5 qadının öldüyü hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA




Baş Prokurorluq bu gün Abşeron rayonunda baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb. 

Lent.az prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 15-də saat 12 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. 

Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölüblər.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmi-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
*****
13:56
Faciədə ölən digər şəxslərin də kimliyi bəlli olub. Lent.az-ın xəbərinə görə, bunlar Nübar Musayeva, Mələk Abbasova, Turanə və Lamiyə Xanlayevadır.
Hadisənin ilkin təfərrüatı da məlum olub. Belə ki, tələbələrdən Turanə Xanlayevanın anası ötən gün bacısı Lamiyə Xanlayevanı Bakıya həkimə gətiribmiş. Gecəni isə qızı ilə Xırdalanda keçirmək istəyib.
**
13:38
Xırdalanda baş verən dəhşətli hadisədə ölən tələbələrin adları məlum olub. Lent.az-ın hadisə yerindəki əməkdaşının məlumatına görə, bunlar Mələk Abbasovavə
Turanə Xanlayevadır. Hər iki xanım ikinci kurs tələbəsi imiş.
Ölənlərdən 4 nəfəri Balakən, 1 nəfəri isə Gəncə şəhər sakinləridir.
**
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a bildirilib ki, ölən tələbələr Xırdalan şəhərində yerləşən İqtisadiyyat və Humanitar Kollecdə oxuyurmuş. Onların cəsədləri hazırda morqa gətirilir.
**
13:05
Lent.az-ın APA-ya istinadən məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.
**
12:54
Abşeron rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a bildirilib ki, faciəvi hadisə barədə onlara çağırış daxil olub, lakin təcili yardım əməkdaşları hadisə yerinə gedənə qədər hüquq-mühafizə orqanları tələbə qızların meyitlərini evdən çıxarıb morqa aparıb.
**
12:45
Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib. Abşeron rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısı tələbədir.
Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.