Vəfa Quluzadə: “Rusiya Qafqazda genişmiqyaslı müharibə başlatmaq istəyir”







"Soçi görüşü bitməyib, davamı olacaq”. Bu barədə "Şərq”ə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Soçi görüşündən sonra Azərbaycan və Ermənistan prezidentlərinin yenidən bir araya gəlmə ehtimalını şərh edərkən bildirib. Onun sözlərinə görə, Putinin məqsədi Qafqazda müharibə başlatmaqdır:

"Moskva çıxılmaz vəziyyətdədir. Ukrayna hadisələrində uduzdu. Buna görə də Rusiya Qafqazda genişmiqyaslı müharibə başlatmaq istəyir. Putin istəyir ki, Qərbin bütün diqqətini Cənubi Qafqazın üzərinə çəksin. Nəticədə isə onların məqsədi Qərbi özlərinə yalvartmaqdır ki, Qafqazda başlanan müharibəni sona çatdırsınlar. Bu baş tutarsa, regionda "bazarlıq” yaranacaq. Putin də Qərbdən tələb edəcək ki, Ukraynadan tamamilə əl çəksin”. Politoloq qeyd edib ki, Kreml Azərbaycanı öz məqsədləri üçün müharibəyə sürükləməyə çalışır: "Son günlər Jirinovski və digər rusiyalı politoloqların Azərbaycanı istədiklərini söyləməsi heç də təsadüfi deyil. Onlar belə təsəvvür yaratmaq istəyirlər ki, guya, Moskvanın bütün partiyaları Azərbaycanın tərəfindədir. Göründüyü kimi, son günlər rusiyalı ekspertlər həm də fikirlər səsləndirirlər ki, Azərbaycan torpaqlarını indi azad edə bilərsə, edəcək. Yoxsa başqa zaman bu, Azərbaycan üçün çətin olacaq. Əslində isə onlar Azərbaycanı aldatmağa çalışırlar. Rusiya düşünür ki, rəsmi Bakı bu fikirlərə inanaraq, Ermənistan üzərinə hücuma keçəcək. Sonra isə Putin dünyaya bildirəcək ki, Azərbaycan tərəfi təcavüzkar dövlətdir. Yəni biz bu cür dəhşətli təhlükənin qarşısındayıq. Bütün bunları nəzərə almaq lazımdır. Hesab edirəm ki, bundan sonra yenidən Putin prezidentlərin görüşünü təşkil edəcək”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri 10 avqust tarixində Rusiya prezidenti Putinin dəvəti ilə Soçidə görüşüblər. Və artıq növbəti görüş ehtimalları barədə fikirlər səslənməkdədir.

Ayyət Əhməd