Bu ilin ilk altı ayı ərzində icbari tibbi sığorta hesabına hamiləliyin pozulması (abort) ilə bağlı 42 039 cərrahi xidmət göstərilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, hamiləliyin süni pozulması (abort) ilə bağlı müayinə və müdaxilələr icbari tibbi sığorta təminatına daxildir. Xidmət hamilə qadınların sağlamlığının qorunmasını və zəruri hallarda lazım olan tibbi müdaxilələrin vaxtında həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Həmin müddətdə olan abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.
Hamiləliyin pozulması icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həkim göstərişi əsasında icra olunur. Statistik göstəricilərə əsasən Bakı şəhərində qeyd olunan tibbi xidmət üzrə ən yüksək müraciət sayı Sabunçu Tibb Mərkəzi, Yeni Klinika, Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Abşeron Rayon Mərkəzi Xəstəxanası, rayonlar üzrə isə Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şəki Rayon Mərkəzi Xəstəxanası, Saatlı Rayon Mərkəzi Xəstəxanası və Tovuz Rayon Mərkəzi Xəstəxanalarına aiddir. Məlumat üçün bildirək ki, ginekoloji problemlər, dölün anomaliyaları, borudan kənar hamiləlik, hamiləlik zamanı ananın sağlamlığı üçün risklər kimi tibbi göstərişlərə əsaslanan hallarda hamiləliyin pozulması zəruri hesab edilir. Bu məqsədlə xüsusi medikamentoz vasitələrdən, kiçik cərrahi müdaxilə ilə həyata keçirilən vakuum aspirasiya və uşaqlıq boşluğunun cərrahi yolla təmizlənməsi olan küretaj üsullarından istifadə olunur. Müvafiq üsul, xəstənin vəziyyəti və hamiləliyin mərhələsinə uyğun olaraq ixtisaslaşmış həkim tərəfindən təyin edilir. Abortdan əvvəl və sonra aparılan obstetrik doppler müayinəsi, hamiləlik testi hormonu (HCG), ginekoloji USM (transabdominal və transvaginal), qan analizləri və biokimyəvi testlər icbari tibbi sığorta təminatına daxildir.
Maraqlıdır, qadınlara icbari tibbi sığorta vasitəsi ilə pulsuz abort edilmə şansı verilməsi abortların sayının artmasına səbəb ola bilər?
Məsələni dəyərləndirən Fəlsəfə doktoru, sosioloq Kifayət Ağayeva "Sherg.az"a bildirib ki, dünyada hər il təxminən 73milyon abort qeydə alınır və hər on hamiləlikdən altısı (61%)-i abortla nəticələnir:
''Zamanında, hamiləliyin 12-ci həftəsində müdaxilə olunan abort insan sağlamlığı üçün çox təhlükəli olmasa da, abortların 45 %-i qadınlar üçün hələ də təhlükə olaraq qalır. Dünyanın bir çox ölkələrində abort qanunla qadağan olunub. Bunun üçün insanlar böyük məbləğdə pul ödəyərək leqal olduğu ölkələrdə abort etdirmək məcburiyyətində qalırlar. Dünyada abortun leqallaşdırılması ilə bağlı proseslərə nəzər salsaq, cox paradoksal bir vəziyyətlə üzləşərik. Belə ki, əksər insanlar abortu qadınların öz hüquqları olduğunu israr etsələr də, bunun əksini düşünənlər də var. Qarşı tərəf aborta insan ölümü kimi baxır və bunun antihumanist olduğunu qeyd edirlər. Məsələn, ABŞ-da abort haqqında qanun ştatlara görə dəyişir. Abortların sayını azaltmaq üçün ən proqressive metod evlilikdən öncə reproduktiv funksiyadır. Reproduktiv azadlıq haqqında xüsusilə, bölgələrdə çoxsaylı pulsuz vörkşoplar keçirilməlidir ki, yeni ailə quran cütlük ailə planlaşdırılması haqqında məlumatlı olsun. İTS-nin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Bəzən imkansızlıq ücbatından tibbi müayinə etdirməyə imkanı olmayan xanımlar xəstə, “arzuolunmayan” uşağı dünyaya gətirmək və ya riskli doğuş etmək məcburiyyətində qalır. Abortı İTS ilə qarşılamaq qanunu Azərbaycanda yenidir. Fikrimcə,bu, hamiləlik dövründəki sonsuzluqla bağlı digər bahalı tibbi müayinələri, xidmətləri də qarşılasa, çox yaxşı olardı.
Mən abortların qəti əleyhinəyəm. Çünki bu da insan ölümüdür və bununla bağlı əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Abort istisna hallarda olmalıdır. Ümumiyyətlə, İTS tibbin hər bir bölümündə olsa, çox tədqirəlayiq addım sayılar. İTS abortu ya ana, ya da uşaq üçün risk olduğu təqdirdə qarşılasa yaxşı olar''.