Sərnişin qatarında aşkar edilmiş biletsiz şəxs həmin qatarın göndərilmə stansiyasından biletsiz şəxsin göstərdiyi təyinat məntəqəsinə və ya stansiyasınadək qüvvədə olan tariflərə uyğun olaraq gediş haqqını ödəməklə gediş hüququnu əldə edir.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nda əksini tapıb.
Təsdiq olunan qaydalara görə, biletsiz şəxs gediş haqqını ödəməkdən imtina etdiyi halda daşıyıcının nümayəndəsi tərəfindən növbəti stansiyada və ya dayanacaq məntəqəsində qatardan düşürdülür.
Qaydalara əsasən, sərnişin aşağıdakı hallarda sərnişin qatarından növbəti stansiyada düşürülə bilər:
Polis tərəfindən - qatara minik zamanı və ya yol gedərkən gediş qaydalarını və ictimai qaydaları pozaraq digər sərnişinlərin təhlükəsiz daşınmasına maneə törətdikdə və onlar üçün narahatlıq yaratdıqda,
Tibb işçiləri tərəfindən - sərnişinin xəstəliyi ilə əlaqədar səfərini davam etdirməsi mümkün olmadığı və digər sərnişinlərin sağlamlığına təhlükə yaratdığı hallarda, həmçinin, qanunvericiliyə uyğun digər hallarda.
Qeyd edək ki, yaşayış məntəqələrindən kənarda yerləşən stansiyalarda və ya dayanacaq məntəqələrində biletsiz şəxsin sərnişin qatarından düşürülməsinə yol verilmir. Belə stansiyaların və dayanacaq məntəqələrinin siyahısı daşıyıcı tərəfindən müəyyən edilir.