
5 mindən çox KİV-in qeydiyyatı təəccüb doğurmur
Rufik İsmayılov: “Elə media qurumları mövcuddur ki, qeydiyyatdan keçiblər, lakin iş-gücləri ya vəsiqə satmaq, ya da qapı-qapı düşüb sözün həqiqi mənasında mədəni dilənçilik etməkdir”

Xəbər verdiyimiz kimi, Azərbaycanda 5100-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd olunub ki, dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.100-ü ötüb, KİV-lərin sayı isə 5.100-ə çatmaq üzrədir.
Əlbəttə, mətbuat adına təsis olunan rekord say bir müddətdir ki, jurnalistlərin müzakirə mövzusuna çevrilib. Və məlum rəqəmlərə dair ikili yanaşma mövcuddur. Bəziləri rəqəmlərin çoxluğunun ölkə mətbuatına heç bir təhlükə vəd etmədiyini və media quruluşlarının sayının daha artırılmalı olduğunu düşünür. Digərləri isə, məlum tendensiyanın "reket” jurnalistikanın inkişafına təkan verəcəyini iddia edir.
Sözügedən statistika ilə tanış olduğunu deyən "Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov da "Şərq”ə açıqlamasında qeyd edib ki, bu rəqəm Azərbaycan üçün çoxdur. Jurnalistin sözlərinə görə, qeydiyyatdan keçmiş həmin media quruluşları - qəzet, jurnal və yaxud saytlara nəzər yetirsək, şahidi olacağıq ki, onların çox az bir hissəsi peşəkar jurnalist fəaliyyəti ilə məşğuldur. Eyni zamanda böyük əksəriyyəti ictimai rəyə təsir göstərmək gücündə deyil: "Bunun özü də bir acı həqiqətdir. Onun bəlasını mən və eləcə də digər jurnalist həmkarlarımız çəkir. Elə media qurumları mövcuddur ki, qeydiyyatdan keçiblər, lakin iş-gücləri ya vəsiqə satmaq, ya da qapı-qapı düşüb sözün həqiqi mənasında mədəni dilənçilik etməkdir. Şübhəsiz ki, bu, jurnalistikamızın adına ləkədir və həmçinin peşəkar jurnalist fəaliyyəti ilə məşğul olan insanlar üçün arzuolunan deyil”.
R.İsmayılov "reket” jurnalistlərin özbaşınalığına dair rastlaşdığı bir hadisədən də söz açıb: "Babamgil Goranboy rayonunda yaşayırlar. Ora tez-tez gedib-gəlirəm. Və bir dəfə orada olanda sənədləşmə işi ilə bağlı dövlət qurumlarından birinə getdim. Gurultulu adları olan, amma peşəkar jurnalistika ilə məşğul olmayan çoxlu qəzet adları saydılar. Həmin qəzetləri təmsil edən "jurnalistlərin” neqativ əməllərindən o qədər danışdılar ki, jurnalist olduğumu açıb demədim. Şəxsən mən xəcalət çəkdim. Ümumilikdə belə davranışlar ölkə jurnalistikası barədə mənfi rəy formalaşdırır. Bəlkə də düşünürlər ki, bütün jurnalistlər belədir. Mətbuatımıza ləkə olan adamların bu sahədə yer almasının acısını yaşayırıq və görürük”.
Həmkarımız diqqətə çatdırıb ki, media qurumlarının qeydiyyat prosesini inzibati yolla önləmək düzgün olmaz: "Baxın, Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvüdür. Avropaya inteqrasiya yolunu tutub. Ölkənin ictimai rəyində tanınmayan, heç bir yerdə adı çəkilməyən hansısa bir "qəzet " inzibati yolla bağlansa, fəaliyyətinə qadağa qoyulsa, həmin "media orqanı” cəmiyyətdə "qəhrəmana” çevriləcək. Başlayacaqlar ki, Azərbaycanda mediaya, azad sözə basqı var. Düşünürəm ki, media özü-özünü tənzimləməlidir. Peşəkar jurnalistlərin öz işlərini yaxşı qurması nəticəsində qeydiyyatdan keçən həmin 5100 media quruluşu ələnəcək. Əksəriyyəti sıradan çıxacaq. Ona görə ki, o 5100 media qurumunun hamısı heç də peşəkar jurnalistika ilə məşğul deyil. Elə adam var ki, adı 5-6 mətbu orqanın təsisçisi kimi qeydiyyatdan keçib. Gəlin, görək indi həmin qəzetlərin hamısı fəaliyyət göstərirmi? Əlbəttə, xeyr. Bəzilərinin sadəcə adı
var, fəaliyyəti yoxdur. Elə qəzetlər də var ki, cəmi 4 səhifədən ibarətdir. O da ayda, ildə bir dəfə çıxır. Belələrinin ciddi mətbuat orqanı kimi nəzərə alınması doğru deyil. Təkrar edirəm, o qədər media quruluşunun mövcudluğu ölkəmiz üçün çoxdur. Amma axının qarşısını inzibati yolla almaq doğru deyil”.
Həmsöhbətimiz hesab edir ki, "reket” jurnalistlərin yaşamasında bəzi məmurların da dəstəyi, rolu az deyil: "Məktəb direktoru olan tanıdığım bir adam var. Jurnalist müraciət edəndə, məmnuniyyətlə qəbul edir. Nə sualı varsa, cavablandırıb yola salır. Çünki işində heç bir nöqsan yoxdur. Amma elə məmurlar var ki, işlərində ciddi pozuntulara yol verirlər. Məhz ona görə də, "jurnalistə” rüşvət verməyə məcbur olurlar. Təbii ki, məmurlar "jurnalistə” görüm-baxım etməklə "reket” jurnalistikanın yaşamasına dəstək vermiş olurlar. Düşünürəm ki, işini bilən, vəzifəsinə məsuliyyətlə yanaşan istənilən şəxs heç vaxt "reket” jurnalistlə "sövdələşməyə” getməz. Jurnalist nə müstəntiqdir, nə də prokuror. Jurnalist hansısa sosial mövzuda şikayət xarakterli araşdırma yazırsa, o, obyektivlik və tərəfsizlik prinsipini əsas tutaraq şikayətdə adı hallanan dövlət qurumlarının mövqeyini öyrənə bilər. Yoxsa, hansısa bir yerin şəklini çəkib, sonra da "burada niyə qanunsuz ev tikmisən” deyib kimisə şantaj etmək doğru deyil. Əslində həmin o məmurlar istəsələr, məsələni məhkəmə qaydasında həll edə bilərlər. Bir reket qəzet tanıyıram. Adını çəkmək istəmirəm. Mənim və eyni zamanda həmkarlarım yazılarını nöqtə, vergülünə, başlıq və başlıqaltına dəymədən qəzetində dərc edir və sanballı bir qəzet rəyi yaratmağa çalışır. Əslində isə həmin qəzetin əməkdaşları gedib, orda-burda reketçilik edib, adam soymaqla məşğuldurlar”.
Bununla yanaşı, müsahibimiz bildirib ki, hazırda Azərbaycan Mətbuat Şurasında "reket” jurnalistikaya qarşı komissiya fəaliyyət göstərir: "İstənilən, məmur və ya vətəndaş jurnalist özbaşınalığı barədə həmin komissiyaya müraciət edir. Jurnalist etikasına, media prinsiplərinə zidd davranışlara yol verən mətbuat orqanı və təmsilçiləri "qara siyahıya” salınırlar. Hətta bildiyim qədəri ilə bu yaxınlarda medianın bəlli qayda-qanunlarını pozan, birtərəfli məlumatlar verən, kimlərinsə şərəf və ləyaqətini alçaldan, dezinformasiyalar yayan bəzi media orqanlarına prokurorluq səviyyəsində xəbərdarlıq da edildi. Yəni reket jurnalistikaya qarşı mübarizə gedir. Amma bütün hallarda "reket” jurnalistlərə pul verən məmurlar reketçiliyə dəstək verirlər. Bu da normal fəaliyyət deyil”.
"Avropada "reket” və ya qərəzli jurnalistlər yoxdur” iddiasını dəyərləndirən jurnalist bu fikirlə razılaşmadı: "Qərəzli və yalan yazan jurnalistlər Avropada da mövcuddur. Azərbaycanda ilk Avropa Oyunları və parlament seçkiləri ərəfəsində müşahidə etdik ki, əksər Avropa ölkələrinin mediasında Azərbaycana qarşı məzmunca eyni olan qarayaxma kampaniyası başladıldı. Məqsəd isə ölkəmizdə baş tutan beynəlxalq əhəmiyyətli tədbirin önəmini azaltmaq idi. Eyni mənbədən ötürülmüş informasiyalar yayırdılar. Yəni Fransa, Almaniya, Böyük Britaniya və ABŞ mətbuatında oxşar məlumatlar yayılırdı. Sual yaranır ki, doğrudan da Avropada qərəzli jurnalist yoxdursa, buna da yol verməli deyildilər axı. Yalnız bir mənbəyə istinad edib, xəbər, yazı vermək olmaz. Məlumat bir neçə mənbədən dəqiqləşdirilməlidir. Dedi-qodu və şayiə xarakterli informasiyaları tirajlamaq doğru deyil. Belə əsassız məlumatları ictimailəşdirmək olmaz”.
"İnsanlar niyə məhz peşəkar deyil, qeyri-peşəkar və "reket” jurnalistikaya daha çox meyilli olurlar” sualına gəlincə, həmkarımız vurğuladı ki, bütün hallarda yaxşı vətəndaş olmaq istəyi hər bir adamda olmalıdır: "Vətəndaş mövqeyi özünü yalnız jurnalistikaya dair məsələlərdə göstərməli deyil. Laqeyd olmaq çox pis haldır. İctimai qınaq olmalıdır. Hər kəs proseslərə bir vətəndaş olaraq öz mövqeyini bildirməlidir. Bütün hallarda yaxşı vətəndaş ola bilsək, bir çox çatışmazlıqların öhdəsindən asanlıqla gələrik”.
Buna rəğmən həmkarımız onu da əlavə edib ki, Azərbaycanda peşəkar jurnalistlər də az deyil: "Ölkədə peşəkar jurnalistlərin sayı qənaətbəxşdirmi” sualını cavablandırmaq mənim üçün çətindir. Ona görə ki, qeyri-təvazökarlıq sayılar. Mən özüm indiyə qədər çalışdığım media orqanlarına təcrübə məktəbi kimi baxmışam. Bundan sonra da işləyəcəyim redaksiyalarda və yaxud da hazırda çalışdığım redaksiyada jurnalistikanı öyrənirəm. Ancaq deyim ki, Azərbaycanda istər televiziya məkanında, istər qəzetçilikdə, istərsə də onlayn jurnalistikada imzası tanınan jurnalistlərimiz var. Çox peşəkar jurnalistin adını çəkmək olar. Azərbaycanda peşəkar jurnalistlər çoxdur”.
(davamı var... )
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb