İlham Şabah: "OPEK-in belə bir addım atması çox təəccübləndiricidir" - Qarşıdurmalar yaradacaq”




"OPEK-in platforması əsasında yaranacaq yeni təşkilat bazarda sabitlik yox, çox böyük qarşıdurmalar yaradacaq”

Bu sözləri "Sherg.az”a OPEK-in platforması əsasında yeni təşkilatın fəaliyyətə başlayacağı haqqında olan xəbərə münasibət bildirərkən Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban söyləyib.

Ekspertin fikirlərinə görə, OPEK-in belə bir addım atması çox təəccübləndiricidir:

"Çünki OPEK-in platforması əsasında yaradılacaq yeni qurumun görəcəyi işlərin öhdəsindən əvvəlki təşkilat yaxşı şəkildə gəlir. Yeni quruma hansı dərəcədə ehtiyacın olmasını mən də tam başa düşə bilməmişəm. 

Bundan əvvəl İran OPEK-in fəaliyyətini düzgün şəkildə yerinə yetrə bilmədiyini və yeni platformaya keçid olmalı olduğunu səbəb gətirərək yaxın vaxtlarda qurumun dağılma təhlükəsi ilə üz-üzə qalacağını bildirmişdi. Amma hazırda Aleksandr Novakın dedikləri İran rəsmilərinin bildirdikləri ilə üst-üstə düşür. Rusiyanın İranın açıqlaması ilə müəyyən qədər uyğunlaşan xəbər yayması onu göstərir ki, şimal qonşumuzun öz maraqlarını əks etdirən və tərəfdaşı olacağı bir qurumun əsasını qoymağa maraqlıdır. 

Bu da dünyada qiymətlərin yüksək səviyyədə tənzimlənməsinə şərait yaradacaq bir monopoliyanın formalaşmasına gətirib çıxaracaq. Belə bir addımın atılması iqtisadiyyatı neftdən aslı olan dövlətlərin iqtisadi və siyasi planlarını həyata keçirmək üçün çox böyük imkan olacaq. Amma onların öz planlarını bu səpkilərdə həyata keçirə bilmələri sual altında qalır. Çünki onların qarşısında ABŞ dayanacaq. 

1973-cü ildə böhrandan sonra OPEK-in bazara təsiri başlaması ABŞ-la Səudiyyə Ərabistanının birlikdə razılaşması ilə gündəmə gəlmişdi. Amma 1969-cı ildə yaran qurumun bazara təsirləri 13 il kağız üzrə idi. Məhz ABŞ-la razılaşmadan sonra OPEK-in dominantlığı aradan qalxdı. Ona görə də, bu qurum gələcəkdə bazarda sabitlik yox, mürəkkəb qarşıdurmalara səbəb olacaq bir vəziyyət yaradacaq. Sonda onu da nəzərə çatdırım ki, OPEK-in aparıcı dövləti olan Səudiyyə Ərəbistanı tərəfindən bu məsələ ilə bağlı hec bir açıqlama yoxdur”.

Qeyd edək ki, Gələn il yanvarın 1-dən OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyətə başlaya bilər. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Onun sözlərinə görə, təşkilat neft hasilatının tənzimlənməsi, ehtiyac olduqda onun həcminin azaldılması funksiyalarına malik olacaq. A.Novak əlavə edib ki, yeni təşkilatın mexanizmləri, mümkün adı və baş qərargahının yeri OPEC+ ölkələrinin energetika nazirlərinin növbəti görüşündə müzakirə olunacaq.

Kənan Eynuroğlu