Sevgisiz qadınlar...

Boşanmış xanımlar əsəbi olurlar
Ona görə də ikinci dəfə evlənmək istəkləri olmur, namizədlərə "yox" deyirlər


Boşanmış qadınların təkrar ailə qurmasında problem olduğu hamıya məlumdur. Hətta, onların bir çoxu öz gözəllikləri və şəxsi keyfiyyətləri (namuslu, ismətli olmaları) ilə, diqqət çəksələr də, təkrar ailə qurmaları problemə çevrilir. Maraqlıdır ki, bir çox hallarda həmin qadınlar özləri bundan imtina edirlər. Yəni qarşısına çıxan namizədlərə "yox” cavabı verirlər. Bəzi hallarda isə, münasibət alınmır.

Sual yaranır: niyə bu cür qadınlar bir evin xanımı olmaqdan imtina edib, ata evinin küncündə oturmağa üstünlük verirlər? Bu, taleyin qismətidirmi, yoxsa, burada hansısa bir qanunauyğunluq var?
İş təcrübəsində bu cür qadınlarla tez-tez rastlaşdığını deyən tanınmış psixoterapevt, elmi-lədun bilicisi Paşa Yaqubun "Şərq”ə açıqlamasına görə, boşanmış qadınlar arasında test sorğusu apardıqdan sonra aydın olur ki, həmin qadınlarda aşırı əsəb mövcuddur. Ona görə də onlar həyat yoldaşları və digər ailə üzvləri ilə yola gedə bilmirlər: "Bu cür qadınlarda, adətən baş, boyun, çiyin, bel ağrıları, əsəb, ürək döyüntüləri, diksinmə, qorxu, vahimə, boğulmalar, cinsi istəksizlik, həvəssizlik, ümidsizlik, sevgisizlik, inamsızlıq və s. hallar müşahidə olunur. Sadaladığım bu əlamətlərdən bir neçəsi olan qadınların ərləri ilə yola getməsində problem yaranır. Çünki belə qadınlarda bir qayda olaraq cinsi istək olmadığından, ərləri ilə aralarında məhəbbət bağı qırılır. Bundan sonra ailədə soyuma başlayır. Qadında öz ərinə, yaxud digər ailə üzvlərinə qarşı aqressiya baş qaldırır. Bəzi ağır hallarda qadın ərinin ona yaxınlaşmasını özünə təhqir bilir və özünü zorlanmış hesab edir. Beləliklə, qadın bu və digər səbəblərdən əriylə birlikdə yaşamağı mümkünsüz hesab edir və boşanmaq qərarına gəlir. Boşandıqdan sonra bu cür qadınlar qarşılarına çıxan bəy namizədlərə bir qayda olaraq "yox” cavabı verirlər, yaxud da, onların münasibəti alınmır”.
Psixoterapevtin sözlərinə görə, apardığı psixoloji araşdırmalar, eləcə də test sorğularının nəticələri göstərir ki, bütün bunlar ətraf mühitdən gələn neqativ enerjilərin təsirindən yaranır: "Bu enerji, əsasən insanın onurğasında toplanaraq ostroxondroza, yaxud, fəqərə yırtıqlarına səbəb olur. Bütün bunlar sinir sistemini pozur. Ətraf mühitdən orqanizmə daxil olan mənfi enerjinin ikinci ən çox toplandığı yer cinsiyyət orqanlarıdır. Bu halda qadında cinsi istəksizlik yaranır, menstruasiyanı pozur və güclü sancılara, ağrılara, bəzi hallarda yumurtalıqlarda kistaların, polikistozların, miomatik düyünlərin yaranmasına gətirib çıxarır. Belə qadınlarda cinsi istək olmur. Son nəticədə, yuxarıda qeyd etdiyim kimi, bu cür əlamətləri olan boşanmış qadınlar adətən evlilik təkliflərinə "yox” cavabı verirlər. Səbəb onların qəlbindən sevgi və inam hissinin silinməsidir. Belə ki, kompüterlərimizə düşən virus ondakı fayl və proqramları necə silirsə, insana daxil olan neqativ enerji də qəlblərdən sevgi və inam faylını elə silir, həyatı dondurur, cinsi istəyi, məhəbbəti öldürür. Nəticədə bu cür qadınlar boşanmağa meyilli olurlar və sonradan ailə qurmağa daxili həvəsləri olmur.
Bu gün cəmiyyətimizdə mənfi enerji həddən artıq çox yayıldığından, bu enerjinin təsirinə məruz qalan qadınların da sayı sonsuzdur. Nəticə olaraq, son dövrlər boşanmaların sayında aşırı artım müşahidə edilməkdədir”.
Həkim bildirib ki, tibb elmi neqativ enerjiyə qarşı vasitə kəşf etməsə də, psixoloji və elmi-lədun (elmin alt qatı) metodu ilə cəmi 21 günə bu enerjidən və onun yuxarıda sadalanan fəsadlarından xilas olmaq mümkündür: "Bütün bu əlamətlərdən xilas olan qadınların səhhətində mövcud olan sadaladığım problemlər aradan qalxmaqla yanaşı, məhəbbət hissi bərpa olur və o, sevərək ailə qurur, əsəbi olmur və ailəsinə bağlı olduğundan boşanmaq haqqında bir daha düşünmür”.

Yeganə Bayramova