Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində beş halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
"Sherg.az" Fövqəladə Hallar Nazirliyinin (FHN)mətbuat xidmətinə istinadən bildirir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 9 nəfərə müvafiq köməklik göstərilib.
Son vaxtlar liftlərdə yaran problemlərə tez-tez rast gəlirik. Bəs, bunun səbəbi nədir? Ümumiyyətlə, liftlərdə hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır?
Suallarımızı cavablandıran əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a açıqlamasında deyib ki, liftlərlə bağlı problemlər həssas və önəmlidir:
''Ölkəmizdə sovet dövründən qalan qaydalar hələ də istifadə olunur. Fikrimcə, liftlərlə əlaqədar qaydaların təkminləşdirilməsi vacibdir. Ona görə də müasir standartlara, beynəlxalq təcrübələrə əsaslanan qaydalar işlənməlidir. İndiki vaxtda ildə bir dəfə müvafiq qurumlar tərəfindən liftlərin təhlükəsiz istismarına baxış keçirilir. Həmin yoxlamalar Sovet dövründə qəbul edilən qaydalar əsasında keçirilir. Qəzaların böyük əksəriyyəti istismar müddəti bitən liftlərdə baş verir. Yeni liftlərdə isə yaranan problemlərin çoxu onların vaxtı-vaxtında yoxlamadan və texniki baxışdan keçməməsi ilə əlaqədardır. Bildiyiniz kimi, istismar müddəti bitən liftlərdən istifadə etmək qadağandır. Yeni liflərdə isə mütəmadi olaraq texniki dioqnastikalar aparılmalıdır. Texniki dioqnastikalar isə öz növbəsində tam, dövrü və qismən növlü yoxlamalara bölünür. Liftlərin təhlükəsiz istismarı üzrə məsul şəxslər təyin olunmalıdır. Onlar texniki müayinələrin təmiri işlərinə nəzarət etməlidirlər. Qəzalı vəziyyətdə olan liftlərin istismar edilməsinə görə, məsuliyyəti birbaşa MTK rəhbəri daşıyır. Liftlərin təmiri ilə bağlı xüsusi qeydiyyat kitabçaları olmalıdır. Liftlər quraşdırılarkən texniki normalara və layihələrə əməl edilməldir. Onların pasportları, sertifikatı, istehsal məlumatları və sınaqdan keçirilməsi ilə əlaqədar aktlar olmalıdır''.
Ekspert vurğulayıb ki, bəzi hallarda liftlər sınaqdan keçirilmədən quraşdırılır:
''Bu da böyük təhlükədən xəbər verir. Həmçinin, liftlərə xüsusi lisenziyası olan servis tərəfindən qulluq göstərilməlidir. Ona görə də həmin şirkətlə müqavilə bağlamaq lazımdır. Qeyd edim ki, bütün standartlara cavab verən liftlərdə qaldırıcı mexanizmlərdən əlavə, tutucular quraşdırılır. Bununla kabinenin enmə səviyyəsi normadan artıq olduqda tutucu işə düşür və kabineni saxlayır. Hətta, bu vasitə ilə sərnişinlərin zədələnmə ehtimalı çox aşağı olur. İldə bir dəfə aparılan yoxlamalar cidd və düzgün qaydada təşkil edilməlidir. Liftin daxilində davranış qaydaları ilə bağlı daima təbliğat və maarifləndirici tədbirlərinin aparılmasına gərək var. Çünki bir çox hallarda baş verən qəzaların səbəbi liftin normadan artıq yüklənməsidir. Bir sözlə, liftin çəkisi müəyyənləşdirilir. Daha sonra bununla bağlı liftin daxilində löhvə quraşdırılmalıdır".