"Azyaşlı uşaqların diqqətsizlik nəticəsində yuxarı mərtəbələrdən yıxılması, başlarına digər bədbəxt hadisələrin gəlməsi tək valideynlərin günahı deyil”.
Bunu "Sherg.az”a 3 yaşlı körpənin 6-cı mərtəbədən yıxılması, son vaxtlar valideyn nəzarətsizliyi nəticəsində baş verən bədbəxt hadisələr haqqında danışarkən "Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru Günel Səfərova söyləyib.
O düşünür ki, həmin valideynlərin diqqətsiz, məsuliyyətiz olduğunu düşünmək düzgün deyil:
"Sadəcə, təhlükəsizlik məsələsi kiçik yaşlı uşaqları olan valideynlər üçün əsas olmalıdır. Bu sırf təhlükəsizlik məsələsidir. Məsələn, azyaşlı uşaq olan evlərin pəncərələrində müvəqqəti dəmir qoruyuculardan istifadə etmək olar.

Balaca uşaqlar olan evdə pəncərə və ya balkon yaxınlığına onların üzərlərinə çıxa biləcəkləri əşyalar qoyulmamalıdır. Balkonlar isə hündür hasarlanmalıdırlar.
Texniki qaydalarla yanaşı valideyn və ya uşağa baxan insan daim uşağı nəzarətdə saxlamalıdır. Onun anlayacağı formada təhlükəsizlik barədə uşağa danışmalıdır. Lakin çox kiçik yaş qrupundan olanları isə qətiyyən gözdən qoymaq olmaz.
Unutmayaq ki, ən adi diqqətsizlik faciə ilə bitə bilər. Valideyn bacarıqları haqqında çox heyif ki, məlumat alınacaq daha sistemli formal və ya qeyri-formal tədris yoxdur. Amma günümüzdə bu çox lazımdır”.
Qeyd edək ki, iyulun 19-da saat 12 radələrində paytaxtın Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılıb və hadisə yerində vəfat edib.
Aysel Aslan