Bakıda ana və 17 yaşlı qızı özlərini binanın 9-cu mərtəbəsindən atıb

Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil




Bu gün Bakı şəhirinin Yasamal rayonunda özlərini binanın 9-cu mərtəbəsindən ataraq intihar edən ana və qızı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölən şəxslər Laçın rayonunda məcburi köçkün olublar. Belə ki, bir neçə gün əvvəl ailənin kiçik qızı, 14 yaşlı Aytən Fərzəliyeva itkin düşüb. Valideynləri bu barədə polisə müraciət ediblər. Daha sonra məlum olub ki, evin böyük qızı olan 17 yaşlı Aytac Fərzəliyeva kiçik bacısının sevdiyi şəxsə qoşulub qaçması barədə məlumatlı olub. A.Fərzəliyevanın intiharından sonra tapılan məktubu da bunu sübut edir.
İntihara gəlincə, bildirilir ki, ilk olaraq A.Fərzəliyeva pəncərəyə çıxaraq özünü atıb. Onun anasının isə qızını xilas etmək üçün cəhd edərkən və ya keçirdiyi sarsıntının təsiri altında özünü pəncərədən atdığı versiyaları araşdırılır.
*****
10:25
Bakı şəhərində dəhşətli intihar hadisəsi baş verib.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Yeni Yasamal 2, ev 10 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.
Yasamal rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, intihar edən K.Abbasovanın 14 yaşlı qızı Aytən Fərzəliyeva 4 gün əvvəl itkin düşüb. Qadın 14 yaşlı qızının evdən çıxıb bir daha geri qayıtmaması barədə 2 gün əvvəl polisə müraciət edibmiş.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.