199 saylı marşrut avtobusunda gediş haqqının 25 qəpiyə qaldırılması narazılıq yaradıb





"Bəzi marşrutlar sözün həqiqi mənasında uzun məsafəni qət edirlər. Buna görə, gediş haqqının 25 qəpik olması narazılığa səbəb olmamalıdır”.

Bunu "Sherg.az”a Şərq bazarından Bakı Mühəndislik Universitetinə qədər hərəkət edən 199 saylı marşrut avtobusunun kart sistemi ilə ödənişə keçməsindən sonra gediş haqqının 25 qəpiyə qalxmasının səbəblərini izah edərkən nəqliyyat eksperti İlqar Hüseynli söyləyib. O qeyd edib ki, şəhərətrafı bölgələrə hərəkət edən marşrutlarda qiymət fərqinin olması, uzun məsafələrə xidmət edən avtobuslarda gediş haqqının bahalığı normaldır:

"Nəqliyyatda gediş haqqını müvafiq qurumlar deyil, Tarif Şurası müəyyənləşdirir. Tarif Şurası qurumların müraciəti ilə araşdırma aparır, məsafəni nəzərə alıb, qiymət haqqını müəyyənləşdirir. Sərnişinlərlə sürücü birbaşa təmasda olduqda 25 qəpik gedişhaqqının tələb edilməsi açıq etirazlara, bəzi hallarda davalara səbəb olurdu. Amma kart sisteminə, nağdsız ödənişə keçdikdən sonra daha dəqiq ödəniş həyata keçirildi. Mübahisələrin həlli, Tarif Şurasının müəyyən etdiyi gediş haqqından doğan narazılıqların çözülməsi yuxarı instansiya orqanlarının səlahiyyətində olan məsələdir”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev marşrut xəttində qiymət artımı olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, 199 saylı marşrut xətti üzrə gediş haqqı kart sisteminə keçməzdən əvvəl də 25 qəpik olub:

"Sadəcə ara dayanacaqlarda, qısa məsafələrdə 20 qəpik ödənilirdi. İndi kart sisteminə keçib deyə vahid məbləğ çıxılır. Hazırda bununla bağlı iş aparılır ki, məsələ həll edilsin. Yəqin ki, yaxın zamanda 199 saylı marşrut xəttinin istifadəçilərinə yekun məlumatı açıqlayacağıq”.

Aysel Aslan