Umud Rəhimoğlu: “Dövlətimizin jurnalistlərə diqqət və qayğısı bundan sonra da davam edəcək”




Bu gün Milli Mətbuat Günüdür. 143 illik tarixi olan mətbuatımızın inkişafında cənab Prezident İlham Əliyevin rolu danılmazdır. Hər zaman jurnalistlərə qayğı göstərən ölkə rəhbəri, söz və ifadə azadlığının təmin olunmasında dövlətin mediaya dəstəyini əsirgəmir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin mətbuatın inkişafına göstərdiyi diqqət hər zaman olub: 

"Bu gün prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası əsasında mühüm layihələr icra edilir. Onlardan biri də məhz jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardır. Əminliklə deyə bilərəm ki, Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat nümayəndələrini mənzillə təmin etmək kimi təcrübəyə malikdir. Hesab edirəm ki, ölkə rəhbərliyi tərəfindən jurnalistikaya edilən bu diqqət və qayğı dünyanın digər ölkələrində sosial dövlət modeli olaraq tətbiq ediləcəkdir. Hesab edirəm ki, dövlətimizin jurnalistlərə diqqət və qayğısı bundan sonra davam edəcək. Üçüncü binadan veriləcək evlərlə neçə-neçə media işçisi, onların ailələri sevinc yaşayacaqlar. Cənab Prezidentin mətbuatın inkişafı ilə bağlı atdığı addımlar, onun jurnalistikaya qayğısı göz qabağındadır”.
U.Rəhimoğlunun sözlərinə görə, jurnalistlərin dostu olan Prezidentimiz hər zaman bildirib ki, qələm əhli onun görən gözüdür: "Azərbaycan jurnalistləri də milli mənəvi dəyərlərin təbliğndə, dövlət maraqlarının qorunmasında laiqli davranış göstərirlər. Beynəlxalq informasiya savaşında, jurnalistlərimiz düşmənlərimizə qalib gəlirlər. Bütün həmkarlarımı, jurnalistlərin dostu cənab İlham Əliyevi Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm!”.

Anar