Ötən dəfə qızılın bir unsiyasının qiymətinin dünya birjalarında kəskin düşməsi ilə bağlı xəbər verdik. Bu barədə "Sherg.az"a danışan ekspertlər isə mövcud vəziyyəti qızılın qiyməti ilə bağlı tarixi minumum kimi dəyərləndirdilər. Ucuzlaşmanın səbəblərini isə müxtəlif amillərlə izah etdilər. Bildirdilər ki, dolların qiyməti bahalaşanda qızılın qiyməti ucuzlaşır. İkinci səbəb kimi isə ticarət müharibələrini göstərdilər. ABŞ və Çin, ABŞ və Avropa dövlətləri arasında Trampın apardığı siyasət nəticəsində ticarət savaşları gedir. Bu da dünya ticarətini dağılmasına səbəb olacaq bir amil kimi qiymətləndirilir. Qızılın qiymətinə mənfi təsir göstərən səbəblərdən bir də budur. Ümumiyyətlə, birjalarda qızılın qiymətinin enməsinə əsas bu iki amil səbəb olur. Mənə elə gəlir ki, proses ilin sonuna kimi bu istiqamətdə davam edə bilər. Bu il qızılın qiyətində tarixi minumumu görə bilərik. Hətta qızlın bir unsiyasının qiyməti 1 220 dollardan da aşağı düşə bilər”
Biz də "Sherg.az” olaraq qızılın ucuzlaşmasına dair xəbərlərin nə dərəcədə real olması və bu sahədə alıcılıq qabiliyyətinin artıb-azalma tempini öyrənmək məqsədilə "Moskva Univermağı”a yollanıb, satıcılar arasında sorğu keçirdik.

Satıcıların bəzisi alqı-satqının zəif olmasından dolayı bizə də bir az aqressiv münasibət sərgilədi, bəzilər mətbuat işçisi olduğumuzu bildikdə "danışa bilmərəm” dedi. Bir neçəsi isə tam səmimi olaraq dərdlərinə dərman olacaqmış kimi ürəklərini boşaltdılar.
Gün boyu heç bir satışımız olmur
Suallarımıza ilk olaraq cavab verən Nigar Məmmədova bidirdi ki, qızıl bazarında vəziyyət əvvəlki illərlə müqayisədə heç də yaxşı deyil:
"Demək olar ki, satış istədiyimiz kimi getmir. Bəzən elə vaxtlar olur ki , gün boyu heç bir satışımız olmur. Bunun təkrar olduğu vaxtlar çox olub. Bu ilin əvvəlindən qızılın qiymətinə ucuzlaşmalar var. Bu enmələrə əvvəl sevindik ki, müştərilərimiz çoxalacaq, normal satışımız olacaq. Amma satış yaxşı getmir”.
İşimiz yaxşı getmir
Digər satıcı Aygün İbrahimova qeyd etdi ki, qiymətlər baha olanda satış yaxşı olur:
"Bu il o qədər də işimiz yaxşı getməyib, normal qazanc əldə edə bilməmişik. Bəzən bazarda satış olmur. Satıcılar arasında müflis olanlar da olub. Əvvəlki illərlə müqaisədə bu il qiymətlər kəskin şəkildə aşağı enib. Amma qabaqkı illər satışımız normal şəkildə, bəzən də çox yaxşı gedib. İndi qiymətlərdə enmələr olsa da, satışımız zəif olur, bəzən də heç olmur. Qızıl bazarında belə bir hal var ki, qiymətlər baha olanda satış yaxşı olur, aşağı olduqda isə satış zəif gedir. Bu il əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı enib. Ümid edirəm ki, digər aylarda normal qazancımız olar”.
Qiymətlər aşağı düşüb, amma...
Adının çəkilməsini istəməyən orta yaşlı kişi satıcı da gileylərini gizlətməyib, narazılığını dilə gətirdi: ""Bütün satıcılar qazanc üçün buradadır. Hər birimizin bu məkanda olmağmızın səbəbi ailəmizə bir tikə çörək aparmaqdır. Amma hazırda heç bir qazancımız olmur. Hətta məcbuq qalıb ikinci işlə məşğul olmağa çalışırıq. Ötən illərə baxdıqda əhalinin alıcılıq qabiliyyətində kəskin fərq var. Bu prosesi biz də tam olaraq başa düşə bilmədik. Çünki qiymətlər aşağı düşüb, amma əhali qızıl məhsullarından uzaq durur”.
Builki kimi zəif satışla rastlaşmamışıq
İllərdi qızıl bazarında satıcı kimi külüng vuran, bazarın ən təcrübəli satıcılarında biri olan Zenfira Kərimova suallarımıza "heç belə il olmamışdı” deyərək başladı:
"Neçə ildir ki, qızıl bazarında satıcı kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində satışın pis vəyaxşı olduğu vaxtlar da olub. Amma demək olar ki, bu il kimi zəif satışla rastlaşmamışıq. Əvvələr qiymətlər düşəndə satış yaxşı gedirdi. Normal alıcılarımız olurdu. Biz də ailəmizi dolandıra bilirdik. Keçən il qiymətlər bu ilə nisbətən yüksək idi. Lakin müştərilərimiz bol idi. Bu il qızılın qiymətinin düşməsi satıcılar üçün o qədər də sevindirici olmadı”.
Atamdan qalma peşəmi buraxmağı da fikirləşirəm
Atasının peşəsini davam etdirən Orxan Həsənov söylədi ki, qiymət düşüb, ancaq qazancları olmur:
"Həqiqətən bu il fəaliyyətimiz çox pisdir. İşimiz yaxşı getmir. Burada olan satıcıların hamısında vəziyyət eynidir. İçərimizdə yalnız bir-iki satıcı nisbətən normal satış edir. Onlarında daimi müştəriləri var. Amma əksəriyyətimizin qazancı yoxdur. Səhərdən axşama burada oluruq. Lakin heç nə sata bilmirik. Qızılla bağlı yaxınlaşanların çoxu qiymətlərlə maraqlanıb, bəzi çeşidləri gözdən keçirib, sonrada ağızlarını burub gedirlər. Bəzən günlərlə heç bir məhsul satmamışıq. Bazarın bu vəziyyəti indiki dövürdə bizə çox problem yaşadır. Normal qazancımız olur deyə vaxtımız boş yerə gedir. Hətta atamdan qalma peşəmi buraxmağı da fikirləşirəm”.
Heç kimdə normal satış yoxur
"Axşamdır, vitrini yığmalıyam” deyən Gülsüm Səfərova da qızılın alıcılıq qabiliyyətindən narazıdır:
"Bu il qiymətlərdə o qədər də dəyişiklik yoxur. Bizə qızıl gəlir, biz də onun üzərinə bir az qiymət qoyub satırıq. Yəqin ki, aldığımız qızıl ucuz olsa, ona uyğun şəkildə qiymətləndirərdik. Əvvəlki illərə baxanda bu il ilə satış yaxşı deyil. Ümumiyyətlə heç kimdə normal satış yoxur”.
Həmin müştərilər yoxdur
Digər satıcılar kimi yaranmış çətin vəziyyətdən ürək dolusu danışan Vəfa Abbasova da düşünür ki, artıq heç kəs qızıl almaq istəmir:
"Bizdən qızıl alanlar orta təbəqəyə malik ailələr olur. Onlarda bir dəfə alır və uzun vaxtlar bazara yaxınlaşmır. Çünki qızıl ərzaq deyilki, bir müddətdən sonra qurtarsın, gəlib yenə alsınlar. Nisbətən imkanlı ailələr isə qızılı ölkəmizdən almırlar. Əsasən xaricdən sifariş verirlər. Yaxud da şəhərin mərkəzindəki qızıl satışı ilə məşğul olan butiklərdən alırlar. Yəni hazırda bizim qızıl alverimiz yaxşı getmir. Əvvəl illər qiymətlər baha olsa da, normal satışmız olurdu. Amma bu il qiymətlər düşüb. Hazırda qızılın qiyməti qabaqkı illərdə əhalinin tələb etdiyi ilə eyni səviyyəsindədir. Lakin həmin müştərilər yoxdur. O da bizim dolanışığımıza pis təsir göstərir”.
Vəziyyət ürəkaçan deyil
Sorğumuza ümidsiz şəkildə cavab verən Elton Zamanov bunları söylədi: "Deyəsən bazarımız bağlanır. Qızıl bazarından danışılacaq o qədər də söz yoxdur. Çünki əhalinin alıcılıq qabiliyyəti çox zəifdir. Bu il qızılın qiymətləri aşağı düşəndə sevindik ki, yaxşı satış edəcəyik. Amma gözlədiyimizin tam tərsi ilə qarşılaşdıq. Xüsusi ilə bazarın bu vəziyyəti kişi satıcılar üçün çətindir. Çünki ailəni indiki zamanada belə qazancla dolandırmaq mümkün düyil. Hətta aramızdan bəzi satıcılar bu səbəbdən ayrılıb. Ümumiyyətlətlə, qızıl bazarında vəziyyət ürəkaçan deyil”.
Hazırladı: Kənan Eynuroğlu