“Şizofreniya xəstələri bir-biri ilə evlənməməlidir. Əks təqdirdə, uşaqları əqli çatışmazlıqla doğulacaq”
Şizofreniya qorxulu xəstəlikdir
Bu xəstələr ev şəraitində yox, xəstəxanada müalicə almalıdırlar
“Şizofreniya xəstələri bir-biri ilə evlənməməlidir. Əks təqdirdə, uşaqları əqli çatışmazlıqla doğulacaq”
“Şizofreniya xəstələri bir-biri ilə evlənməməlidir. Əks təqdirdə, uşaqları əqli çatışmazlıqla doğulacaq”
2017-ci ilin statistikasına görə, ölkədə şizofreniya xəstələrinin sayı artıb. 16710 nəfər rəsmi olaraq qeydə alınıb. Onlardan 9696 nəfər kişi, 7014 nəfər isə qadındır. 2016-cı ilin statistikasında isə bu say 16535 nəfər olub.
Şizofreniyalı xəstələr deyəndə insanların ağlına qeyri-adi hadisələr törədən şəxslər gəlir. Belə insanlar həm özlərinə, həm də ətrafdakılara zərər vura biləcək qədər təhlükəli olurlar. Amma çoxumuz bu xəstəliyin nədən yarandığını, hansı fəsadlarının olacağını bilmirik.
Şizofreniyalı xəstələrlə işləməyin çətin olduğunu vurğulayan psixoloq Təhmasib Cavadzadənin sözlərinə görə, insanlar nevroz və psixoz xəstələrinə də şizofreniyalı kimi baxır. Əslində isə belə deyil. Nevroz öz-özünə və ya müalicə ilə sağalan xəstəlikdir. Nevrozun daxilində onlarla xəstəlik yatır və onlar müalicə olunur. Buna fobiya, panikatak və digərlərini misal göstərmək olar. Bu xəstəliklər hər bir insanın başına gələ bilər. Psixoz isə daha ciddi və təhlükəli xəstəlikdir, adətən irsi keçir. Bunlardan ən geniş yayılmışı şizofreniyadır. Belə xəstələr həm özləri, həm də ətraf üçün təhlükəlidir. Xəstəlik ən çox yaz və payız aylarında şiddətlənir. Təəssüflər olsun ki, şizofreniya xəstəliyini tam müalicə etmək mümkün deyil. Sadəcə dərmanlarla qismən yüngülləşdirmək olur.
Psixoloqun sözlərinə görə, şizofreniyalı xəstələr qrafiklə dərman içdikləri üçün belə xəstələrin ev şəraitində müalicəsi çətin olur, xəstəxanada saxlanılırlar:
"Elə pasiyentlər var ki, xəstə olduğunu qəbul etmək istəmir deyə xəstəxanada yatmaqdan da, dərman qəbul etməkdən də imtina edir. Bu isə xəstəliyin daha da dərinləşməsinə səbəb olur. Xüsusən də şəxsiyyət pozğunluğu olan xəstələr özlərində olan problemi görmürlər. Elə bilirlər ki, hər kəs xəstədir, təkcə onlar sağlamdırlar.
Bu xəstəliyin irsi olduğunu vurğulayan həkim deyib ki, anada, atada və ən yaxın qohumlarda varsa, övladlarında da ola bilər. Bibi, əmi, dayı, xaladan da keçmə ehtimalı böyükdür. Ən ağır forması isə iki şizofreniya xəstəsinin nikahından dünyaya gələn uşaqda olur. Həmin insanların valideynlərindən "övladınızın xəstə olduğunu bildiyiniz halda, niyə evləndirirdiniz?" — deyə soruşanda, cavab verirlər ki, "nəvə görmək istəyirdik". Anlamırlar ki, belə xəstə nəvə həm onlar üçün mənəvi əzabdır, həm də cəmiyyət üçün təhlükəlidir. İki şizofreniyalı xəstəni evləndirmək qəti qadağandır. Belə xəstələrə, ümumiyyətlə ailə qurmaq olmaz. Onların nikahından doğulan uşaqlarda bəzən əqli gerilik də olur. Belə uşaqların gələcəyi də olmur”.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov şizofreniya xəstəliyini kliniki problem kimi qiymətləndirib:
"Şüurun parçalanması, insanın hadisə və proseslərə adekvat reaksiya verməməsidir. Belə xəstəliklərin bir hissəsi genetik yolla keçir. Xüsusilə bunun ağır dərəcəsi ana tərəfindən irsi olaraq keçərsə, böyük problemə çevrilər. Həmçinin, ata kökündən keçməsi də istisna edilmir”.
Sonradan qazanılan şizofreniyadan da danışan E.Rüstəmov bunun psixoloji yox, psixiatrik xəstəlik olduğunu söyləyib: "Bu xəstəliyi müalicə etməklə müəyyən qədər qarşısını almaq olar. Belə xəstələr cəmiyyət üçün təhlükəli ola bilər. Ona görə də xüsusi dərman qəbul edən şəxslərin cəmiyyət üçün ciddi təhlükəsi yoxdur. Dərman qəbul etməyənlər isə əksinə, çox təhlükəlidir. Hətta bu tip insanların cinayət törətsə belə, həbs edilməmələri təsadüfi deyil”.
Şizofreniya xəstələri var olmayan səslər eşidir, var olmayan insanları "gördüklərini" söyləyirlər (halyusinasiya). Bu səbəbdən də aqressiv, narahat və həyəcanlı olurlar.
Şizofreniya xəstəliyinin əlamətləri özünü bəzən yavaş-yavaş, bəzən isə qəfildən göstərir. Belə xəstələrin diqqəti dağınıq olur, özünə fikir vermir, ətraf mühitlə maraqlanmır, lazımsız elmlə maraqlanır və s.
Bu əlamətlərlə başlayan narahatçılıqlar sonradan özünü boş-boşuna, mənasız yerə deyinmə, anlamsız hərəkətlərlə göstərir. Şizofreniya xəstəliyi öz əlamətlərini müxtəlif situasiyalarla göstərə bilər. Məsələn, bəzi xəstələr ətrafdakı hamının ona zərər verəcəyini düşünür, daima özünü qorumaq üçün yollar axtarır.
Bəzi şizofreniya xəstələri isə daima səslər eşitdiklərini iddia edirlər. Onların səs halyusinasiyaları qorxuducu ola bilir. Belə xəstələr elədikləri hərəkətlərə cavabdehlik duymurlar. Hətta ağır cinayət törətmiş adamların bəzilərinin şizofreniya xəstəsi olduğu öz təsdiqini tapıb. Onların bəziləri törətdikləri cinayəti onlara kiminsə etdirdiyini söyləyirlər. Şizofreniya xəstələrinin duyğularında zəifləmə, hərəkətsizlik, işdən və təhsildən ləngimə, çevrədən uzaqlaşıb, tənhalığa üstünlük vermə kimi əlamətlər olur. Şizofreniya xəstələrində intihara meyillilik çox olur və intihara nə vaxt təşəbbüs edəcəyini təyin etmək mümkün olmur.
Şəymən