6 aylıq maaş kompensasiyası da çıxış yolu deyil

Xəstəxanaların özəlləşdirilməsi lazımdır, amma işsiz qalacaq həkimləri də düşünmək lazımdır



Dünən Milli Məclisdə parlament komitələrinin birgə iclasında büdcə zərfi müzakirə edilib.
Müzakirələrə qatılan millət vəkili xəstəxanaların özəlləşdirilərək, həkimlərin işdən azad edilməsinin yolverilməz olduğunu deyib: "Özəlləşdirilməyə çıxarılan müəssisələr artıq məlumdur və burada bir sıra xəstəxanaların, xüsusən də, "Kaspar”, "Dəmiryol” xəstəxanasının və bir sıra ambulator xəstəxanaların özəlləşdirilməsi nəzərdə tutulur”. Dövlət tibb müəssisələrinin özəlləşdirilməsinin 3500 insanı işsiz qoyacağını vurğulayan millət vəkili deyib ki, bu xəstəxanaların özəlləşdirilməsi nəticəsində 3 min 500 həkim işsiz qalacaq:

"İndiki halda buna yol vermək olmaz. Ən azından həmin müəssisələr özəlləşməyə çıxarılanda
həkimlərə 3 aylıq kompensasiya verilməlidir. Problem ciddidir və hökumət bu müəssisələri
özəlləşdirən zaman məsələləri diqqətdə saxlamalıdır”.

Dövlət müəssisələrinin özəlləşdirilməsinin vətəndaşlar üçün faydalı olacağını deyən hüquqşünas
Ələsgər Məmmədlinin sözlərinə görə, bu qərar büdcənin üzərində olan izafi xərclərin azalmasına
səbəb olacaq: "Dövlət tibb müəssisələrinin əhəmiyyətli bir hissəsinin özəlləşdirilməsi büdcədə əlavə
vergi yığımına səbəb olacaq. Bu təklifə əsasən, daha az xərclə, daha keyfiyyətli fəaliyyət göstərmək
mümkündür. Düşünürəm ki, bu, şişirdilmiş xərclərin maksimum azalmasına səbəb olacaq”. Dövlət
tibb müəssisələrinin özəlləşdirilməsinin mənfi tərəflərinə toxunan hüquqşünas deyib ki, dövlət tibb
müəssisələrinin özəlləşdirilməsi zamanı monopoliyanın yaranmasına diqqət etmək lazımdır: "Əgər
belə olarsa, bu, böyük fəsadlar yarada bilər. Bunun yaranmaması üçün özəl tibb müəssisələrinə
vahid qiymət tərtib etmək lazımdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, dövlət tibb müəssisələrinin özəlləşdirilməsi
məsələsində əsas sual doğuran amil satışa çıxarılan xəstəxanaları kimlərin alacağıdır: 
"Dövlət xəstəxanalarının bəziləri şəhərin mərkəzi hissəsində yerləşir. Qanunda da nəzərdə tutulub ki,
özəlləşən müəssisələr 3 ildən sonra öz profilini dəyişə bilər. Kim zəmanət verə bilər ki, şəhərin
mərkəzində yerləşən xəstəxana özəlləşdiriləndən 3 il sonra sökülüb yerində çoxmərtəbəli binalar və
ya hansısa iaşə obyektləri tikilməyəcək?”.
Azərbaycanda dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində iştirak edəcək oyunçuların sayının
kifayət qədər məhdud olduğunu vurğulayan ekspert deyib ki, dövlətin konstitusion öhdəlikləri də
dövlət tibb müəssisələrinin özəlləşdirilməsi məsələsində müəyyən suallara yol açır: "Azərbaycan
Konstitusiyasında "tibb pulsuzdur” adlı maddə var. Əgər mərhələli şəkildə xəstəxanaların
özəlləşdirilməsi prosesi gedəcəksə, o zaman ölkədə yenidən referendum keçirilməli və həmin maddə
Konstitusiyadan çıxarılmalıdır. Hesab edirəm ki, özəlləşdirmədənsə, icbari tibbi sığorta məsələsinə
diqqət ayrılmalıdır. Bir çox ölkələrin səhiyyə sisteminin sığorta üzərində qurulması fonunda
ölkəmizdə icbari tibbi sığortanın olmaması təəssüf doğurur. Amma sevindirici haldır ki, illərdir
yığılıb qalan bu məsələdə nəhayət bu il bir balaca tərpəniş hiss olunur. Azərbaycanda icbari tibbi
sığorta problemi öz həllini tapacağı halda xəstəxanaların dövlət və ya özəl müəssisə olması heç bir
əhəmiyyət kəsb etməyəcək. Tibbi icbari sığorta vətəndaşların səhiyyə xərclərinin azalmasına, işsiz
insanların səhiyyə xidmətlərindən yararlanmasına köməklik göstərəcək. Bu sistem əhalinin istədiyi
səhiyyə müəssisəsində müalicə və müayinə olunmaq imkanı verəcək. Maddi imkandan asılı
olmayaraq hər kəs arzu etdiyi şəkildə müalicə ala biləcək”.

Xəstəxanaların özəlləşdirilməsi nəticəsində minlərlə tibb işçisinin işsiz qalması məsələsinə toxunan
iqtisadçınını sözlərinə görə, onların da sosial problemlərini həll etmək lazım gələcək ki, burada da
əsas yük dövlətin üzərinə düşəcək: "Bir neçə aylıq maaş kompensasiyası heç də problemdən çıxış
yolu deyil. Onsuz da həkimlərin rəsmi maaşı kifayət qədər aşağı səviyyədədir. Dövlət tibb
müəssisələri özəlləşməyə çıxarılanda həkimlərə lap 6 aylıq maaş kompensasiyası da versələr, xeyri
yoxdur. Verilən pul xərclənəndən sonra işdən çıxarılan həkimlərin taleyi necə olacaq? Ortadakifayət qədər açıq qalan suallar var. Dövlət isə bu suallara cavab olacaq bir mexanizm
hazırlamaqdansa, büdcənin yükünü azaltmağa, özəlləşmə yolu ilə bir çox xərcləri üzərindən
atmağa çalışır. Amma hansısa bir addım atmazdan əvvəl büdcənin yükü ilə yanaşı, vətəndaşların
sosial durumunu və dövlətin üzərinə götürdüyü öhdəlikləri də nəzərə almaq lazımdır”.

Şəymən