idi. İnsan selini idarə edirdi. Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Əbülfəz Elçibəy, İsmayıl Şıxlı və sair əsl Azərbaycan mücahidləri ilə bir sırada dayanırdı, hətta bəzən onlardan daha nüfuzlu sayılırdı. Onun Meydandakı çıxışları arxivlərdə qorunur. Qorunmalıdır da. Çünki kimin nə deməsindən asılı omlayaraq bu bizim şərəf tariximizdir.
1990-cı illərin əvvəllərində Nemət Pənahlı ümummilli lider Heydər Əliyev tərəfdarlarına qoşuldu və onun hakimiyyətinin ilk illərində Prezident Administrasiyasında çalışdı. 1995-ci ildə işdən kənarlaşdı. Bir müddət fəal siyasətdən uzaqlaşdı. Daha sonra Milli Dövlətçilik Partiyasını yaratdı və aktiv siyasətə qoşuldu. 2010-cu ildə parlament seçkilərinə qatıldı, 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürüldü. Lakin seçkiyə bir həftə qalmış namizədliyini geri götürdü.
2011-ci ilin yanvar ayında isə "silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq” maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edildi. Bu illər ərzində Nemətin azadlığa qovuşması üçün çalışanlar da oldu, çalışmayanlar da. Kimisi Meydan hərəkatındakı roluna xatir, onun azad edilməsini məqbul saydı, kimisi də, "Meydan səhifəsi çoxdan qapanıb, günahı varsa, cəzasını da çəkməlidir” deyib, məhkəmənin hökmünə sayğı tələb etdi. Nemət cəzaçəkmə müəssisəsində bir neçə dəfə "kars”a salınıb. Ailəsi ilə görüşünə icazə verilməyib. Atası, anası dünyasını dəyişib, amma ona valideynlərini çiynində aparmağa icazə verməyiblər. Bu da bir nisgildir Nemət üçün. Bu illər ərzində ailəsi əziyyət çəkib. Bir dəfə belə xəbər yayıldı ki, Nemət Pənahlının ailəsi işıq pulunu ödəyə bilmir. İşıqları kəsilib. Elektrik enerjisinə görə borc yığılmışdı. Başçısı həbsdə olan ailə üçün gözləniləndir, məncə. Bəlkə də taleyin ironiyasıdır, bir vaxtlar "Azadlıq” meydanında çatılmış tonqallarla millətin yoluna işıq salan birinin işıq pulu borcu olması. Bəlkə də kimlərsə, "hədsiz duyğusallıq” deyib reallığın tərcih edilməsini üstün biləcək. Amma fərqli də ola bilər. İnsanların yaxşı əməlləri qarşılığını almalıdır. Necə ki, hansısa bəd əmələ, qanun pozuntusuna görə cəza verilir.
Nemət ailəsinə qovuşacaq. İnşallah. "Azadlıq” liderinin azadlıqdan məhrumetmə cəzasının başa çatmasına az qalır. Evində isə onu əsl vətəndaş, vətənpərvər, milli ruhda böyümüş 5 övladı və
həyat yoldaşı gözləyir. O evdəki orada həm də istedadlar yetişir. "Bir xumar baxışla...” oxuyan Oğuzxan kimi. Sanki atası üçün oxuyur mahnını:
"Çiçəklər açmasa, gələrsən yaz gələr,
Üfüqlər tutulsa, gülərsən, göy gülər,
Qəzəblə qışqırsan, ulduzlar tökülər.
Bir xumar baxışla, səadət bağışla...”
Nemətin çox sevdiyi və millətinə təkrar əzbərlətdiyi Tofiq Fikrət şerində isə belədir:
Göz yumma günəşdən, nə qədər nuru qaralsa,
Sönməz əbədi, hər gecənin
gündüzü vardır...
Məlahət Rzayeva