Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramı

Yarışda ilk medallar iyulun 27-də sahibini tapacaq. Həmin gün idmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, küçə skeytbordinqi, üzgüçülük, suya tullanma, reqbi və atıcılıq üzrə mübarizə aparacaqlar.

Oxu.Az xəbər verir ki, Olimpiadanın sonuncu günündə - avqustun 11-də isə güləş, atletika (marafon), ağırlıqqaldırma, basketbol, ​​su polosu, trek velosipedi, pentatlon və həndbol üzrə medalların sahibləri bəlli olacaq.

Satışa 10 milyona yaxın bilet çıxarılsa da, 600 mindən çoxu satılmayıb.

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq. Futbol və reqbi görüşlərinə isə bu gün start veriləcək.

Qeyd edək ki, futbol yarışlarının açılış matçlarında Argentina millisi Mərakeşlə, İspaniya yığması isə Özbəkistanla üz-üzə gələcək. Reqbi üzrə açılış oyunu isə Avstraliya və Samoa kollektivləri arasında olacaq.