Sarkisyan: "Putin istəyinə çatdı"

Ermənistan prezidenti Soçi görüşünü şərh edib



 "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edən Rusiya prezidenti Vladimir Putin öz məqsədinə çatdı".
ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan "Armnews" telekanalına Soçi görüşünü şərh edərkən bildirib.
"Vladimir Putin tərəflərin Dağlıq Qarabağ münaqişəsini həll etməkdə nə dərəcədə istəkli olduqlarını və onların gözləntilərini müəyyənləşdirmək istəyirdi", - deyə Sarkisyan bildirib.
Serj Sarkisyan gələcəkdə danışıqlar prosesinin hansı formatda aparılacağı sualını da cavablandırıb: "Bu barədə konkret danışıq olmayıb. Ancaq problemin həlli ilə Minsk qrupunun həmsədrlərinin məşğul olduqları gözlənilir".
Xatırladaq ki, avqustun 10-da Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar olub.