Bakıda xüsusi istedada malik 704 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub

Ərizə qəbulu və müsahibə davam edir




Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı keçirilən müsahibələrdə iştirak edən uşaqlardan 704-ü I sinfə qəbul olunub.
Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, 529 nəfər isə müsahibədən keçə bilməyib. Qeydiyyatdan keçən 47 şagird müsahibəyə qatılmayıb.
İdarədən o da bildirilib ki, müsahibədə iştirak edərək, qəbul olmayanlar yenidən qeydiyyatdan keçə bilməzlər. Hazırda qeydiyyatdan keçmiş 2308 nəfər müsahibəni gözləyir.
Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibələrə avqust 5-dən start verilib. Təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul elektron ərizələr vasitəsilə aparılır.
Elektron ərizələrin qəbulu avqust ayının 20-dək, müsahibələr isə sentyabrın 10-na qədər davam edəcək.