Abşeron rayonu, Saray qəsəbəsi ərazisində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.
İddialara görə, qardaş hamam otağında qardaşını öldürüb, ardınca pəncərəyə çıxaraq özünü aşağı atıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ailə binanın beşinci mərtəbəsinə yeni köçüb. Onlar ətrafda kifayət qədər sakit həyat tərzi sürmələri ilə tanınıblar.
Sosioloq Lalə Mehralı “Sherg.az”a bildirib ki, zənnimcə bu məsələdə bir səbəbə fokuslanmaq düzgün deyil:
“Valideynlərin uşaqlar arasında ayrıseçkilik etməsi qardaşın qardaşı öldürməsinə səbəb yaratmır. Ola bilər ki, aralarında heç cür həll edə bilmədikləri məsələ olub, yaxud o qədər də böyük məsələ olmayıb ancaq ani bir affekt halında baş verib. Yəqin ki, araşdırılaraq məsələnin səbəbi ortaya çıxacaq. Ancaq təəssüf ki, son vaxtlar ən xırda mübahisələrin belə ölümlə həll edildiyinin şahidi oluruq. İnsanlar ən sadə söz çəpləşməsini və mübahisəni qətl ilə həll etməyə çalışırlar. Bunun bir çox örnəyini göstərmək olar. Son illərdə çoxsayda ailədaxili zorakılıq, qətl hadisələri baş verib. Hətta ailəsində qətliam törədən insanlar belə olub. Zənn edirəm ki, belə insanlar üçün səbəbin nə olması əhəmiyyətli deyil. İstəyirlər və edirlər. Qətli törədərək intihar edən insanın psixoloji sağlamlıq məsələsidə ciddi formada araşdırılmalıdır”.