Bədbəxt sonluq...

Dəlisov qız ailə qurması ilə şok yaşatmışdı, indi tənhadı




































Şou-biznesin əsas fiqurlarından sayılan Röya hər zamankı kimi yenə diqqət mərkəzindədir. Əslində maraqlı bir tandem var. Röya ilk sənətə gələndə onu tənqid edənlər çox oldu. İfa tərzini, stilini, açıq-saçıq şəkillərini və s. Bir müddət sonra isə gənc müğənni olaraq o, seçilməyə başladı. Xüsusilə də sənətdə vizit kartı sayıla bilən "Səninəm” mahnısından sonra müğənni əməlli-başlı populyar olmağa başladı. Hətta onu sevməyənlərdə belə özünə qarşı simpatiya yarada bildi ki, qısa müddətdə müğənninin fanat ordusunun sayı çoxalmağa başladı.

Pərəstişkarlarının sayı çoxaldıqca, Röya barədə fikirlər də dəyişməyə başladı. Düzdür, dəlisov qızın bəzən ağlasığmaz açıqlamaları, şok yarada biləcək müsahibələri də diqqətdən qaçmırdı. Hələ sosial şəbəkələrin bu qədər inkişaf etmədiyi dövrdə gənc müğənninin telefonlarda yayılan görüntüləri də bir müddət müzakirə mövzusu oldu. Amma o zamankı Röya bütün bunlara o qədər də ciddi önəm vermədi. Onu tənqid edənlərə də bəzən sərt cavab verdi, bəzən də üstündən keçməyi bacardı. Beləcə, Röya bu gedişlə bir çoxlarının ulduzuna çevrildi.

Elə bu məqamlarda onun şəxsi həyatı daha çox maraq dairəsində oldu. O zamanlar üçün Röyanın ailə quracağı heç kimin ağlına belə gəlməzdi. Açıq-saçıq fikirləri, görüntüləri, klipləri ilə gündəmi tutan Röyanın bu müddətdə birdən-birə Azərbaycanın tanınmış iş adamının oğlu ilə

sevgili olduğu məlum oldu. Bu xəbərdən az sonra isə Röya növbəti şoku yaşatdı. Daha doğrusu, Röya həmin iş adamının oğlu Anarla nikah masasına oturdu. Bir çoxlarının ulduzu olan xanım müğənni rəsmi şəkildə toy etdi. Hərçənd Röyanın toyu da müzakirəsiz ötüşmədi. Toy günü Anarın valideynlərinin orda iştirak etməməsi, toyun qəfildən, yalnız dostlar arasında olması da müxtəlif fikirlərin yaranmasına səbəb oldu. Bir sözlə, o zaman yazılanlardan, deyilənlərdən bu nəticəyə gəlmək olurdu ki, Röya Anarın ailəsi üçün istənilməyən gəlin idi. Nə isə, hər halda bunlar deyilsə də, deyilməsə də, bir həqiqət də var idi ki, Röya rəsmi şəkildə ailə qurdu, başına fata saldı, el adəti ilə toy elədi və gəlin köçdü. Üstəlik də, toydan bir il sonra cütlüyün bir oğlu dünyaya gəldi. Röyanın ailə qurandan sonra xoşbəxt ailə tablosu isə bir çoxlarını təəccübləndirdi, bəzilərini qıcıqlandırdı, bəzilərini isə özündən çıxartdı. Hətta toy günündən başlayaraq bir çoxlarının verdiyi proqnoza görə, bu ailə müvəqqəti olacaqdı, cütlüyün xoşbəxt ailə portretinin ömrü uzun çəkməyəcəkdi. Hər halda bu, bəzilərinin fikrincə belə idi. Röya oğlu olandan sonra əvvəlki dəliliklərindən sanki bir az uzaqlaşdı, bir qədər təmkinli olduğunu nümayiş etdirməyə başladı. Müğənni həm də bununla bir daha sanki kimlərəsə nəsə sübut etməyə çalışırdı. Sübut etməyə çalışırdı ki, müğənninin də ailəsi ola bilər, qadın müğənni ilə də ailə quran tapılar və s... Əslində düzünü desək, Röyanın ailə qurmasından sonra həqiqətən bir çoxlarının şou əhlinə münasibətində qismən də olsa, dəyişiklik hiss olundu. Hətta mətbuatda, kamera qarşısında həyat yoldaşı ilə birgə çıxış edən Röya bir çoxlarına ailə dərsləri keçməyə başladı. Evdə kişinin yeri haradır. Arvad evdə ərinə necə hörmət etməlidir, həyat yoldaşına münasibəti necə olmalıdır və sair və ilaxır. Hətta açıqlamalarında müğənni bildirirdi ki, Anarsız həyatını bundan sonra təsəvvür edə bilmir, gəlin kimi onu sevirlər, qayınanası, qayınatası ilə münasibətləri olduqca əladır, filan-falan. Nə isə. Əslində bir qadının xoşbəxt olduğunu görmək xoşdur. Xüsusilə bu qadın şou-biznes aləmindədirsə, səhnədə, televiziya sahəsində çalışırsa. Bu baxımdan Röya hətta ideal ailə formulu yarada bilmişdi şou əhli üçün. Hətta özünü bir çoxlarına örnək belə göstərə bilirdi. Bu da bir qadın psixologiyasından çıxış kimi sayıla bilər. Hər halda cütlük bir neçə il xoşbəxt olduqlarını göstərə bilmişdilər ki... Nə isə baş verdi... Şou-biznesin ideal cütlüyünə göz dəydi... Röya ilə Anar boşandılar. Ailəli olanda bir çoxlarına od püskürən Röya isə sanki ayrıldıqdan sonra susmağa üstünlük verdi. Bir müddət hətta boşanma xəbərini mətbuatdan da gizlətdilər. Amma olacağa çarə yoxdu. Bir də nə vaxta qədər gizlədərdilər ki? Axı onların bir yerdə olmadığını başa düşmək çətin deyildi. Son vaxtlar Anarın sosial şəbəkələrdə oğlu Hüseynlə tək şəkilləri, Röyasız məkanlarda əylənməsi heç kimin diqqətindən qaçmamışdı. Artıq Röya da açıqlamalarında, müsahibələrində, kamera qarşısında çıxış edərkən ailə dərsləri vermirdi...

Düzdür, Röya bir müğənni ilə də ailə qurmaq olar, ondan övlad gətirmək mümkündür fikrini yarada bildi. Amma onların ayrılığı da bir daha onu göstərdi ki, şou-biznes aləmində, televiziya sahəsində qadın olaraq çalışmaq heç də asan deyil. Paralel olaraq həm ailənin yükünü daşımaq, həm sənətinlə məşğul olmaq, həm sevənlərinə diqqət ayırmaq, həm konsert vermək isə hər igidin işi deyil...

Tahirə