“Qazprom”un gəlirləri 40 faiz azalıb

İlham Şaban bunu Avropa Birliyinin sanksiyaları ilə bağlamır



Rusiyanın Dövlət Neft Şirkəti və dünyanın bir nömrəli qaz istehsalçısı və ixracatçısı "Qazprom”un gəlirləri 40 faiz azalıb. Azalma nəticəsində şirkət 6,19 milyard dollar gəlirdən məhrum olub. Şirkətin birinci rübdə dövriyyəsi 7 faiz artıb.

Amma "Qazprom”un xalis gəlirləri ekspertlərin proqnozlarını doğrultmayıb. Belə ki, şirkətin birinci rübdə xalis gəlirləri 15 faiz azalıb. Dövriyyənin artmasına baxmayaraq, gəlirlərin azalması şirkətin istehsal zamanı böyük xərcləmələr həyata keçirməsi ilə izah edilir.
Şirkətin gəlirlərinin azalma səbəblərini "Şərq”ə şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Qazprom”un gəlirlərinin azalmasını Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı olmadığını açıqlayıb: "Çünki ABŞ Rusiyaya iqtisadi qadağalarını ilin birinci yarısından, əsasən də avqust ayından etibarən Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Digər bir tərəfdən Arvopanın sərt iqtisadi qadağaları enerji sahəsini əhatə etməyib”.
İ.Şaban "Qazprom”un mənfəətinin azalmasını şirkətin düzgün menecment sistemi qurmamasında görür: "Həmçinin, qazın qiymətinin aşağı düşməsi ilə bağlıdır. Ötən il Avropa bazarında qazın qiyməti yüksək idi. Lakin 2014-cü ilin birinci yarısından başlayaraq qiymətlər enməyə başladı. Bu isə "Qazprom”un gəlirinə çox böyük zərbə vurdu. Çünki adıçəkilən şirkətin gəlirlərinin 62 faizi xarici bazardan gəlir.
O, həmçinin vurğulayıb ki, şirkətin gəlirlərinin azalması hələ iqtisadi sanksiyaların təsirindən xəbər vermir: "Sanksiyalar və başqa məsələlər "Qazprom”un 2015-ci ildəki hesabatında öz əksini tapa bilər”.
Böyük bir qaz istehsalçısının gəlirlərinin azalmasının Rusiya iqtisadiyyatına təsirinə gəlincə, İ.Şaban bildirdi ki, bu, qaz sektoruna təsir etməyəcək: "Ümumiyyətlə, nə ABŞ, nə də Avropa Birliyi enerji sahəsinə iqtisadi qadağalar tətbiq etmirlər. Ona görə ki, "Qazprom”un Avropa qaz bazarında payı böyükdür. O ölkələr bu məsələyə həssaslıqla düşünərək yanaşırlar. "Qazprom”un Avropa Birliyi bazarındakı çəkisi 138. ümumi Avropa bazarında isə 152 milyarda yaxın kubmetrdir. Bu qədər qazı Avropa Birliyinə verəcək başqa ölkə olmadığına görə, bunu "Qazprom” şirkəti ixrac edir”.
İqtisadçı hesab edir ki, Avropa Birliyi Rusiyanın qaz ehtiyatlarından imtina etməyəcək: "Çünki Avropa dünyanın ən böyük istehlak bazarıdır. Rusiya isə beynəlxalq aləmin bir nömrəli qaz ehtiyatıdır. Ona görə də bu ölkələr həmişə biri-birinin yanındadırlar: "Bu ölkələr gərək 2018-ci ildən sonra yeni qaydalarla, Avropanın qənaət edə biləcəyi siyasət ilə daim Rusiyadan qaz alsınlar. 2018-ci ilə qədər müəyyənləşmiş qaz qiymətlərə əsasən 2013-cü ildə "Qazprom”un orta qaz ixrac qiyməti bir kubmetr üçün 389 dollar idisə, 2014-cü ilin sonuna isə 347 dollara qədər düşəcəyi proqnozlaşdırılıb. Gələn növbəti 3 il ərzində "Qazprom” qazın 302 dollara qədər enəcəyini düşünür. Lakin indi də qiymətin 2018-ci ilə qədər 289 dollara qədər düşəcəyi gözlənilir”.

Vüqar Şahinoğlu