“5 min media orqanının 4 mini reketdir”

Zeynal Məmmədli: “Peşəkar jurnalistikada fürsətçiliyin əlamətləri olmasa, fürsətçi jurnalstika formalaşmaz”
Vüsal Məmmədov: “Bunlara “reket” deməyə də adamın dili gəlmir. Bunlar həşəratdırlar, daraşıblar mediaya”

Elçin Şıxlı: "Quldur, "julik”, insanları təhdid edən, ondan-bundan pul qoparan jurnalist ola bilməz”

Əziz Rzazadə: "Bu adamlara TV və mediada yol açanlar var”

(Əvvəli ötən sayımızda)

Xəbər verdiyimiz kimi, Azərbaycanda 5100-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.100-ü ötüb, KİV-lərin sayı isə 5.100-ə çatmaq üzrədir. Əlbəttə, mətbuat adına təsis olunan rekord say bir müddətdir ki, jurnalistlərin müzakirə mövzusuna çevrilib. Və məlum rəqəmlərə dair ikili yanaşma mövcuddur. Bəziləri rəqəmlərin çoxluğunun ölkə mətbuatına heç bir təhlükə vəd etmədiyini və media quruluşlarının sayının daha da artırılmalı olduğunu düşünür. Digərləri isə, məlum tendensiyanın "reket” jurnalistikanın inkişafına təkan verəcəyini iddia edir.

Məsələni dəyərləndirən tanınmış media eksperti Zeynal Məmmədli "Şərq”ə söyləyib ki, həmin 5100 media quruluşunun hamısının mətbuata aid olub- olmaması bilinmir. Ola bilər ki, sosial şəbəkələri də mətbuata şamil ediblər. Amma bu, məsələnin önəmli tərəfi deyil: "İş orasındadır ki, Azərbaycanda reklam bazarı haqqında təsəvvürümüz yoxdur. Yəni bilinmir ki, reklam bazarında hansı pullar dolaşır. Birdən birə 5100-ə qədər media qurumunun qeydiyyatdan keçməsi o deməkdir ki, əksər mətbu orqana reklam bazarından pay düşməyəcək. Bu məqamda başqa bir sual ortaya çıxır. Bəs həmin media orqanları hansı pullarla fəaliyyət göstərəcəklər? Yəni medianın hansı mənbədən maliyyələşməsi ciddi sual kimi ortaya çıxır. Sayın çoxluğu qorxulu deyil, amma onların maliyyələşməsi məsələsi çox təhlükəli işdir”.

Ekspert diqqətə çatdırıb ki, ölkəmizdə təhsilli, savadlı adamlarla peşəkar mətbuatdan danışanda yalnız 4-5 media qurumunun adını çəkir. Başqa ad bilmir: "Azərbaycanda pusquda dayanan media orqanları zamanlarını gözləyirlər. Məncə, 5 min rəqəmi ya Azərbaycanda söz azadlığı var deyib, öyünmək istəyən məmurların kələyidir, ya da bir tapıntıdır”.

"Reket” jurnalist ifadəsinə toxunan Z.Məmmədli hesab edir ki, jurnalistikada "reket” olmur: "Reketin əlində silah olandır. Onlara reket deyil, fürsətçilərdir. Məncə, fürsətçi jurnalistikanın yaranmasında peşəkar dediyimiz jurnalistikanın rolu var. Çünki peşəkar jurnalistikada fürsətçiliyin əlamətləri olmasa, fürsətçi jurnalstika formalaşmaz. Azərbaycanda sərbəst bazar olsa, fürsətçi medialar meydana gəlməz. Sual yaranır. Nədən bir belə hüquq-mühafizə orqanları fürsətçi jurnalistikanın kökünü kəsə bilmir? Deməli, bu hal kiməsə əlverişlidir. Ehtiyat edirlər. Hansısa məmuru vurmaq üçün belə fürsətçilərdən istifadə edirlər. Bu məsələni sübut etmək elə də çətin deyil. Gerçəklərimizin acı görüntüləridir”.

Ekspertin qənaətincə, mətbuatda da bir kommersiya məqamı var: "İndiki halda mətbuatda sərbəst bazar yoxdur. Bu da bataqlıq mühiti yaradır. Həmin mühitdə də pusqu jurnalistikası formalaşır. Onlar da insanlara gerçək informasiya vermirlər. Kimlərisə şantaj edib, qorxutmaqla məşğuldurlar. İnsanları bilgiləndirmirlər. Bu vəziyyəti aradan qaldırmaq üçün addım atmayanlar, ictimai qınağa cəlb olunmalıdır. Bu da yoxdursa, deməli, mediasızlıq fenomeni ilə qarşılaşmışıq. Yəni Azərbaycanda mediasızlıq mühiti yaranıb. Adda media var, amma əməldə yoxdur”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov qeyd edib ki, bu, olduqca absurd rəqəmdir: "Çox təəssüf ki, onların 4 mininin jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Cürbəcür axmaq və yaramaz işlərlə məşğuldurlar. Medianın nə olduğunu bilməyən xalalar və əmilər hansısa əcaib adda qəzet, ya sayt təsis edir, sonra da özlərinə "baş redaktor” adını qoyurlar. Bu, onlara sadəcə status üçün lazımdır. Yəni, "mən baş redaktoram” desinlər, vəssalam”.

Baş yazar söyləyib ki, bir neçə dəfə o cür adamlarla söhbətləşmək kimi faciə ilə üzləşib: "Tam səmimi deyirəm ki, dəhşətli bir şeydir, Allah başqa dərd verməsin. Bu sayda media orqanları yaradanların 99 faizi şizofrenik və sosiopatlardır. Biri mənə vəsiqə göstərdi, üstündə yazılıb "Əsrin ziyalısı”. İnsan nə qədər manyak olmalıdır ki, üstündə "Əsrin ziyalısı” yazılan vəsiqə gəzdirsin, hətta çıxarıb, kiməsə göstərsin də!? Bunlar təhlükəli və qeyri-adekvat adamlardır”.

V.Məmmədovun fikrincə, o 5100 media orqanının ən azı 4 mininin ölkənin xəbər gündəminin formalaşmasında zərrə qədər də rolu yoxdur: "O zaman sual çıxır: bunlar nə üçün mövcuddurlar? Həvəskar dram olsalar, başa düşərdik, amma bu adamlar bizim peşəmizə kölgə salır, normal jurnalistikanı biabır edirlər axı... Bir də görürsən ki, hansısa qəzetin bütün bir nömrəsi rayonun 5-ci dərəcəli məmurunun tənqidinə həsr olunub. O məmur niyə bu qədər vacib oldu, axı? Təkcə məmur məsələsi də deyil, sahibkarlara da ciddi şəkildə mane olurlar. Bunlara "reket” deməyə də adamın dili gəlmir. Bunlar həşəratdırlar, daraşıblar mediaya. Məmurlara da mane olurlar, biznesə də, normal mediaya da. Ona görə də, çox güclü dezinfeksiyaya ehtiyac var”.

Həmsöhbətimizin sözlərinə görə, bütün məmurları və sahibkarları başa salmaq lazımdır ki, işinizi düz tutun, verin bu həşəratları məhkəməyə: "Onların varlığına və çoxalmasına səbəb budur ki, onlardan qorxan var. Qorxmayın! Ən azı burasını fikirləşin ki, onlar da qorxurlar, çünki özləri də qanunu pozublar. Bu səbəbdən də, çəkinməyin, onları yemləməyin. Bu, çıxış yolu deyil - siz yemlədikcə onlar çoxalacaqlar. Siz mətbəxinizi təmiz saxlayın, qoy, tarakanlar gəbərib ölsünlər”.

Mətbuat Şurasının (MŞ) məlum prosesə qarşı mübarzəsinə gəlincə, müsahibimiz deyib ki, MŞ-nin mübarizəsi effekt versəydi, mediada bu qədər həşərat olmazdı: "MŞ iş metodlarını yeniləməlidir, məmurlarla, sahibkarla işləməlidir, çalışmalıdır ki, onlar özləri "reket”liklə üzləşən kimi quruma xəbər versinlər”.

Fəaliyyəti dayandırılmış "Ayna-Zerkalo” qəzetinin təsisçisi Elçin Şıxlı da bildirib ki, "reket jurnalistikası” terminini qəbul etmir: "Həmin adamları jurnalist saymıram. Onları normal jurnalistlərlə müqayisə belə, etmək istəmirəm. Quldur, "julik”, insanları təhdid edən, ondan-bundan pul qoparan jurnalist ola bilməz. Bu, başqa şeydir. Düşünürəm ki, jurnalistlər öz işlərini görməlidir, quldur və oğruları da hüquq-mühafizə orqanları tutmalıdır”.

Yazar-tərcüməçi Əziz Rzazadə söyləyib ki, "reket jurnalistikası” və "reket jurnalist” adına həmişə etiraz edənlərdəndir: "Çünki reket - təhdid, çox vaxt da silahlı təhdidlə cinayətkar əməldir. Haqqında söhbət gedən növ isə medianı şantaj alətinə çevirmiş adamlardır. Və yüz faiz əminəm ki, bu adamların arxasında güc strukturlarının konkret vəzifəli şəxsləri dayanır. Bir dəfə hətta heç bəyənmədiyim Mətbuat Şurası da bunu etiraf etmək həddinə çatmışdı. Amma Mətbuat Şurası sadəcə qorxdu. Şantajçının pulunun çoxluğundan, bahalı maşınından deyil, kölgədəki arxadan qorxdu. Çünki bu dələduz-şantajçı adamların həbsi ilə bağlı xəbərləri hətta televiziyalarda izlədikdən az sonra onların müəmmalı şəkildə məhkəməsiz-mühakiməsiz azad edildiyinin şahidi olmuşuq. Bu adamlara TV və mediada yol açanlar var. Durum bu cürdür. Başqa səhih və məntiqli izah görmürəm. Və sonda: onları görəndə əsla heyfslənmirəm. Onlara "Hammer” lazımdır, mənə evimdəki səliqəli hamam da kifayət edir”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb